İnsan hansı hallarda affekt vəziyyətə düşür? - PSİXOLOQ AÇIQLADI
"Affekt halı insanın psixoloji vəziyyətinin anidən, kəskin dəyişməsidir və bu hal bir neçə dəqiqədən 1 saata qədər davam edə bilər. Bu hala düşən adam etdiyi davranışlara, hərəkətlərə cavabdeh olmur". Bu fikirləri SİA-ya açıqlamasında psixoloq Fəridə Şərifova bildirib.
Psixoloq qeyd edib ki, affekt halının yaranma səbəbləri müxtəlifdir. Affekt halı qəfildən yaranır və bir neçə dəqiqə davam edir. Affekt halı iki cürdür - patoloji və fizioloji. Fizioloji affekt halı qorxu, narahatlıq, əziyyət, ürək sıxıntısı ilə, patoloji affekt halı isə narkotik maddə qəbulu zamanı şizofreniya, depressiya halı şəklində özünü büruzə verir.
Patoloji affekt isə çox ağır keçir. Hesab olunur ki, bu vəziyyətdə olan adamın ağlı başında olmur. Bu cür vəziyyətə psixoloji travmaya səbəb olan hadisələr, digər şəxslərin davranışı, dediyi sözlər səbəb ola bilər. Affekt halında olan insanı idarə etmək olmur. Onlar çox aqressiv davranır və ətrafdakılar üçün təhlükə yaradır. Affekt vəziyyətində olan insan öz emosiyalarını, nitqini, hərəkətlərini idarə edə bilmir. Bu halda insan nə etdiyini anlamır, bəzi hallarda affekt vəziyyətindən sonra yaddaş itkisi də müşahidə olunur. Patoloji affekt halı tam psixi sağlam insanlarda da psixoloji travmalar nəticəsində yarana bilər.
Affekt halı 3 mərhələdə davam edə bilər. Affekt halının birinci mərhələsi psixoloji travmaya səbəb olan informasiyanı qəbul etdikdə başlayır. Affektiv gərginlik tədricən artmağa başlayır. İkinci mərhələ affekt halının pik nöqtəyə çatmasıdır. Bu zaman emosiyaların partlayışı baş verir. Bu fazanın əlamətləri tipikdir. İnsanda səslərin qəbul etməsi pozulur. Səslər sanki ya uzaqlaşır, ya da yaxınlaşır və güclənir. İllüziyalı qavrama müşahidə olunur, hallüsinasiyalar yaranır. Elə hallar olur ki, affekt vəziyyətinə düşən insan sayıqlayır, özünü hədsiz aqressiv və qəddar aparır. Affekt vəziyyətində insan baş verənləri və ola biləcək nəticəni obyektiv qiymətləndirə bilmir. İnsanın matorikasında da problemlər yarana bilər (ayaqlarında taqət itə, qulaqlarında küy yarana və hətta huşu da itə bilər). İkinci mərhələdən sonra affekt halının üçüncü mərhələsi başlayır. Bu mərhələdə insan baş verənlərə və ya etdiklərinə heç bir reaksiya vermir. Bu zaman insan çox pis vəziyyətdə olur. Onda ruh düşkünlüyü müşahidə olunur. Bir müddət heç kimlə ünsiyyət qurmaq istəmir.
Patoloji affektə düşən insanı daha da qıcıqlandırmaq, onunla mübahisə aparmaq olmaz. Yaxşı olar ki, affekt vəziyyətinə düşən insanı sakitləşdirməyə çalışasız. Nəzərə almaq lazımdır ki, şəxsiyyətin alçaldılmasına yönələn, psixoloji travmaya səbəb olan sözlər, hərəkətlər insanı affekt halına sala bildiyi üçün, bu cür hərəkətlərdən və sözlərdən uzaq durmaq lazımdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB