"Ölülər günü"nə həsr olunmuş "Tzompantli" adlı sərgi baş tutub - REPORTAJ - FOTOLAR
Ötən gün Xarici Dillər Universitetində Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin 2 Noyabr "Ölülər günü"nə həsr olunmuş "Tzompantli" adlı sərgi baş tutub. Qeyd edək ki, sərginin layihə rəhbərləri Elnurə və Aygün İsgəndərovalar olub.
Bildirək ki, sərginin açılış mərasimini Xarici Dillər Universitetinin rektoru Kamal Abdulla edib. O, rəssamları və gələn fəxri qonaqları salamlayaraq sərginin çox maraqlı olduğunu bildirib. Daha sonra rektor sözü Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Xuan Rodrigo Labardiniyə verib. Cənab səfir öncə Xarici Dillər Universitetinin rəhbərliyinə sərgidə dəstəyə görə təşəkkür edib. O, sərginin və əsərlərin möhtəşəm olduğunu bildirərək rəssamların gözəl çalışdıqlarını deyib. Həmçinin, artıq illərdir həyata keçirilən birgə uğurlu layihələrə görə Elnurə və Aygün İsgəndərovalara təşəkkür edib. O, digərləri kimi bu sərginin də uğurlu sərgi olduğunu qeyd edib.
Layihə rəhbəri Elnurə İsgəndərova çıxışında Xarici Dillər Universitetinin rektoru Kamal Abdullaya və müşaviri Anar Rəhimova sərginin təşkili üçün dəstəyə görə təşəkkürünü bildirib. O, sərgidə respublikanın müxtəlif bölgələrindən 140 rəssamın iştirak etdiyini qeyd edib.
Sərgidə fəxri qonaq olaraq Kuzey Kıbrıs Türk Cümhuriyetinin Bakı təmsilçisi Ufuk Turganer, Kuzey Kıbrıs Türk Cümhuriyetinin Bakı təmsilçiliyinin Mədəniyyət və Təhsil Ateşesi Tevfik Ulual, Xalq rəssamı Arif Hüseynov, millət vəkili Razi Nurullayev, məşhur aktyor Ramil Babayev, "Galeri" Sənət Mərkəzinin direktoru Mansur Əsgərli və s. iştirak edib.
Qeyd edək ki, iştirak edən bütün rəssamlar diplomla təltif olunublar. Eyni zamanda, qonaqlar Meksika mətbəxi ilə də tanış olublar.
Sərgidə Respublika İncəsənət Gimnaziyasının müəlliməsi Minə Məmmədova (tələbələri ilə), Sabunçu MSK-nin dərnək müəlliməsi Fərəh Babayeva, Azərbaycan Dövlət Pedaqoji Üniversitetinin müəllimləri Səmayə Rzayeva, Afər Fəttahova, Sevinc Hacıyeva, Bənövşə Ağayeva, Fialeta Babayeva, Ofeliya Sarıyeva, İdrak Novruzov, Elçin Mayılov, İslam Gülmalıyev, "EL Art" studiyanın rəhbəri Elnara İsgəndərova, "Al MART" Studiyanın rəhbərliyi Mariya Əliyeva və Almaz İdris (tələbələri ilə), " RM ART " Studiyanın rəhbəri Rəsmiyyə Mahmudova (tələbələri ilə), Nizami Gəncəvi adına kitabxana klubunun rəsm dərnəyinin rəhbəri Günel Aslanova (tələbələri ilə), Sumqayıt Dövlət Rəsm Qalereyasının müəllimi İntiqam Cəfərov, "Baku Talant Center"in müəlliməsi Elmira Məmmədova (tələbələri ilə), RF ART Studiyanın rəhbəri Fidan Rüstəmzadə (tələbələri ilə), Cəbrayıl rayon Qovşudlu kənd tam orta məktəbinin müəlliməsi Tofiqə Əliyeva, "SEDET ART" Mərkəzinin müəlliməsi Təranə Musayeva və digərləri iştirak edirdilər.
SİA sərgidən reportaj hazırlayıb.

Rəssam Nərmin Qarazadə bildirib ki, sərgi Latın Amerikasında, əsasən də Meksika, Qvatemala, Honduras və Salvadorda qeyd olunan, məqsədi ölüləri anmaq olan bayram olan "Ölülər Günü"nə həsr olunub. Adətə görə bu bayramın keçirildiyi günlərdə ölü kostyumlarında rəngarəng karnaval təşkil olunur. Müasir dövrdə hər il noyabrın 1 və 2-də qeyd olunur.
Məndə rəsmə maraq 7-8 yaşlarından başlayıb. Rəssamlıq sahəsində ilk addımlarımı “Xəmsə” kursunda atmışam. Rəsm müəllimim Vüsal Gülmalıyevdir.
Bu gün çəkdiyim rəsmə görə təltif olunacam. Qeyd edim ki, bundan əvvəl Qırğızıstan Səfirliyi və digər rəsm müsabiqələrində diplomlarla təltif edilmişəm. Ümumilikdə isə 7 sərgidə iştirak etmişəm. İndiyə qədər sərgilərdə xeyli rəsmlərim olub”.

Rəssam Durna Mastanzadə isə deyir ki, rəsmlərinə görə indiyə qədər iki dəfə diplomla təltif olunub: “İlk öncə qeyd edim ki, "Ölülər Günü", Hallovendən fərqli olaraq qorxutma məqsədli deyil. Burada olan skeletlər ölənlərə işarədir.
Ümumilikdə isə rəsmə böyük marağım var. Bu maraq məndə 8 yaşımdan olub. Bundan əvvəl Qırğızıstan Səfirliyi və Novruz bayramı ilə bağlı sərgidə diplomla təltif olunmuşam. Hər kəsə uğurlar arzu edirəm”.
Rəssam Məryəm Rzayeva bildirib ki, daha əvvəl Xətai Sənəd Mərkəzində Bahar ayı və Xocalı soyqırımına aid sərgidə iştirak etmişəm: “Bu bayramın tarixi ispanlara qədərki tarixi əhatə edir. Belə ki, onun başlanğıcının asteklərə aid olduğu məlumdur. Qədim asteklərin dövründə bayramda baş fiqur "Miktlantekuli" adlı "Cənab Ölü" hesab olunurdu. Həmin dövrlərdə adətən iyul-avqust aylarında keçirilərdi.
Qeyd edim ki, bu sərgilərin hər ikisində diplomla təltif olunmuşam. Rəsmə 10 yaşımdan başlamışam. Bunu mənə heçkim məsləhət görməyib. Çünki uşaqlıqdan özümdə çox böyük bir həvəs olub”.

Rəssam İnci Rzazadə deyir ki, o rəsmə ilk addımlarını 8 yaşında atıb: “Bu günə qədər 4 diplomum var. Onlardan biri Bahar bayramına, ikincisi Xocalı soyqırımına, üçüncüsü Qırğızıstan Səfirliyinə və digəri isə Şəhidlərimizin əziz xatirəsinə aiddir.
Qeyd edim ki, "Ölülər Günü" ilə bağlı bu ənənə 2008-ci ildə YUNESKO tərəfindən Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmişdir”.

Balaca rəssam Yusif Fridunbəyli söyləyib ki, o rəsmə 2 yaşından başlayıb: “Hal-hazırda 8 yaşım var. Bu sahəyə marağım var idi. Lakin rəsmlə məşğul olmağı mənə anam məsləhət görüb. İndiyə kimi bir çox rəsmlərim olub. Bu sərgidə də rəsmim var.
Həmçinin, bildirim ki, rəsm müəlliməm olan rəssam Elmira Məmmədova mənə bu sahənin sirlərin öyrədir. Buna görə ona çox təşəkkür edirəm”.

Balaca rəssam Nuray Mirzəyeva bildirib ki, 7 yaşı var: “Bu ildən rəsmlə məşğul oluram. Çox maraqlıdır. Məndə rəsmə olan marağı anam yaradıb. Bu sərgidə də rəsmim var”.

Balaca rəssam Aysu Quluzadə isə rəsmə ilk qədəmlərini 9 yaşında qoyduğunu deyib: “Rəsmə olan maraq özümdən qaynaqlanır. Düşünürəm ki, bu çox maraqlıdır. Rəsmlərimi böyük həvəslə çəkirəm. Sərgidə hər kəsə uğurlar arzu edirəm”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB