"İnformasiya resursları sağlam rəqabət aparmalıdırlar" - BƏHRUZ QULİYEV

“İnformasiya resursları tərəfindən xəbərlərin ilk mənbədən toplanması, istehsalı və yayılması prosesinin özünəməxsus üslub və qaydaları var. Kifayət qədər təcrübəsi, səriştəsi olan xəbər agentlikləri bu işin öhdəsindən asanlıqla gələ bilir. Xəbərlərin ilk mənbədən alınmasından oxucuya çatdırılmasına qədər olan prosesin bütün məsuliyyətini də daşıyır. Amma informasiya məkanında heç də hər media orqanı bu çətinliyin öhdəsindən gələ bilmir”. Bunu SİA-ya açıqlamasında SƏS Media Qrupun rəhbəri Bəhruz Quliyev deyib.

B.Quliyev qeyd edib ki, “Media haqqında” yeni qanunda da bu barədə kifayət qədər maddələr var ki, xəbər istehsalçıları sağlam rəqabət və ədalət prinsipini qorumaq şərti ilə bütün bunlara ciddi əməl etməlidirlər: ““Medianın İnkişafı Agentliyi” də informasiya istehsalı zamanı ortaya çıxan suallara cavab verən müxtəlif maarifləndirici tədbirlər həyata keçirir, videoçarxlar hazırlayır. Amma elə saytlar var ki, bütün göstəricilərinə - həm redaksiya kollektivinin sayına, həm texniki imkanlarına, həm də yetərli sayda informasiyanın hazırlanmasında problemlər yaşayır, qarşıya qoyulan tələblərin yerinə yetirilməsi üçün cəhdlər etmirlər. İşlərini yalnız başqa agentlik və saytların istehsal etdiyi xəbərləri mənimsəyərək, onu sosial şəbəkələrdəki səhifələrində tirajlayaraq oxucu sayını artırmaqla bitmiş hesab edirlər. Yeri gəlmişkən, onu da xüsusi olaraq qeyd edək ki, başqa saytlardan köçürülmüş xəbərlər sosial şəbəkələrdə “sensasiya” adı altında paylaşıldığına görə, daha çox oxucu kütləsi toplaya bilir. Halbuki ciddi xəbər agentliklərinin saytlarında dərc olunan həmin xəbərin oxucusu bir o qədər olmur. Bu da təbii ki, ədalətsizlik, qeyri-ciddi rəqabətdir. İnformasiya resursları sağlam rəqabət aparmalıdırlar. Ciddi informasiya resursarının istehsal etdiyi xəbərləri özününküləşdirərək müxtəlif variantlarla, o cümlədən sosial şəbəkələrin imkanlarından istifadə edərək oxucu sayını süni şəkildə artırmaqla reytinq toplamaq da sağlam rəqabət sayıla bilməz. Əsas məsələ informasiyanın olduğu kimi və vaxtında verilməsidir. Bu baxımdan ciddi informasiya resursları rəqabətdə öndə olmağa layiqdirlər. Neqativ hallara qarşı da tədbirlər görülməlidir. Media İnkişaf Agentliyinin informasiyaların sayı ilə bağlı tələbləri pozan saytlara qarşı hər hansı tədbir görməsi tam qanunauyğundur. Bu barədə artıq uzun müddətdir ki, danışılır, təşviqat xarakterli söhbətlər edilir. Əsas məqsəd də informasiya məkanını yeni xəbərlərlə zənginləşdirmək, media orqanlarında çalışanların peşəkarlıq səviyyəsinin artırılmasıdır. Yenə təkrar edirəm ki, bu, sağlam rəqabət üzərində qurulmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə