Son illər ekoloji problemlərin kəskinləşməsi ilə meşələrimizdə yanğınların artmasına səbəb olub. Meşələrimiz bizim üçün “Oksigen Fabriki” rolunu oynamaqla yanaşı, iqlimin tarazlanmasında da rolu böyükdür. Eyni zamanda, estetik xüsusiyyətləri ilə mənəvi sakitlik tapmaq üçün əvəzsizdir.
Hər il minlərlə hektar meşələrimiz yanır. Meşə yanğını canlı bitki və heyvan örtüyünü məhv edən, qismən və ya tamamilə yanaraq sərbəst yayıla bilən yanğındır. Bu yanğınlar əhali tərəfindən ehtiyatsızlıq, səhlənkarlıq və ya qəsdən törədilir. Meşə yanğınlarına ildırımlar, vulkan püskürmələri və həddindən artıq temperatur kimi təbii hadisələrdən, bəzən də insanların atdığı siqaret kötükləri və ya şüursuz yandırılan odlar səbəb olur.
İnsanların səbəb olduğu səhlənkarlıq və ehtiyatsızlıq meşə yanğınlarının ən çox yayılmış səbəblərindəndir. Meşə ərazilərinə atılan tullantılar, meşədə gəzintilərdə qalan zibillər və yandırılan odlar yanğınların baş verməsində əsas faktordur.
Havaların istiləşməsi, quraqlıq şəraiti, quraqlığın artması və yanğın mövsümünün uzanması meşə yanğınları riskinin artmasının səbəblərindəndir.
İqlim dəyişikliyi və istilərin artması bitkilərin daha asan alışmasına, torpağın daha da qurumasına səbəb olduğu üçün yanğınlar daha asan çıxır.
Review of Geophysics elmi jurnalında dərc olunan son məqalələrə görə, yüksək enliklərdə meşəlik ərazilərdə yanmış sahələr bu əsrin əvvəlindən ən azı 50 faiz artıb. Hava istiliyinin hər il yüksəlməsi ilə idarəolunmaz yanğın probleminin daha da artacağı gözlənilir.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Ətraf Mühit Proqramının bu ilin əvvəlində açıqladığı hesabata görə, qlobal miqyasda “fövqəladə yanğınların” 2030-cu ilə qədər 14 faiz, əsrin sonunda isə 50 faiz artacağı gözlənilir.
Bununla belə, bir vaxtlar ekosistem üçün kritik əhəmiyyət kəsb edən yanğınların indi daha tez-tez və şiddətli xarakter alması ilə bağlı narahatlıq artır.
ABŞ-ın Qlobal Dəyişiklik Tədqiqat Proqramının 2017-ci il hesabatında qeyd olunub ki, son illərdə meşə yanğınlarının aktivliyində ciddi artım müşahidə olunub.
İqlim dəyişikliyi meşə yanğınlarına səbəb ola biləcək isti, quru hava riskini artırır. Gələcək nəsillərin meşələri azalır. Karbon və oksigen tarazlığı oksigenə qarşı pozulduğu üçün atmosferdə yığılan karbon qazının artıqlığı iqlim dəyişikliyinə səbəb olur. Ekoloji tarazlıq pozulur. Bu isə gələcək illər üçün dünyamızın böyük təhlükə ilə üz-üzə olduğundan xəbər verir.
Meşə yanğınları Azərbaycanı da cənginə alıb. Avqust ayında ölkənin dörd rayonunda (Qəbələ, Şabran, Quba və Siyəzən) bir anda meşə yanğınları başladı. Səbəb isə yay aylarının isti keçməsidir. Yanğınlarla mübarizəni çətin relyef və yanğını daha da genişləndirən güclü külək də çətinləşdirir. Yanğının söndürülməsi üçün amfibiya təyyarələri və helikopterlərdən istifadə olunub, çoxlu sayda yanğınsöndürən, xilasedici və könüllülər çalışır. Statistikaya əsasən, 2021-ci ildə Azərbaycanda 41 meşə yanğını baş vermişdi.
Azərbaycanın coğrafi ərazisinin meşə fonduna ayrılan hissəsinin 95 faizi dağlıq ərazilərdə yerləşir. Bunun da 49 faizi Böyük Qafqaz, 34 faizi Kiçik Qafqaz dağları, təxminən 14-15 faizi Talış dağları və yerdə qalan 5 faizi isə Aran rayonlarının payına düşür. Həmin statistikaya uyğun olaraq da yanğınlar daha çox dağ meşələrində baş verir. Dünən 22 avqust isə Şəki rayonunun Kiş kəndi yaxınlığında meşə ərazisindəki kolluq sahənin yandığını Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirib.
15 avqust tarixində Qəbələ rayonunun Abrıx və Tikanlı kəndləri yaxınlığında və Tufandağ ərazisində təqribən 4 hektar ərazidə kol-kos və qurumuş ağaclar, eləcə də Xaçmaz rayonunun Sibiroba kəndi yaxınlığındakı əkin yerlərində və meşə massivində ümumilikdə 32 hektar ərazidə biçilmiş taxıl sahəsi, kol-kos və qurumuş ağaclar yanıb.
Dünyada meşə yanğınları
Avstraliyada
2019-cu ildə və 2020-ci ilin əvvəlində Avstraliyada baş vermiş dağıdıcı meşə yanğınları vəhşi təbiət üçün ən dəhşətli fəlakətlərdən birinə çevrilib. Avstraliyada meşə yanğınları təxminən üç milyard heyvanın tələf olmasına və ya məcburi köçməsinə səbəb olub. Yanğınlardan 2,46 milyard sürünən, 180 milyon quş, 143 milyon məməli və 51 milyon qurbağa zərər çəkib. Çox güman ki, alovdan qaça bilən heyvanlar da məhv olub. Çünki bu yanğın onların qida mənbələrini məhv edib.
Nəsli kəsilmək təhlükəsi altında olan 100 növ yerli bitki və heyvanat aləminin yaşayış sahələri iki dəfə azalıb. Bundan əvvəl yanğınlardan daha çox zərər çəkmiş şərqi Yeni Cənubi Uels və Viktoriya ştatlarında bir milyard heyvanın tələf olması barədə məlumat verilib.
2019-cu ilin sonlarında və 2020-ci ilin əvvəllərində baş vermiş yanğınlar bütün Avstraliya üzrə 115 kvadrat kilometrdən çox meşə və kolluq ərazini məhv edib. Yanğınlar nəticəsində 30 nəfər ölüb, minlərlə ev dağılıb.
“Bu, müasir Avstraliya tarixində ən uzun sürən yanğın idi. Alimlər bunun baş verməsini iqlim dəyişikliyi ilə əlaqələndirirlər. Qlobal istiləşmə Avstraliyanın yayını uzadaraq onu daha təhlükəli edib”, - deyə “Al Jazeera” xəbər verir.
Son vaxtlar aparılan hesablamalara görə, Avstraliyada yanğınların baş verdiyi ərazilərdə heyvanların sayı 10 dəfə azalıb.
Avropada
Bildirilib ki, bu ilin əvvəlindən Avropa Birliyi ölkələrində meşə yanğınlarının sayı eyni dövr üçün 15 illik orta göstəricidən təxminən 4 dəfə çoxdur. Avropada rekord istilik dalğası davam edərkən, İspaniya, İtaliya, Portuqaliya, Yunanıstan, Fransa və Almaniyada baş verən meşə yanğınları nəticəsində minlərlə hektar ərazi külə dönüb.
ABŞ-da
ABŞ-da ən böyük aktiv meşə yanğını Yosemit Milli Parkı yaxınlığında sürətlə yayıldığı üçün Kaliforniyanın bəzi yerlərində fövqəladə vəziyyət elan edilib. Yanğının söndürülməsinə 400-ə yaxın yanğınsöndürən və dörd helikopter cəlb edilib.
Türkiyədə
2021-ci ilin iyul-avqust aylarında Türkiyənin cənub regionlarındakı meşələrdə baş vermiş ölkə tarixindəki ən pis meşə yanğınları mövsümü. Böyük qismi Aralıq dənizi, Egey, Mərmərə ve Cənub-şərqi Anadolu regionlarındakı 47 ildə yaranmış 239 meşə yanğınında 9 nəfər həyatını itirmiş, yüzminlələ hektar meşə və yaşayış yeri külə dönmüş və minlərcə heyvan tələf olmuşdur.
Meşə yanğınları 28 iyul 2021-ci il tarixində ilk olaraq Antalyanın Manavqat ilçəsində, təxminən 37 °C (99 °F) temperatur ilə başlamışdır. Yanğın küləyin və isti hava temperaturunun da təsiri ilə yaşayış yerlərinə sıçramışdır. 30 iyul tarixində Adana, Osmaniyyə, Mersin və Kayseri daxil olmaqla ümumilikdə 17 ərazidə eyni vaxtda yanğın baş vermişdir.
1871-ci il, Çikaqo yanğını...
"Böyük Çikaqo yanğını" olaraq tarixə düşən dəhşətli meşə yanğını 8 oktyabr 1871-ci ildə baş verib. İki gün davam edən, şəhərin cənub-qərb bölgəsini əhatə edib. Hadisə nəticəsində 300 nəfər həlak olub, 100 min insan evsiz qalıb. 17 mindən çox bina dağılıb. Ölkəyə təxmini 200 milyon dollar ziyan dəyib.
SİA mövzu ilə əlaqədar ekoloqların fikrini öyrənib.
"Ekoloq-Jurnalistlər" İB sədri Cəmşid Quliyev bildirib ki, meşə yanğınları ölkəmizdə hər il baş verir: “Əvvəlki illərin yanğınlarına diqqət etsək görərik ki, bu il əvvəlki yanğınlardan çox deyil. Yanğınların müxtəlif səbəbləri olur. Bəzən meşə yanğınları havanın həddən artıq isti keçməsinə görə ağacların yarpaqlarının hədsiz qurumasından sonra alovlanması ilə nətiəcələnir. Anomal istilərin müşahidə olunduğu regionlarda belə yanğınlar yaranır. Meşə yanğınları bəzən də turist kimi istirahət etmək istəyən insanların meşədə ocaq qalaması və ya siqaret kötüyünü yerə atması nəticəsində olur. Bu məsuliyyətsiz davranış nəticəsində ot və kollar yanır, alov ağaclara keçməsi ilə daha da böyüyür. Meşə yanğınlarının səbəbi hər zaman eyni olmur. Bəzən insanların qəsdən və ya bilmədən meşədə od yandırması da səbəb olur. Bu, cinayət aktı olaraq qəbul edilir. Qəsdən meşə yandırma halları ilə cinayət məsuliyyətinə cəlb edilir. Ötən gün kəndlinin qəsdən meşəyə od vurması videosu yayılmışdı. Əslində isə, videoda aydın görünürdü ki, şəxs öz həyətyanı sahəsini təmizləyərkən, topladığı bitki qalıqlarını, kol-kosu yandıraraq təmizlik həyata keçirir. Gedən zaman alovu yaxşı söndürməyib, gecə küləyin artması ilə közlər alovlanıb yenidən yanğının davam etməsinə səbəb olub. Göründüyü kimi, bir çox hallarda ehtiyatsızlıqdan və ya qəsdən meşə yanğınları baş verir”.
Mövzu ilə bağlı SİA-ya fikirlərini bölüşən ekoloq Telman Zeynalov bildirdi ki, meşə yanğınları hər il bütün dünyada baş verir: “ Düşünürəm ki, meşədə rütubət olduğundan iqlim dəyişikliyi və ya isti hava meşə yanğınlarına səbəb olmur. Son zamanlar baş verən meşə yanğınlarının yaranma səbəbinin çoxu qəsdən törədilmiş meşə yanğınlarına aiddir. Meşələrdə 95 faiz rütubət olduğundan iqlim dəyişməsi meşədə yanğın törədə bilməz. Bu qəsdən və ya etinatsızlıq səbəbilə baş verir”.
Diqqətsizlik və səhlənkarlıq ucbatından hər il hektarlarla meşələr qısa müddətdə yox olur. Meşə yanğınları nəticəsində meşələrimiz kül olur.
Xüsusilə havanın temperaturunun ən yüksək həddə çatdığı yay aylarında meşə yanğınları da artır. Həm təbii həyata, həm də ekosistemə mənfi təsir göstərən meşə yanğınlarının qarşısını bu tədbirlərlə ala bilərsiniz.
Ehtiyatsızlıq nəticəsində baş verən meşə yanğınları
1. Heç bir təhlükəsizlik tədbiri görmədən meşədə od qalamaq
2. Odu sönmədən qoyub getmək
3. Sönməyən siqaret kötüklərini və kibritləri yerə atmaq
4. Meşədə və ya ona bitişik sahələrdə arzuolunmaz otların və ya küləşlərin yandırılması
5. Gecə işıqlandırması üçün odla meşədə gəzmək
6. Meşədə şüşə və qırıqlar qoyub
Qəsdən meşə yanğınları
1. tarlaları və ya otlaqları genişləndirmək üçün meşənin qəsdən yandırılması
2. Meşədə qeyri-qanuni görülən işləri gizlətmək üçün yanğınların yaradılması
3. Kimdənsə qisas almaq və ya nəyisə təxribat etmək üçün od yandırmaq
4. Vəhşi heyvanları uzaqlaşdırmaq və qovmaq üçün yanğınlar başlatmaq
Meşə yanğınlarının baş verməməsi və ekosistemin pozulmaması üçün odla davranarkən ehtiyatlı və məsuliyyətli olmalı, əgər yanğın baş verərsə, dərhal aidiyyatı üzrə qurumları xəbərdar etməliyik. Unutmayaq ki, meşələrimiz oksigen mənbəyi olmaqla yanaşı, bir çox heyvanın evidir. Meşə yanğınları onların da həyatını təhlükəyə atır. Eyni zamanda, bir çox heyvan meşə yanğınlarında tələf olması nəsillərinin tükənməsinə və ya azalmasına səbəb olur.
Planetimizin ağ ciyərlərini qoruyaq. Meşələrin yanması həm bitki, həm də heyvanların məhvi deməkdir. Meşə yanğını atmosferin, insan həyatının məhvidir. Bu mənada, meşə yanğınları ilə bağlı daha çox bilgiyə sahib olmalı və insanların da daha çox məlumatlanmasına şərait yaratmalıyıq.
Qönçə Quliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə