İnsanı yetişdirən mühitdir? - PSİXOLOQ AÇIQLADI

“İnsanın formalaşmasında mühitin rolu danılmazdır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Zeynəb Eyyubova deyib.


Psixoloq sözlərinə belə davam edib: “Uşağın ilk gündən etibarən içində böyüdüyü ailə mühiti onun şəxsiyyətinin, dəyərlərinin, davranışlarının və emosional reaksiyalarının bünövrəsini qoyur. Psixologiyada tez-tez rast gəlinən bir ifadə var: “Uşaq ağ kağız kimidir, üzərinə yazılanlar gələcək həyatını müəyyən edir.” Bu yazılanlar isə əsasən onun yaşadığı mühitdən – ailədən, cəmiyyətdən, məktəbdən, dost çevrəsindən və sosial təcrübələrdən gəlir.

Mühit yalnız fiziki məkan və ya coğrafi əhatə dairəsi deyil. Mühit dedikdə emosional, psixoloji və sosial təsirlər də nəzərdə tutulur. Məsələn, sevgi dolu bir ailədə böyüyən uşaq özünü dəyərli hiss edir, özünə inamı güclü olur. Əksinə, zorakılıq, laqeydlik və ya təzyiqlə dolu mühitdə yetişən uşaqda travmalar, qorxular və özünü ifadə etməkdə çətinliklər çəkir.

Lakin burada genetikanın da rolunu inkar etmək olmaz. Genetik faktorlar insanın temperamentini, bəzi davranış meyillərini və psixoloji həssaslıqlarını müəyyən etsə də,potensialın necə inkişaf edəcəyi və hansı istiqamətə yönələcəyi daha çox mühitdən asılıdır. Başqa sözlə, genetik potensial mühitdə formalaşır və həyatda öz yolunu tapır.

Nəticə olaraq, insanın necə bir şəxsiyyətə çevrilməsində mühitin rolu çox böyükdür. Bu səbəbdən valideynlərin, tərbiyəçilərin və ümumiyyətlə cəmiyyətin hər bir fərdinin uşaqlara qarşı davranışı onların gələcək həyatını formalaşdırmaqda əsas amillərdəndir. Sağlam, sevgi dolu və dəstəkləyici bir mühit insanın psixoloji inkişafı üçün ən güclü təməli daşıyır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə