Mentalitet nədir? - CƏMİYYƏTİN BAXIŞI

Mentalitet (latın dilindən mens və ya mentis - ruh, ruh (daha dar mənada - ağıl)) - sosial və ya etnik qrupa, millətə, insanlara, milliyyətə xas zehni, emosional, mədəni xüsusiyyətlər, dəyər yönümləri və münasibətlər toplusudur. Bu termin tarix elmində yaranıb, lakin indi psixologiya və sosiologiyada tez-tez istifadə olunur. Zehniyyət anlayışı müəyyən bir qrup insanları xarakterizə edən münasibətləri, qiymətləndirmələri, dəyərləri, davranış normaları və əxlaqı, zehniyyəti, dini mənsubiyyəti və digər bir çox nüansları əhatə edir. Bəs müasir dövrdə mentalitet dedikdə nə başa düşülür? Ümumilikdə cəmiyyətimizdə mental dəyərlər hansı formada təzahür edir və s. Bütün bu sualların cavabını tapmaq məqsədi ilə SİA paytaxt sakinləri arasında sorğu keçirib.

Şəhər sakini Güldəniz Qocayev: “Mentalitet hər bir xalqın mədəniyyətinin göstəricisidir. Hər bir xalqın özünəməxsus mental dəyərləri var. Hətta deyərdim ki, insan uşaq olanda ailədə necə tərbiyə alırsa, həmin uşaqdakı mental dəyərlər də o cür formalaşır. Fikrimcə, mentalitet mövzusunda cinsi ayrıseçkilik etmək olmaz. Yəni bu elə faktordur ki, istər kişi, istərsə də qadın hər ikisinə aiddir. Mental xüsusiyyətlər çox incə bir məsələdir. Hər bir millət öz xalqının mental dəyərlərinin daşıyıcısıdır”.

Şəhər sakini Dəniz İsmayılova: “Hər bir xalqın öz həyat fəlsəfəsidir mentalitet. Mental dəyərlər insanın öz davranışına və mədəniyyətinə də yansıyır. Bir sözlə desək, mentalitet hər bir insanın həyat tərzidir. Təbii ki, mentalitet elə bir şeydir ki, hər kəs onu fərqli anlayır və həyata keçirir. Düşünürəm ki, indiki dövrdə öz mental dəyərlərinə diqqət edən insanların sayı çox deyil”.

Şəhər sakini Rafiq Həmidov: “Mentalitet elə bir məfhumdur ki, ona ümumi bir tərif vermək çox çətindir. Çünki bu, elə bir anlayışdır ki, hər kəs istədiyi kimi bu anlayışı öz həyatında əks etdirir. Məncə bu anlayış keçmiş zamanlardan bu günümüzə kimi gəlib çıxıb. Bu anlayış kişilərə də, qadınlara da aiddir. Fikrimcə, insanın əxlaqı, tərbiyəsi, özünü aparmaq üsulu onun xarakterindən asılıdır. Yəni bu saydığım amillər onun mental dəyərlərindən deyil, sırf özündən asılıdır”.

Şəhər sakini Zəminə Əliyeva: “Mənim fikrimcə, Azərbaycanda mentalitet anlayışı insanın tərbiyəsi və davranış kodeksləri nəzərdə tutulur. Düşünürəm ki, mentalitet deyəndə ən birinci əxlaqi davranışlar yada düşür. Bütün ölkələrə nəzər salsaq görərik ki, ən gözəl mental dəyərlər məhz bizim ölkəmizdədir. Düzdür, indiki zəmanədə gənclərimiz bizim ölkəmizə və torpağımıza xas olmayan hərəkətlər edirlər. Misal olaraq mən hər gün “Sahil bağı”-na gəlirəm və gündəlik olaraq bu parkda baş verənlər məni dəhşətə gətirir. Yəni burada baş verənlər bizim xalqımızın övladlarına yaraşan bir hərəkət deyil. Gənclərimiz Avropa ölkələrinin yaxşı xüsusiyyətlərini özlərində aşılamaqdansa, harada pis bir xüsusiyyət varsa, onu özlərinə örnək götürürlər”.

Şəhər sakini Cəmalə Rzayeva: “Mentalitet deyərkən ilk olaraq ağlıma insanların düşüncə tərzi gəlir. İndiki zəmanədə yaşlı insanlarla bizim nəslin fərdlərinin düşüncələri tamamilə fərqlidir. Misal olaraq indiki dövrdə yaşlı nəslin çoxu bizim geyindiyimiz geyimləri bəyənmirlər. Bunlar da təbii ki, keçmiş dövrdən gələn mental dəyərlərdən irəli gəlir”.

Şəhər sakini Şəhri Məmmədova: “Mən düşünürəm ki, zamanə dəyişsə belə mental dəyərlərimiz itməməlidir. Düzdür bəzi insanlar var ki, çox qatı bir şəkildə mental dəyərlərə önəm verirlər. Təbii ki, bu da doğru deyil. Amma hər şey öz normasında gözəldir. Məni incidən ən önəmli hissə isə qadınlarımızın daha çox əzilməsi, gender bərabərliyinə önəm verilməməyi, qadınlarımızın şiddətə və təcavüzə məruz qalmalarıdır”.

Şəhər sakini Fuad Qurbanov: “Mentalitet bizim mənəvi dəyərlərimiz, qeyrətimiz, namusumuz, əxlaqımızıdır. Azərbaycan öz milli dəyərlərinə görə bütün ölkələrdən fərqlənir. Ölkəmizdə mentalitet kişilərə bəzən aid edilir, bəzən isə aid edilmir. Təbii ki, bu da mental dəyərlərimizdən irəli gəlir. Keçmişdə necə ki, kişilərin sözünə daha çox önəm verilirdi. Lakin indi isə hər şey dəyişib.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə