“Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır” adlı sərgi olub

26 İyun – Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günüdür. Müasir dövrümüzdə insanlıq üçün böyük bəla olan narkomaniya bütün dünyada geniş yayılmışdır. SİA xəbər verir ki, narkomaniya ilə bağlı problemləri daim ictimaiyyətin nəzarəti altında saxlamaq məqsədilə BMT iyun ayının 26-nı Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü elan etmişdir.

Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və narkomaniya bu gün dünyanı narahat edən əsas problemlərdən biridir. Bu problemin vurduğu zərərin həcmi çox böyük olmaqla həm narkotik istifadəçisinin şəxsiyyətinin deqradasiyasına, həm də onun müxtəlif cinayətlər törətməsinə, həmçinin cəmiyyətin maddi-texniki və intellektual potensialının aşağı düşməsinə, genefondun pisləşməsinə və bir çox mənfi hallara gətirib çıxarır. Eyni zamanda, cinayətkarlığın artmasına səbəb olan narkotiklərin qanunsuz dövriyyəsi terrorizmin maliyyə mənbəyi olmaqla beynəlxalq təhlükəsizliyə ən ciddi təhdidlərdən biridir. Bu baxımdan dünya dövlətləri narkomanlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə üsullarını daha da təkmilləşdirir, habelə beynəlxalq səviyyədə müvafiq nəzarət sisteminin tətbiqi sahəsində səylərini artırırlar.

Ölkə ərazisində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə sahəsində hüquqi məsələləri tənzimləyən qanunvericilik bazasının yaradılması və bu bazanın dəyişən şəraitə və tələblərə uyğunlaşdırılması Azərbaycan dövlətinin əsas fəaliyyət istiqamətlərindən biri olmuşdur.

26 iyun – Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə mövzu ilə əlaqədar fotolar, kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Narkomaniyaya_qarsi_Mubarize_Gunu/index.htm linkindən istifadə edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...