Hanı yazıçılar, şairlər, rejissorlar, bəstəkarlar, rəssamlar... - TƏHLİL + TƏKLİF

Hanı əsərlər, şeirlər, filmlər, mahnılar, rəsmlər...

Hadisə... bu altı hərfin birləşməsi gözlərimiz önündə sadə bir sözü yaratsa da, qulaqlarımızda sadə bir sözü səsləndirsə də, məna etibarilə o qədər sadə və kiçik deyil, mənasına, özündə ehtiva etdiklərinə görə dünya boydadır. Hadisə başlanğıcdır. Özündən sonra yarananların, yaradılacaqların başlanğıcıdır. Hadisə taledir, yaşanan alın yazısıdır. Hadisə dastan, roman, poema, povestdir. Hadisə şeirdir, bayatıdır, alqışdır, qarğışdır. Hadisə film, tamaşadır. Hadisə musiqidir, qulaqlara axaraq ya səni rəqsə, ya da bir küncə çəkilib dərdlərinlə baş-başa qalmağa dəvət edəndir. Hadisə həyatdır... Milyonlarla insan, milyonlarla alın yazısı, milyonlarla acıdır və bir o qədər də şirindir...

2020-ci ilin payızında 44 günlük İkinci Qarabağ Müharibəsi də hadisəydi, həm də böyük bir hadisə. 30 ilin kədəriydi, acısı, qəhəriydi. Torpaq, ocaq, yurd təşnəsiydi. Namus, şərəf məsələsiydi. Təbiətin möcüzəsiydi, görünməmiş hadisə idi, payızın bahara çevrilməsiydi. Üç minədək balamızın şəhadəti, minlərlə oğullarımızın sağlamlığını itirməsiydi. Müharibə idi. Qonşuluqdan kənar olmuş qonşumuzun 30 il əsarətində saxladığı torpaqlarımızın azadlığı uğrunda müharibə idi. Bütün xalqın ayağa qalxdığı, Ali Baş Komandanın əmrini səbrsizliklə gözlədiyi hadisə idi. Hər kəsin cəbhəyə yollanmaq arzusunun hadisəsi idi. Düşmən od yağan silahlarını cəbhədən çox uzağa-rayonlarımıza, insanların yaşadığı ərazilərə tuşlayanda minlərlə həmyerlimizin təhlükəsi hadisəsi idi. Onların vətənpərvərlik hissi ilə evlərini bir saat da tərk etmədikləri, “ölsək də evimizdə öləcəyik, cəbhədəkilərdən artrıq deyilik ki...” qürurunun hadisəsi idi.

44 gündə bir-bir torpaqlarımızın işğaldan azad edilməsi hadisə idi. Üçrəngli bayrağımızın azad torpaqlarda dalğalanması, igidlərimizin şücaəti, qəhrəmanlığı, Vətən, torpaq üçün canlarından keçmələri, gəncliyimizin mənəvi ucalığı hadisə idi. Hər bir şəhid, hər bir qazi, onlara ana olan payız, payızın hər bir yarpağı hadisə idi... Gözü yolda balasını gözləyən hər bir ana-ata, nişanlısını gözləyən qız, həyat yoldaşını gözləyən qadın, atasını gözləyən övlad, hələ doğulmamış körpələrin hər biri hadisə idi.

Böyük Zəfərimiz ən böyük hadisə idi. Bir qərinəyədək qaçqın, köçkün, didərgin statusu ilə yaşayanların yurdları azad olunduqca gözlərindəki sevinc yaşları hadisə idi. Minalardan təmizlənməkdə olan torpaqlara gedə bilməyib son nəfəsində “yurdum”,- deyib, lakin qələbə göz yaşları axıdan ağbirçək nənə, ağsaqqal baba hadisə idi.... Hər gün şəhid qarşılayan, sinəsi dərdli ana-bacılar, beli bükük ata-qardaşların nisgili hadisə idi. Belə isə...

Hadisə yaradıcılıqdır...

Həyatımızda, ətrafımızda baş verən hadisələrin hər biri bir yaradıcılıq mövzusudur. Biz İkinci Qarabağ Müharibəsinin birincisini-Birinci Qarabağ Müharibəsini də 30 il bundan əvvəl yaşamışdıq, həm də illərlə. Onun da hər anı hadisə idi. Kitablar yazıldı, bədii, sənədli filmlər çəkildi, şeirlər yazıldı, mahnılar bəstələndi. Çox sayda olmasa da, hadisələrə mühasibət bildirildi. Yəqin ki, çoxlu kitab oxuyanlar, bədii film seyr edənlər, mahnı dinləyənlər məni yaxşı anlayarlar. Adam elə bir kitab oxuyur ki, həftələrlə təsirindən çıxa bilmir. Elə filmə baxır ki, göz yaşlarını saxlaya bilmir. Elə mahnı dinləyir ki, sanki ürəyinin axıb getdiyini hiss edir. Düzdür bu bənzətmələrdə olduğu kimi kitabları çox az sayda oxusaq da, filmlərə baxsaq da, mahnılar dinləsək də, ancaq yazıldı, çəkildi, bəstələndi, insafən.

44 gün ərzində bu qədər hadisənin baş verməsini kim görüb, deyə bilərmi? Bəs bu qədər mövzunun içərisində hanı yazıçılar, şairlər, rejissorlar, bəstəkarlar, rəssamlar... Hanı əsərlər, şeirlər, filmlər, mahnılar, rəsmlər...

Bir bədii filmə baxmaq istərdik...

“Uzaq sahillərdə”n yaxın Qarabağa

Bir filmə baxmaq istərdik... Sovet dövründə azərbaycanlı Mehdi Hüseynzadənin İkinci Dünya Müharibəsində qəhrəmanlığını əks etdirən “Uzaq sahillərdə” filminə bənzəsin. Tamaşa edəndən günlər sonra təsirindən çıxa bilmədiyimiz “Uzaq sahillərdə”yə. Mehdinin zəkası, savadı, bacarığı, qabiliyyətini, Vətən sevgisini əks etdirən film kimi İkinci Qarabağ Müharibəsinin qəhrəmanları haqqında filmlərə baxmaq istərdik. Niyə də baxmayaq ki? Niyə biz “Uzaq sahillərdə”n Qarabağımıza gələ bilməyək? Axı uzaq sahilləri bizə zorla Vətən etmişdilər. Biz öz sahillərimizdən uzaqlara Vətənimizi qorumağa getsək də, ümumi “Vətənimiz” üçün idi bütün bunlar. 70 illik “Vətənimiz”. Qəlbimizdə öz Vətənimiz, dilimizdə o “Vətənimiz”. O “Vətən” uğrunda gedən döyüşlər haqqında bizim neçə-neçə bədii filmlərimiz var. Hamısı da ayrı-ayrılıqda təsiretmə gücünə malik. Yəni o filmlərin ssenarisini yazanlar, rejissorluğunu edənlər bizlər deyildik?..

Bir bədii film izləmək istərdik. Generalımız Polad Həşimovun vətənpərvərlik rəmzi olmasından, hər biri bir mövzu olan 2907 şəhidimizdən, 7 itkinimizdən, onların Mehdi Hüseynzadə kimi şücaətindən, təhsilindən, vətənpərvərliyindən, cəsarətindən, yarımçıq ömründən bəhs edən film. Birinci Qarabağ Müharibəsində şəhid olmuş ataların İkinci Qarabağ müharibəsində şəhid övladlarından, nəvələrindən, yaxın qohumlarından bəhs edən bir film. Tarixi tarixə bağlayan, faktlar toplusu olan bir film.

Bir film izləmək istərdik. Xüsusi təyinatlılarımızın Şuşaya sinələri, əlləri, dizləri ilə açdıqları yoldan, bu dağların sinəsinə pərçim şəhərin asad edilməsindən, o cəngavərlərin hünərindən, silahla yox, əlbəyaxa döyüşündən bəhs edən film.

Hansısa bir yazıçının cəsarət edib yaza biləcəyi, hansısa bir rejissorun ürək edib çəkə biləcəyi müzəffər sərkərdə, Ali Baş Komandandan bəhs edən bir filmə baxmaq istərdik. O filmə ki, torpaqlarımızın qayıtmasını reallaşdıran şəxsiyyətdən, ata nəsihətini həyata keçirən övladdan, yurd həsrətli insanların bağlı qapılarını açan rəhbərdən bəhs etsin.

Bir poema oxumaq istərdik...

“Komsomol” poemasından “Gənclər” poemasına

Bir poema oxumaq istərdik. Səməd Vurğunun “Komsomol” poeması kimi. Adı da “Gənclər” poeması olardı kaş. Mövzuları tam başqa olsa da, “Komsomol”u yazan da azərbaycanlı idi. “Gənclər”i də yazacaq belə bir şair istərdik. O poemada minlərlə komsomolu 7 nəfər təmsil edirdi. Sovet İttifaqının Azərbaycanda qurulmasına dəstək göstərmələrindən, bunun üçün gəncləri sıralarına cəlb etmələrindən söhbət açırdı. Bu quruluş müstəqilliyimizin tənəzzülü üzərində qurulsa da, insafən bədii cəhətdən gözəl poema idi. Bəs 2907 şəhiddən, 7 itkindən nə üçün poema yazılmasın? Ərazi bütövlüyümüzə görə canından keçən, Qarabağın azadlığı üçün ömrü yarımçıq qalan, Vətənin harayına səs verən igidlərin hünərindən nə üçün poemalar yazılmasın?

Axı biz oxumaq istəyirik. Laçını, Şuşanı, Ağdamı, Kəlbəcəri, Zəngilanı və digər torpaqlarımızı azadlığa qovuşduranlardan, qanı bahasına Vətənə şərəf borcunu yerinə yetirənlərdən oxumaq istəyirik... Bir ananın əziz balasından, gözlərini yollara dikənlərdən, bir körpənin atasızlığından, bir qadının saçının bir tərəfini ağ, bir tərəfini qara hörüb şəhid övladı böyütməsindən, bir nişanlı qızın hələ də şəhid yolu gözləməsindən, bir uşağın şəhid atasının şəkli ilə nəfəs almasından bəhs edən poemalar, şeirlər oxumaq istəyirik. Bizim bunlara ehtiyacımız var. Biz qələbəmizi bu sətirlərdə görmək istəyirik. Zəfərimizi bu sətirlərdə tarixləşdirmək istəyirik.

Alın qləmi əlinizə, şairlər! 44 günün hadisələrinin hər biri bir mövzudur. Nə qədər yazsaq belə, bitməyən mövzular. Yazın, yazın ki, tarixdə əbədi qalsın. Həm də könüllərimizi oxşasın. Şəhidlərimizin ruhuna hədiyyə olsun.

Bir musiqiyə qulaq asmaq, bir klipə baxmaq istərdik...

“Sıravi Əhməd”dən generala, polkovnikə, leytenanta...

Bir vaxtların “Sıravi Əhməd”i indi də dilmizdədir. Əhməd də bizim Əhməd idi. Ancaq sıravi Əhmədə yazılan mahnı dəyərində generalımıza, polkovnik, leytenantımıza mahnı yazılmayıb hələlik. Bəlkə 40 ilə yaxındır ki, yazılıb Əhmədə mahnı. O qədər gözəl bəstələnib ki, dillərdən düşmək bilmir. Lakin müharibədən iki il ötür, hələ yaddaşlara həkk olan belə bir mahnı eşidə bilmirik.

Deyərdim ki, mahnılar da, şeirlər də, hər hansı əsər də sanki canlıdır, özünəməxsus qoxuları var. Onları oxuyub dinlədikcə o məxsusi qoxunu alırsan, o əsərin içərisində, o mahnının ritmində, o şeirin misralarında olursan. Sanki burada baş qəhrəman sənsən. Hadisələr sənin ətrafında cərəyan edir. Belə isə bir mahnıya qulaq asmaq, hələ üstəlik bir klipə baxmaq istərdik. Qarabağımız uğrunda şəhid olmuş gənclərimizdən, evi-eşiyi dağıdılmış insanlardan, Gəncəyə, Bərdəyə atılan silahların dağıntılarını, insan talelərini özündə əks etdirən mahnılar dinləmək, kliplərə baxmaq istərdik. Elə mahnılara ki, dinlədikcə ürəyi sazlatsın, günlərlə təsiri altına düşək, elə klipə ki, olanları yaşatsın, dünyaya çatdırsın.

Türk müqənnisi Tarkan yaxınlarda pandemiyaya həsr etdiyi bir mahnısı ilə dünyanı ayağa qaldırdı. Biz nə üçün İkinci Vətən Müharibəsinin pandemiya qədər ağır nəticələri ilə dünyaya səsimizi salmayaq? Niyə bacarmayaq bunu?

Axı bizlər Birinci Vətən Müharibəsindən sonra yazılan bir neçə mahnıları yazanlarıq. O mahnılar ki, indi də əlimizi atıb yalnız onlardan istifadə edə bilirik. Bir də axı o mahnıların zamanı keçib. O mahnılar Qarabağı azad etməyə çağırış idi. İndi isə Qarabağ azaddır.

Bir mahnı dinləmək istərdik. Qarabağ zəfərini misra-misra qəlblərə süzdürən, sətir-sətir ruhlara köçürən, not-not yaşadan bir mahnı. Demirik yoxdur, ancaq çox azdır. O qədər böyük qələbənin qarşısında çox azdır.

Bir rəsm əsərinə tamaşa etmək istərdik...

Elə bir əsər ki, orada 44 günün payızının rəngləri ilə şəhid qanı harmoniya yaratsın. Payızın sarı yarpaqları şəhid rəsmlərinin çərçivəsi olsun. Payız ana olsun, alsın şəhidimi qoynuna, laylasını dinləyək o rəsmdən. Yarpaqlarının əsgərimizn başının altına yastıq olması əks olunsun o rəsmdə.

Danışsın o rəsm. Qarabağda müharibə meydanından, qandan, qırğından danışsın. Şəhidlərin 30 ildə susuzluqdan dili-dodağı cadar-cadar olan torpaqları qanları ilə suvardıqlarından bəhs etsin. O rəsmdə üç minədək şəhidimizin göylərin mavisinə, bəyazına qovuşan ruhlarını görək. Bayrağımızın mavisi rəngdə müstəqilliyimizi, qırmızısı rəngdə Zəfərimizi, yaşılı rəngdə cənnəti, o cənnətdəki gənclərimizin məsum üzlərini görək.

Elə bir rəsmə tamaşa etmək istəyirik ki, rənglər dil açsın, Qarabağın gözəlliyindən, 30 illik həsrətindən, hicranı vusala qurban verməsindən danışsın. İgidlərinin bağlı qapılara açar, yaralı qəlblərə məlhəm olmasından, vətənpərvər oğulları ilə qürurundan danışsın. Anası Azərbaycanın qoynuna qayıdışından, ta əbədiyyən azad olmasından danışsın.

Dillənsin o rəsm. Xarıbülbülün nəğməsini anlatsın. O nəğməni ürəklərimizə həkk etsin. O nəğmə ürəyimizdə, xarıbülbülün nişanı-nişanəsi sinəmizdə üst-üstə yaşatsın bu dastanı qəlbimizdə. Rəssamlar istəyirik, fırçalarını alıb əllərinə Qarabağa yollansınlar. Çoxlarımızın hələ də görmədiklərini tablolara köçürsünlər. Elə bir tabloya ki, o tək sakitcə baxmasın, danışsın, Qarabağdan, onun gözəlliklərindən, tarixi yerlərindən, mədəniyyət abidələrindən danışsın, dünyaya səs salsın...

Bədii, sənədli televiziya filmləri, tamaşalar, dəyərli mahnılar həm tarixi, həm mədəni, həm zəngin ədəbi nümunələrimiz baxımından qızıl fondumuzdur. Bunu hamımız çox gözəl bilirik. Ona görə də illərlə bu fondu qoruyub saxlamağa çalışır, nəsillərdən-nəsillərə ötürməyi özümüzə borc bilirik. Çünki bir hadisəni film, tamaşa, kitab qədər insana aşılayacaq ikinci bir vasitə yoxdur. Yaşanan hadisələr fonunda bir mahnı qədər insanı təsirləndirən ikinci bir vasitə yoxdur. Bir şeir qədər insanı duyğulandıran, bir bənd bayatı qədər kövrəldən başqa nə ola bilər... Bir bədii film, bir sənədli film, bir tamaşa illər sonra da hansısa bir dövrün güzgüsünə çevrilir. Bir roman, bir povest, bir dram əsəri yazıldığı dövrü illər sonra da anladır, sanki bu gün olubmuş kimi. Bir şeir, bir mahnı dinlənilən an insanı yazıldığı dövrə aparır, onunlıa bağlı bütün hadisələr gözlər önünə gəlir, yaddaş təzələnir, olanlar-keçənlər yenidən yaşanır... Elə bunlara görə də “Hanı yazıçılar, şairlər, rejissorlar, bəstəkarlar... hanı əsərlər, şeirlər, filmlər, mahnılar...” deyib onları axtarmayaq, onları yaratdıqlarına görə-təşəkkür etmək üçün axtaraq.

Mətanət MƏMMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə