Yeniyetmələr bir-birinə qarşı çox qəddardır - SOSİOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Sosial şəbəkələrdə yeniyetmə və gənclərin yaşıdlarını alçaldıb videoya çəkməsi halları həm oğlanların, həm də onların valideynləri adına çox böyük səhvdir. Bəzən yalnız uşaqları günahkar görürük. Lakin onları yetişdirən mühiti, valideynləri də nəzərə almalıyıq". Bu sözləri SİA-ya açıqlamasında sosioloq Lalə Mehralı deyib.
Onun sözlərinə görə, Hz. Əlinin belə bir kəlamı var ki, uşaqlar öz valideynlərindən çox, mühitinə oxşayır: "Bu, həqiqətən də belədir. Bəzən ziyalı ailədə tərbiyə almış uşaqların hərəkətlərini görəndə təəccüblənirik. Təbii ki, onlara ətraf-mühit təsir göstərir".

Sosioloq sözlərinə davam edərək həmçinin qeyd edib ki, ümumilikdə sosial şəbəkələrdə paylaşılan videolardan görürük ki, yeniyetmələr bir-birinə qarşı çox qəddardır: "Uşaqlar qəddarlığın nə olduğunu bilmədikləri üçün onlara bu hallar normal gəlir. Çünki o yaşda olan düşüncələrlə, yetkinlik yaşında olan düşüncələr mütənasib deyil. Ona görə də uşaqların normal davranışlarını bərpa etmək, normal yeniyetməlik dövrü keçirməkləri üçün valideynlərin və təhsil işçilərinin üzərinə böyük iş düşür. İndiki dövrdə müəllimlərin iki cəbhəyə bölündüyünü müşahidə edirik. Bəzi müəllimlər uşaqların sevgi, qayğı ilə böyüdülməyinin tərəfdarı olduğu halda, digər qisim isə sərt məktəb qaydalarının tətbiqinin tərəfdarıdırlar. Uşaqlar da müəllimlərin bu ikili münasibəti nəticəsində necə davranacaqlarını bilmirlər. Onlar hansı davranışın düzgün olduğunu başa düşmürlər. Hesab edirəm ki, valideyn və məktəb birlikdə işləməlidir. Amma pandemiyadan sonra valideynlərin məktəblə əlaqələri zəiflədi. Belə halları aradan qaldırmaq üçün valideynlərin məktəblə təmasını maksimuma çatdırmaq lazımdır".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə