Tıxac, yoxsa süni əngəl?-CƏMİYYƏTİN BAXIŞI - SORĞU

Dünyanın bütün iri şəhərlərində tıxaclar nəqliyyat təhlükəsizliyinə mənfi təsir göstərməklə yanaşı, insanların sağlamlığına xələl gətirir, həmçinin, regional və qlobal ekoloji vəziyyətə təsirsiz ötüşmür. Yaşadığımız şəhərdə demək olar ki, hər birimiz gün ərzində ən azı bir dəfə də olsa, evdən çıxıb harasa gedirik. Kimisi dükan-bazara, kimisi işə, kimisi də məktəb və ya universitetə. Amma hər dəfə də mənzil başına gecikirik. Nə qədər qayda-qanun tərtib olunsa da, bəzən yolda hansısa avtomobil xarab olub bütün yolu bağlayır, bəzən də ümumiyyətlə, avtomobillərin çoxluğundan uzun-uzadı tıxac yaranır. Bəs görək şəhər sakinləri tıxacın səbəbini nədə görür. SİA bu mövzu ilə bağlı sorğu keçirib.

Şəhər sakini Elnarə Xəlilova: "Yaranan tıxacların səbəbi, ilk olaraq, avtomobillərin çoxluğudur. Hara baxırsan maşın görürsən. Eyni zamanda, sürücülərin əksəriyyəti də parklanma qaydalarına riayət etmirlər. Bu da insanların səbrini tükəndidir. Belə hallar aqressivləşən sürücülər arasında mübahisəyə səbəb olur".

Şəhər sakini Elman İsayev: "Əslində, tıxacın yaranması halları həm piyadalara, həm də sürücülərə görə baş verir. Sürücü və piyadaların, həmçinin sürücülərin bir-birini anlamaması yolda qarışıqlığın yaranmasına gətirib çıxarır".

Şəhər sakini Sevil İsrafilova: "Bəzən piyadalar, bəzən də sürücülərin özləri tıxaca səbəb olur. Sürücülər ehtiyatla sürmürlər, tələsirlər və bir-birinə maneə yaradırlar. Piyadalar da keçidlərdən deyil, maşın yolundan keçərək düşünmürlər ki, bu, onlar üçün təhlükəlidir. Onlar bununla sürücüləri də yolundan edirlər".

Şəhər sakini Namiq Məmmədov: Tıxacların yaranmasının əsas səbəbi maşınların çoxluğudur. Şirkət taksilərinin həddən artıq çox olması da yolda problem yaradır. Maşın bir tərəfdən can rahatlığı olsa da, digər tərəfdən tıxaclara səbəb olduğu üçün vaxt aparan bir şeydir".

"Şəhər sakini Leyla Məmmədova: "Düşünürəm ki, tıxaclara daha çox sürücülər səbəb olur. Ona görə ki, sürücülər arasında maşın sürmək etikası yoxdur. Bir-birlərini gözləmirlər, daim tələskənlik göstərirlər. Yolların əksəriyyəti də dar olduğu üçün sıxlıq yaranır. Nə vaxt sürücülər qayda-qanunla hərəkət edəcəklər, onda da tıxacların azalma ehtimalı var".

Şəhər sakini Rafiz Məmmədov: "Şəhərdə maşın o qədər çoxdur ki, hara getsək, hər an bir yerdən maşın çıxacaq düşüncəsi ilə hərəkət edirik. Təbii ki, tıxac yaranacaq. Yola baxırsan, sağında da maşınlar dayanır, solunda da. Yolun ortasında bu qədər maşının keçməsi üçün balaca bir hissə qalır. Ona görə də daim sıxlıq müşahidə olunur".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə