Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin rəsmi açılışı olub - FOTOLAR

Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin rəsmi açılışı olub - FOTOLAR

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşkilatçılığı, hər iki ölkənin mədəniyyət nazirliklərinin, Azərbaycanın Özbəkistandakı səfirliyinin dəstəyi ilə Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin rəsmi açılışı olub. SİA xəbər verir ki, əvvəlcə Mədəniyyət Mərkəzinin qarşısında Ulu Öndər Heydər Əliyevin abidəsinin, habelə Şəhidlər abidə kompleksinin qarşısına əklil və gül dəstələri qoyulub.

Azərbaycan nümayəndə heyətinin üzvləri- Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Milli Məclisin deputatı, parlamentdə “Azərbaycan-Özbəkistan” Dostluq qrupunun üzvü Müşfiq Cəfərov, Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, tanınmış alimlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mədəniyyət günlərinin ilk tədbiri olaraq Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasında Azərbaycan fondunun açılışı olub. Milli Kitabxananın direktoru Umida Teşabayeva açılış mərasimində çıxış edərək Azərbaycanla əlaqələr, AMM ilə birgə layihələr və əməkdaşlıqdan danışıb. Direktor bildirib ki, AMM və Azərbaycan Milli Kitabxanasının dəstəyi ilə son zamanlar Azərbaycana dair Özbəkistan kitabxanalarına çoxsaylı nəşrlər hədiyyə olunub.

Tədbirdə Qənirə Paşayeva böyük Nizami Gəncəvinin yurdundan böyük Əlişir Nəvainin Vətəninə salam gətirdiyini bildirib, xalqlarımızın dost, qardaş olduğunu vurğulayıb, şair və yazıçılarımızın dostluğundan söhbət açıb. Deputat Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və özbək xalqına minnətdarlığını bildirib. O vurğulayıb ki, 44 günlük Vətən müharibəsində Ermənistanın işğal etdiyi şəhər və kəndlərimiz yerlə-yeksan edilib, məscidlərimiz dağıdılıb.

Həmçinin deputat Müşfiq Cəfərov ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. O, yaxın zamanlarda Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın Özbəkistana səfəri və əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində aparılan danışıqlar haqqında məlumat verib.

Sonra Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanası arasında əməkdaşlığa dair Memorandum imzalanıb.

Tədbir çərçivəsində Mədəniyyət Mərkəzinin layihəsi ilə işıq üzü görən “Azərbaycan və özbək atalar sözləri” ikidilli nəşrin təqdimatı da keçirilib. Təqdimat mərasimində azərbaycanlı və özbək alimlər çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə