Niyə təhsil almayan insanlar cəmiyyətdə birmənalı qarşılanmır? - ARAŞDIRMA

Bir xalq üçün ən böyük sərvət təhsildir. Təhsilsiz cəmiyyət isə məhvə məhkumdur. Təhsil şəxsiyyətin və cəmiyyətin inkişafı üçün əvəzsiz əsasdır. Təhsil təkcə oxumaq və yazmaqdan ibarət deyil, bilikdən öz mənfəəti üçün istifadə etmək və şəxsi inkişafa töhfə verməkdir.

Təhsilin məqsədi təkcə insanları savadlı etmək deyil. Təhsil həm də insanlara başqalarından asılı olmadan öz həyatlarını sərbəst şəkildə idarə etmək bacarığı verir.

Təhsil təkcə kitab biliklərinin praktiki öyrənilməsi deyil. Təhsil o demək deyil ki, məktəblərə və kolleclərə gedib hər gün imtahan verək. O həyatımıza dair lazımi məlumatları öyrənməyə yönəlib. Təhsil dünya görüşüdür. Günümüzdə kifayət qədər təhsilsiz, amma böyük dünyagörüşünə sahib olan insanlar var.

Robot da oxuya və yaza bilir, lakin insan məlumatdan ağıllı şəkildə istifadə edir. Təhsil yalnız özümüzdə istifadə etmək üçün deyil, həm də başqalarının həyatını yaxşılaşdırmaq üçün istifadə edilə bilər.

Məlumdur ki, bu gün cəmiyyətdə hörmət qazanmaq üçün savadlı olmaq lazımdır. Xoşbəxt və firavan həyat sürmək üçün oxumaq vacibdir və təhsil insanlara həyatda uğur qazanaraq böyük işlər görmək imkanı verir.

Bəs, gəlin görək niyə təhsil almayan insanlar cəmiyyətdə birmənalı qarşılanmır? Niyə əksər insanlar onlara baxır və onları əzir? SİA məsələ ilə bağlı araşdırma apararaq ekspertlərin fikirlərini öyrənib.

Təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi: “Təhsilli biriylə təhsil almayan şəxs münasibət qurduqda aralarında yaranan problemlər cəmiyyətdə təhsil almayan şəxslərə qarşı fərqli düşüncələrin ortaya çıxmasına səbəb olur. Doğrudur, hər bir vətəndaşın təhsil alması ilə bağlı konstitusion hüququ var. Eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının (BMT) "Hər bir şəxs üçün təhsil!" devizi altında müəyyən işlər görülür. Bizim vətəndaşlarımız da bu prioritet amilləri nəzərə alaraq təhsilə daha çox can atmalıdır.

Təəssüf ki, ölkəmizdə daha çox qadınların təhsildən yayındığını müşahidə edirik. Ali təhsil müəssisələrinə sənəd verənlərin sayında da bunu görmək mümkündür. Halbuki ölkədə əhalinin 51%-i qadın, 49%-i isə kişidir. Amma oğlanların müraciət faizi qızlardan daha çoxdur. Respublikanın xüsusi bölgələrində təhsil almayan qızlara daha çox rast gəlinir.

Oğlanlarda da təhsilə həvəssizlik, məktəbi sadəcə şəhadətnamə ilə tərk etmə hadisələri müşahidə olunur. Bu kimi şəxslər müəyyən bir iş tapşırıldıqda düzgün yerinə yetirə bilmir. İstər dövlət müəssisələrində, istərsə də ailədaxili məsələlərdə təhsilli və təhsilsiz fərqini görürük. Bu baxımdan təhsil almayan şəxslərə qarşı münasibət o qədər də ürəkaçan deyil.

Çalışmalıyıq ki, hər bir vətəndaş təhsil alsın. Dövlət də təhsilin vacibliyini bildirmək üçün müvafiq olaraq addımlar atmalıdır”.

"Ailə Dünyası" Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova: “Təhsil cəmiyyətin, ümumiyyətlə bir toplumun, bir millətin həyat səviyyəsini, onun mövqeyini ölçən əsas amildir.

Təhsilin həyatımızda böyük rol oynadığını hamımız yaxşı bilirik. Təhsil vasitəsilə insanın aldığı biliklər onun cəmiyyətdə güclü, qüdrətli, müdrik bir şəxsiyyət kimi yetişməsində bir vasitədir. Təhsil cəmiyyətdə mədəni və düzgün tərbiyəli insanlar yetişdirir. Elmsiz, təhsilsiz bir insan yolunu azmış kor bir səyyaha bənzəyir. Həyat və güzaranımızı daha mənalı etmək, səmərəli yaşamaq istəyiriksə daha çox təhsilə, savada yiyələnməliyik”.

Təhsil eksperti Kamran Əsədov: “İlk növbədə qeyd edim ki, hal-hazırda Azərbaycanda ali təhsilli insanların sayı ümumi ölkə vətəndaşlarının 17 faizini təşkil edir. Azərbaycanda təhsil icbaridir, yəni məktəb yaşına çatmış hər kəs orta təhsil alır. Amma etiraf edək ki, orta təhsil o qədər də keyfiyyətli olmur.

Bugün biz əmək bazarında ictimai, insanlar arası münasibətlərdə, hətta ailə zəminində belə təhsilli insanlarla təhsilsiz insanların münasibətlərində fərqi görürük. Bunun ən ciddi problemi odur ki, insanlar özünü ifadə etməklə bağlı çətinlik çəkirlər, eyni zamanda müəyyən qədər gigiyenik və etik davranış qaydalarına riayət etməklə bağlı problemlər yaşayırlar. Yəni, bu günləri insanların bir-birinə münasibətinə təbii ki, təhsil və təhsilin səviyyəsi, eyni zamanda təhsilin keyfiyyəti öz təsirini göstərir. Belə ki, hətta biz ölkədə yüksək təhsil alan insanla xarici təhsil alanlarla münasibəti müşahidə edəndə açıq şəkildə fərqləri görürük.

Düşünürəm ki, təhsilsiz insanlarda müəyyən qədər bilik və bacarıqlarının zəif olması, özünü ifadə etməkdə, gigiyenik qaydalara riayət etməkdə, insanlarla ünsiyyət qurmaqdakı etik davranış qaydalarının pozulmağını daha çox müşahidə edirik. Hətta biz bunu xidmət sektorunda da görürük. Misal üçün hansısa bir xidmət göstərən ali təhsilli və yaxud da təhsili olmayan şəxs arasında münasibətlərdə görürük ki, bu özünü açıq şəkildə göstərir. Təbii ki, cəmiyyət birmənalı şəkildə daha çox daha yüksək keyfiyyətli, intellektli insanları qəbul edir. Bu hətta işdə keyfiyyətdə, ailə zəminində də bunu göstərir. Hətta baş verən cinayətlərin təhlilində də biz görürük ki, təhsilli insanlar bu tipli məsələlərdə o qədər də pozuntuya yol vermirlər. Məhz bu amillərin hər biri cəmiyyətdə insanlar arası münasibətlərə öz təsirini göstərir. Təbii ki, orta təhsilin keyfiyyətli olmağı müəyyən qədər daha yaxşı olardı. Yəni, orta məktəb məzunlarının yalnız 45 faizə qədəri ali təhsil ala bilirlər. Bu kifayət qədər aşağı bir rəqəmdir. Ona görə mən düşünürəm ki, biz orta təhsilin də keyfiyyətinə nail olsaq birmənalı şəkildə insanlar arası münasibətlər, ailədaxili münasibətlər, eyni zamanda xidmət sektoru daha yaxşı olar”.

SİA araşdırma mövzusu ilə bağlı şəhər sakinlərinin fikirlərini də öyrənib.

Şəhər sakini Aysu Məmmədova: “Məncə, bunun kökü hərşeydə olduğu kimi yenə də ailədən gəlir. Ailədə "xalxın uşağı universitetə girdi sən qaldın", "xalxın uşağı səndən daha uğurludur" deyimləri bugünkü cəmiyyəti formalaşdırır. Bu deyimlər var olduqca cəmiyyət təhsil almayan insanlara heç cür birmənalı baxmayacaq.

Əslində, təhsilə qalsa, bugünkü təhsil sistemi bizə çox bir şey vəd etmir. Ali təhsilli olmayan elə insanlar tanıyıram ki, sözdə "təhsilli" insanlardan qat-qat daha bilikli və dünyagörüşlüdürlər. Cəmiyyət maariflənib əsl təhsil göstəricisinin kağız parçasında yox, düşüncədə olduğunu anlasa, bugünkü təhsil bizə nələrisə əzbərləməyi deyil, düşünməyi öyrədərdi”.

Şəhər sakini Röya Vahabova: “Təbii ki, təhsil önəmlidir. Amma həm də bir seçimdir. Bu qida kimidir əslində. Təhsil dedikdə sadəcə universitet, məktəbi nəzərdə tutmaq olmaz. Həyat özü hər şərtdə bizə təhsil verir. Universitetdə oxumayan biri asudə vaxtında o qədər kitab oxuyur, o qədər maariflənir ki, heç o "diploma" ehtiyac duymur. Yəni, əsas məsələ təhsili qəlibləşdirməməkdir. Universitet, magistratura bunlar hamısı bir seçimdir. Bizə isə hər kəsin seçimlərinə hörmət etmək düşər”.

Şəhər sakini Ləman İdrissoy: “Təhsilsiz insan bar verməyən meyvə ağacı kimi bir şeydir. Təhsil insanı müəyyən mənada inkişaf etdirir, geniş düşünməyə sövq edir. Ümumiyyətlə, istər insanın fərdi şəkildə inkişafı, istərsə də cəmiyyətin inkişafı təhsildən çox asılıdr. Çox əfsuslar olsun ki, günümüzdə də kifayət qədər təhsilsiz insanlar var. Belə insanlar hüquqlarını, qanunları bilmirlər ki, bu ilk növbədə insanın özünə lazımdır.

Bu gün bir sıra avropa ölkələrində böyük işlər görülür, ölkələr ciddi şəkildə inkişaf edir, bunların hamısı təhsil sayəsində baş verir. Mən düşünürəm ki, təhsil fərdin müəyyən cəmiyyətdə yerini tapması üçün önəmli faktorlardan biridir. Təhsil yoxdursa insan da yoxdur, dövlət də”.

Şəhər sakini Nərmin Qocamanova: “Bunun təhsil almaq və ya almamaq məsələsi olduğunu zənn etmirəm. Dünyada yaxşı orta məktəb təhsili almayan, ali məktəbdə oxumamış, amma uğur qazanmış insanlar çoxdur. Bu insanlara heç kim birmənalı yanaşmır. Çünki, pul qazanmaq təhsil və s. kimi şeylərin önünə keçə bilir.

Ümumilikdə isə ali təhsilin deyil, orta məktəb təhsilinin çox önəmli olduğunu düşünürəm. Ali təhsil olmadan da böyük uğurlar qazanmaq mümkündür, amma orta məktəb təhsili olmayan şəxslərin uğur qazandığını nadir hallarda görə bilərik. İnsanın ailəsi, yaşadığı mühit, dünya görüşü kimi şeylər təhsildən daha çox rol oynaya bilər. Ali təhsil almaq savadlı olmaq, uğur qazanmaq demək deyil”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə