“Azərbaycana kor-koranə itaət lazım deyil” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Əli Kərimli haradan çıxarıb ki, Azərbaycan Mərkəzi Asiya ölkəsi olmaq istəyir? Azərbaycan coğrafi cəhətdən Qərbi Asiya ölkəsidir, siyasi cəhətdən isə Avropa strukturlarına inteqrasiya edib. Onu da qeyd edim ki, Qərbdə xeyli sayda mədəniyyət xadimlərimiz var. Minlərlə həmyerlilərimiz Avropa təhsili alıb, Vətənimizdə çalışırlar. Amma biz özümüzəməxsusuq. Dövlət başçısı İlham Əliyev də vurğulayıb ki, biz şimal ilə cənubun, şərq ilə qərbin qovşağında yerləşirik. Təbii ki, Azərbaycan şərq-qərb ölkələrinin müsbət cəhətlərini özündə daşımağa cəhd edir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

Onun sözlərinə görə, ümummiyyətlə, Şərqə nifrət etmək lazım deyil: “Mərkəzi Asiyada Yaponiya, Koreya kimi inkişaf etmiş ölkələr də var. Ona görə də Asiya-Avropa qarşılaşdırması etmək doğru deyil. Azərbaycan yüz il bundan öncə Avropa tipli təhsil qurub, konservatoriya, parlament yaradıb və bu, müvəffəqiyyətlə davam etdirilir. Biz demokratiyanı özümüz inkişaf etdirməliyik, kimdənsə öyrənməli deyilik. Bu istiqamətdə də müəyyən addımlar atılır. Bizim ən başlıca məqsədimiz Qarabağı azad etmək idi. Avropa bu məsələdə Azərbaycana yardım etmədi, əksinə təcavüzkar Ermənistanı dəstəklədi. Bu gün də Azərbaycanın hüquqlarını pozan Avropa deyil? Ona görə də Avropa qarşısında diz çökəsi deyilik. Azərbaycana kor-koranə itaət lazım deyil”.

Deputat bildirib ki, Azərbaycan müvəffəqiyyətlə inkişaf edən dövlətdir: “Dövlətimiz işğaldan azad olunmuş ərazilərdə böyük quruculuq işləri aparır. Avropanın isə gözü kor olub, bizə heç bir köməklik etmir. Ona görə də addım-addım irəliləyirik. Beş barmağı bal da etsək, Avropa İttifaqı yaxın buraxmayacaq. Azərbaycan Prezidenti də qeyd edib ki, bizim birliyimiz Türk Dövlətləri Birliyidir, bizim ailəmiz türk dünyasıdır. Getdikcə türk dövlətlərinin birliyi artır və Azərbaycanın xoşbəxtliyi də məhz bu birlikdədir”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə