"Bu mövzu qlobal səviyyədə bütün dünyada aktuallığını saxlamaqda davam edir. İki il ərzində dünyanın müxtəlif ölkələri koronavirusa qarşı mübarizədə fərqli modellər tətbiq ediblər. Onlardan yalnız bəziləri özünü doğrulda bilib. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Asif Bayramov deyib.
Onun sözlərinə görə, tibbi ekspertlərin rəylərinə əsaslanaraq deyə bilərik ki, sonuncu ştamm hesab olunan omikron ənənəvi mövsüm qripi kimi özünü göstərir: "Onun digər ştammlardan fərqi insan orqanizminə çox ciddi fəsadlarının olmamasıdır. Digər tərəfdən keçən iki il müddətdə insanlar virusa yoluxaraq təbii immunitet qazanıb. Bir qismi isə bu immuniteti süni yolla vaksinasiya olunaraq əldə edib".
Sosioloq sözlərinə belə davam edib: "Omikronun təsirinin zəif olması və vaksinasiyanın səviyyəsinə əsaslanaraq bəzi Qərb ölkələrindəki kimi Azərbaycanda da artıq sosial həyatı öz axarına qaytarmağın zəruri olduğunu söyləyə bilərik. Çünki koronavirus bizim sosial və ictimai həyatımızda yalnız patoloji faktor rolunu oynamayıb. Onun cəmiyyətə vurduğu psixoloji zərər xəstəlik kimi vurduğu zərərdən qat-qat üstündür. Ekspertlərin və şahidlərin rəylərinə əsaslanaraq görmək olar ki, insanların müəyyən qismi xəstəlikdən deyil, daha çox onun psixoloji təsirindən əziyyət çəkiblər.
Əhalidə psixoz vəziyyət yaradan faktorlardan biri də statistikanın təqdim olunmasında yol verilən səhvlərdir. Ona görə də, ilk növbədə, koronavirusun cəmiyyətə vurduğu psixoloji zərərləri aradan qaldırmaq lazımdır.
Omikron ştammının zəif təsiri qarşısında insanlar kifayət qədər müqavimətə sahibdir. Odur ki, cəmiyyəti həyatın ənənəvi nizamına döndərə biləcək bütün qadağaların aradan qaldırılması ən düzgün yoldur. O cümlədən, dünyanın bir çox ölkələri xəstəliyin başlanğıc fazasında belə kütləvi immun yaratma modelinə üstünlük veriblər. İndiki halda ölkəmizdə də insanlar kütləvi immun sisteminə malik olduğuna görə çəkinmədən cəmiyyətdə psixoz vəziyyət yaradan və ənənəvi həyatı iflic edən qadağaların bir çoxunu aradan qaldırmaq olar".
Ləman Əlizadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB