Nikahdan kənar doğulan uşaqlar ciddi bir hüquqi risk altındadır - HÜQUQŞÜNAS AÇIQLADI

"Bu gün ölkəmizdə rəsmi, qeyri-rəsmi və ya vətəndaş nikahı deyilən anlayışlar var. Azərbaycan Respublikasının qanunverciliyinə görə tanınan rəsmi dövlət nikahıdır. Lakin insanlar qeyri-rəsmi nikahlarına, və ya vətəndaş nikahları ilə yaşamaqla kifayətlənirlər. Bu cür nikahlar gələcəkdə böyük problemlərə səbəb olur". Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas Fariz Əkbərov deyib.

Onun sözlərinə görə, ümumiyyətlə, nikahdan kənar doğulan uşaqlar ciddi bir hüquqi risk altındadır: "Ən böyük problemi atalığın müəyyən edilməsi ilə bağlı olur. Atalığın müəyyən edilməsi üçün məhkəmə prosesləri aparılır. Bir çox hallarda atalıq verilmir. Eyni atalıq müəyyən edilmədikdə aliment hüququ yaranmır".

Fariz Əkbərov sözlərinə belə davam edib: "Çünki faktiki ailə münasibətləri bitərsə, uşağın maraq və mənafeyi baxımından onun soyad və ata adının verilməsindən başlayaraq aliment, əmlak hüquqları, vərəsəlik və digər hüquqları pozulmuş olur. İllərlə alimentin arxasınca düşməyinə baxmayaraq, yenə də onu əldə edə bilməyən valideynlər və ortada bundan əziyyət çəkən uşaqlar formalaşır. Tək anaların uşaq böyütməyi, əslində, özü bir sosial problemdir. Uşağı ya dayənin, ya tanımadıqları insanların himayəsində qoymağa məcbur olurlar.

Ailə kiçik dövlətdir. Ailə qurarkən insanlar hərtərəfli düşünməli, qeyri-rəsmi nikaha daxil olmamalıdırlar. Çünki qeyri-rəsmi nikahdan doğulan uşaqların hüquqlarının pozulması, sonra da həmin ailələrdə yaşanan çətinliklər və ya qeyri-ciddi yanaşılması qurulan ailələrin dağılmasına və boşanmalara gətirib çıxarmaqdadır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə