Uşaqlıqdan gələn travma nədir? - PSİXOLOQ AYDINLIQ GƏTİRDİ

"Yaşadığı müddətcə insan müxtəlif növ hadisələrin şahidinə çevilir. Bu hadislərin bir qismi insanda müsbət hisslər yaratmaqla xoş xatirəyə çevrilsə də, travma kimi situasiyalar insanın indiki və gələcək həyatında dərin izlər qoyur". Bu sözləri SİA-ya açıqlamasında Elmi-Tədqiqat Pediatriya İnstitutunun Uşaq Bərpa Mərkəzinin psixoloqu Dəniz Umarova deyib.

Onun sözlərinə görə, bu gün insanları, onların psixoloji hal və davranışlarını təhlil etdikdə uşaqlıq dövründə yaşadıqları travma əlamətlərinin şahidi oluruq: "Yetişkin dövrdə cavabını tapa bilmədiyimiz, daim özümüzdə sorğuladığımız bir sıra düşüncə və davranışların kökü uşaqlıq xatirələrimizə qədər uzana bilir. Uşaqlıq travmaları 18 yaşından əvvəl məruz qalınan xoşagəlməz təcrübələrdir. Həmin dövrdə meydana gələn travmalar insan üzərində daha qalıcı və dərin təsirlərə malikdir. Buraya fiziki, psixoloji, cinsi istimar, eyni zamanda uşağın fiziki və emosional ehtiyaclarının ödənilməməsi, ona qarşı laqeydlik halları daxildir".

Psixoloq sözlərinə belə davam edib: "Təbii fəlakətlər, yaxın insanın ölümü, ana və atanın boşanması, müharibə, terror kimi hallar da insanda travmanın yaranmasına səbəb ola bilər. Qeyd edilən hallar zamanı ortaq xüsusiyyət uşağın fiziki, psixoloji, cinsi və ya sosial istiqamətdə zərər görməsi və nəticədə uşağa mənfi təcrübə yaşatmaqla onun sağlam inkişafına təsir göstərilməsidir. İnsanların travma qarşısında olan reaksiyaları və onların bu növ hadisələrə qarşı olan tolerantlığı müxtəlifdir. Belə ki, eyni bir hadisə bir insanda dərin izlər qoyduğu halda, digər insanda tamamilə yüngül formada təzahür edə bilər. Bu zaman təsir göstərici amil insanın qarşılaşdığı vəziyyət zamanı nə hiss etməsi və həmin hadisəni necə dəyərləndirməsidir. Uşaqlıq dövründə yaşanılan hər hansı bir travma hadisəsi şəxs üzərində qısamüddətli və ya uzunmüddətli bir iz yaradır. Bu zaman uşağın baş verən hadisəyə nə qədər müddət məruz qalması və travmanın növü də mütəxəssis tərfindən şəxsin vəziyyətinin dəyərlənməsində başlıca rol oynayır. Travmanın təsiri nəticəsində şəxsdə fiziki və psixoloji əlamətlər müşahidə olunur. Buraya ürək döyüntüsü, titrəmə, qarında ağrılar, miqren, təşviş, depressiv əlamətlər, günahkarlıq, diqqət dağınıqlığı, yemə pozuntuları, zərərli vərdişlər və s. kimi narahatlıqlar daxildir. Uşaqlıq dövründə yaşanılan travmatik hallar şəxsin öz sosial mühiti ilə sağlam münasibət qurmasına, insanlara qarşı sevgi və inam hissi ilə yanaşmasına maneçilik törədə bilir.

Aydındır ki, uşaq doğulduğu ilk gündən etibarən yeni bir mühitə daxil olur. Bu mühitdə uşağın ilkin fiziki və emosional ehtiyaclarının ödənilməsi onun inkişafını şərtləndirən əsas amillərdən biridir. Həmin dövrdə uşağa qarşı laqeyd münasibət, onun ehtiyaclarının gözardı edilməsi və uşağın valideyin sevgisindən məhrum olması özündə ciddi bir travma olmaqla onun gələcək həyatda şəxsiyyət kimi formalaşmasına təsir göstərməkdədir. Belə ki, bu hal uşağın yetişkin dövrdə insanlar ilə güvənli əlaqə qurmasını çətinləşdirir.

Uşaqlıq dövrü travmaların aradan qaldırılmasından danışdığımız zaman burada bir sıra diqqət yetirməli olduğumuz məqamlar vardır. Daha öncədə qeyd etdiyimiz kimi şəxsin yaşadığı hadisənin və onun nəticələrinin travma olaraq dəyərləndirilməsi bu sahədə çalışan mütəxəssis tərəfindən həyata keçirilməli və ona əsasən müalicə istiqaməti təyin olunmalıdır. Bu zaman şəxsin vəziyyətindən asılı olaraq əsasən medikamentoz müalicə və psixoterapiyadan istifadə olunur. Psixoterapiya zaman əsasən Koqnitiv Davranış (Bihevioral) terapiyası, EMDR terapiyanın tətbiqi geniş yayılmışdır. Bu zaman əsas məqsəd şəxsin daha öncə xatırlamaqdan çəkindiyi keçmiş təcrübələrinə qayıtması, baş verən hadislərə fərqli aspektən baxması və yaşadığı emosional halların yenidən işlənilməsi xasdır. Yanlış təməl inancların aşkarlanması, şəxsin basdırılmış və yarım qalmış hisslərinin yenidən yaşaması və tədricən hadisələri yetişkin gözü ilə bir daha nəzərdən keçirməsi terapiyanın əsas istiqamətlərindən biridir. Lakin nəzərə almaq lazımdır ki, travmalarla işləyən zaman mütləq diqqətli olmaq və bu sahədə ixtisaslaşmış mütəxəssisə müraciət etmək vacibdir. Doğru və zamanında edilən müdaxilə ilə travma və onun insan həyatına olan neqativ təsirlərindən azad olmaq mümkündür".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə