Piyadaların yolun və ya küçənin digər tərəfinə təhlükəsiz keçməsini təmin etmək üçün yolun üzəri ilə müəyyən edilmiş və ya yeraltı və yerüstü piyada keçidləri tikilib. Yol hərəkəti haqqına qanuna əsasən, piyada keçidi xüsusi yol nişanları ilə göstərilir. Piyada keçidləri əsasən, ictimai nəqliyyat dayanacaqlarına yaxın, həmçinin, piyada axınının intensiv olduğu yerlərdə piyadaların hərəkətini tənzimləmək üçün qurulur. Bəs yolda piyada təhlükəsizliyi nədir və bu, necə tənzimlənməlidir?
Mövzu ilə bağlı Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov SİA-ya bildirib ki, piyada keçidləri səkilərlə, yeraltı keçidlərlə təmin edilir: "Bunlar yoxdursa, piyadalar mütləq təhlükəsizliyi təmin etməklə hərəkət etməlidir. Nəinki Bakı-Sumqayıt yolunda, ümumiyyətlə, paytaxtın inzibati ərazisinə düşən bəzi yerlərdə əhali arasında tanınan “zebra xətləri” deyilən keçidlər də var, hansı ki, bu keçidlərə qalmış yol nişanları yəni xəbərdaredici və məlumatverici yol nişanları qoyulur. Bu yol nişanlarının qoyulması ilə həm sürücülər, həm piyadalar diqqətli olmalı və bu tələbləri yerinə yetirməlidir. Sürücü piyada zolağına yaxınlaşarkən bu nişanların tələblərinə uyğun sürəti azaltmalı və piyadanın həmin zolağa daxil olduğunu gördükdə, mütləq nəqliyyat vasitəsini tam dayandırıb, piyadanın keçməsinə şərait yaratmalıdır. Eyni zamanda, piyadalar öz təhlükəsizliyini təmin etmək üçün yaxınlaşmaqda olan nəqliyyat vasitəsinə mütləq diqqət yetirməlidir. Onun tam dayandığına əmin olduqdan sonra yolu ləngimədən keçməlidir".
Yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı mövzu ilə bağlı SİA-ya açıqlamasında bildirib ki, piyada təhlükəsizliyi piyadalar üçün əlverişli şəraitin yaradılması, piyadalar üçün təhlükəsiz və rahat şəraitin yaradılmasıdır: "Bunlar yol hərəkətinin təşkilində əsas faktorlardan, elementlərdən biri olmalıdır. Çünki piyadalar yol hərəkətində ən müdafiəsiz iştirakçılardır. Xüsusən də, azyaşlılar və yaşlı insanlar ən müdafiəsiz iştirakçılardır. Çünki onların yol nəqliyyat hadisələri zamanı təhlükəsizlik demək olar ki, təmin olunmurdu. Piyada keçiddən keçərkən çevik davrana bilmirlər, diqqətsiz olurlar. Sürücülər onlara yol verməsə, diqqət etməsələr, onlar yol qəzalarının qurbanı ola bilərlər. Piyada təhlükəsizliyi isə onlar üçün yaxşı şəraitinin yaradılması deməkdir. Piyada keçidlərinin normal şəkildə görünməsi, keçidlər üçün nişanların qurulması və sürücülərin onları vaxtında görməsi əsas elementlərdir. Bir çox ölkələrdə piyada keçidlərinin yaxınlığında trampilinlər qoyulub ki, sürücülər piyada xətlərinə yaxınlaşanda sürəti azaltsınlar. Düşünürəm ki, artıq biz də bu məsələni qanuna gətirməliyik. Çünki son vaxtlar baş verən yol-nəqliyyat hadisələrini təhlil edəndə görürük ki, hətta piyadaların bəziləri piyada keçidində vurulur. Ona görə də, keçidə yaxınlaşanda sürücünü məcburi şəkildə sürəti azaltmağa yönləndirməliyik. Bir sözlə, elə şərait yaradılmalıdır ki, məcburən o, sürətini azaltsın. Digər tərəfdən, səkilərin piyadalar üçün əlçatan olması vacib məsələdir. Çünki bu gün Bakı şəhərində səkilərin əksəriyyəti qəssablar, dönərxanalar, peraşki satanlar və avtomobili park edənlər tərəfindən tutulub. Düşünürəm ki, aidiyyatı qurumlarımız məsələyə kompleks yanaşmalıdır".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB