Bakıda iqtisadi subyektlərə müəyyən qədər qadağa qoyulmalıdır - EKSPERT MÖVQE BİLDİRDİ

"Urbanizasiya prosesi bizdə ötən əsrin ortalarından daha çox vüsət aldı. Bu da paytaxt Bakının böyüməsi ilə bağlı idi. Ancaq yenə də demoqrafik, coğrafi vəziyyət normal idi". Bunu SİA-ya açıqlamasında Sağlam Cəmiyyət Hərəkatının eksperti Elçin Bayramlı deyib.

Ekspert qeyd edib ki, Sovet İttifaqı dağılandan sonra isə 90-cı illərdə Bakıya yüz minlərlə qaçqın üz tutdu. O cümlədən regionlarda iş yerlərinin olmaması səbəbindən daha yüz minlərlə insan regionlardan Bakıya axın etdi. Beləliklə Bakıda urbanizasiya prosesi maksimum həddə çatdı. Bu şəhər artıq normadan 2-3 dəfə artıq yüklənib. Bir sıra ölkələrdə meqopolislərin yaranması orada mədəni, iqtisadi mərkəzlərin formalaşmasına səbəb olur. Bizdə də urbanizasiya ölkə iqtisadiyyatının hardasa 70 faizdən çoxunun Bakıda formalaşmasına səbəb olur. Ona görə də, bizim ölkə üçün bu o qədər də uğurlu deyil.

Elçin Bayramlı bu barədə fikirlərini belə izah edib: "Çünki böyük ölkələrdə müxtəlif yerlərdə meqopolislər yaranırsa, biz də bir meqopolis mövcuddur. Bu da o deməkdir ki, ölkənin bütün əhalisi ölkənin bir küncünə, bir hissəsinə yerləşmiş olur. Nəticədə, balanslı şəkildə inkişaf getmir. Həm iqtidsadi, həm siyasi cəhətdən balanslı inkişaf olmur. Həmçinin, regionlarda sosial-iqtisadi vəziyyət elə də yaxşı olmur. Çünki bütün diqqət meqapolisə yönəlir. Fikrimcə, hökumət bunun qarşısını almaq üçün regionların bir qədər inkişafına fikir verməlidir ki, ölkənin bir neçə ərazilərində iri şəhərlər formalaşsın. Hazırki vəziyyətdə Bakı şəhərinin əhalisi hardasa 5 milyondur. Belə getsə, bu 7-8 milyona qalxacaq. Bununla da ölkə əhalisinin 70 faizi burada cəmləşmiş olacaq. Ondansa, yaxşı olardı ki, Gəncə kimi, Naxçıvan kimi, Mingəçevir kimi sənaye şəhərlərinin inkişafına fikir verilsin ki, ölkədə bir neçə yerdə belə proses getsin.

Ümumiyyətlə, urbanizasiya bu dövrün bir növ xəstəliyidir. Bu da ən çox o ölkələrdə olur ki, orada kəndlə şəhər arasında mədəni, iqtisadi, sosial fərqlər böyükdür. Əgər bu fərqlər aradan götürülsə, insanların şəhərdə yaşamağa meyli o qədər də olmaz. Xüsusilə də, indi böyük şəhərlərdə ekoloji çirklənmədən tutmuş, psixoloji problemlər nəzərə alınarsa, şəhərdə yaşamaq sakit təbiət qoynunda yaşamaqdan daha ağırdır. Ona görə d bizdə regionlar inkişaf etsə, sosial, mədəni, iqtisadi faktorlar yaxşı olsa, urbanizasiya prosesi avtomatik olaraq dayanacaq. Artıq Bakıda iqtisadi subyektlərə müəyyən qədər qadağa qoyulmalıdır. Yəni zavod, fabriklər, bir sıra dövlət müəssisələri, şirkətləri regionlara yönəldilməlidir ki, insanlar bir tərəfli axın etməsin. Beləliklə də, ölkənin hər yerində əhalinin yerləşməsi balanslı olsun".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə