Ulu Öndərin Azərbaycan gəncliyinə olan etimadı bu gün öz təsdiqini tapmaqdadır

Ulu Öndərin Azərbaycan gəncliyinə olan etimadı bu gün öz təsdiqini tapmaqdadır

“12 dekabr 2003-cü il tarixində Azərbaycan xalqı öz böyük oğlunu, tarixinin ən dahi şəxsiyyətlərindən birini itirdi. lakin bu itki yalnız cismani idi, çünki Ulu Öndər Heydər Əliyev xilaskarı olduğu Azərbaycan xalqının qəlbində əbədi olaraq məskən salıb. Nə qədər ki, Azərbaycan var, Heydər Əliyev yaşayacaqdır!”. Bu sözləri SİA-ya açıqlamasında “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı deyib.

Onun sözlərinə görə, bu gün əminliklə vurğulamaq olar ki, Ümummilli Lider Heydər Əliyevin ruhu şaddır, cünki memarı olduğu müstəqil Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır: “Ulu Öndər Heydər Əliyevin banisi olduğu və Azərbaycan xalqını vahid amal ətrafında birləşdirərək Azərbaycan dövlətçiliyinin əsasında duran Azərbaycançılıq məfkurəsi bu gün öz təntənəsini qeyd edir. Bu gün Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və Azərbaycan xalqı Heydər Əliyev idealarına sadiq olan ölkə başçısı cənab İlham Əliyevin ətrafında sıx birləşərək misli görünməmiş həmrəylik və birlik nümayiş etdirir”.

“Ulu Öndər fəaliyyətini bütün varlığı ilə sevdiyi Vətəni Azərbaycana həsr etmişdir. 1969-cu ildə ilk dəfə olaraq hakimiyyətə gəldikdən sonra Ümumilli Lider sovet ideologiyasının tüğyan etməsinə baxmayaraq Azərbaycanda milli özünüdərkin inkişafı uğrunda durmadan çalışmışdır. Azərbaycanda bütün sahələr diqqət mərkəzində saxlanılaraq inkişaf edirdi, ölkə SSSR-nin lider dövlətləri sırasına yüksəlmişdi. 1993-cü ildə xalqın təkidi və tələbi ilə hakimiyyətə gələrək Ümumilli Lider öz xilaskarlıq missiyasını yerinə yetirərək çağdaş və qüdrətli Azərbaycanın əsasını qoydu. Və bu gün ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında Ulu Öndər Heydər Əliyevin şah əsəri olan Azərbaycan öz ərazi bütövlüyünü bərpa edərək dünyada və regionda söz sahibi olan bir dövlətdir”.

“Heydər Əliyev dühası dövlətin bütün istiqamətlərində olduğu kimi gənclər sahəsində də hiss olunur. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilən dövlət gənclər siyasətinin uğurlu nəticələrindəndir ki, bu gün Azərbaycan gənci ölkənin bütün sahələrində özünü doğruldur, ümummilli məsələlərdə öz birlik və həmrəyliyini nümayiş etdirir. Həyata keçirilən siyasət qanunvericilik bazası ilə daha da möhkəmlənib, gənclərin sosial-iqtisadi və digər problemlərinin həllinə yönələn dövlət proqramları qəbul edilib. Bütün bu proseslər gənclərimizin hərtərəfli formalaşmasına, tam yetkinləşməsinə olduqca müsbət təsir göstərib”.

“Hesab edirəm ki, həyata keçirilən dövlət gənclər siyasətinin uğurlu nəticələri sırasına 44 günlük Vətən müharibəsində Azərbaycan gəncliyinin fəal iştirakını qeyd etməsək olmaz. Ötən il 44 günlük Vətən müharibəsində ölkə gəncliyinin göstərdiyi fəallıq ordumuzun qısa zaman kəsiyində 30 ilə yaxın həsrətə son qoymasına, doğma torpaqlarımızın işğaldan azad edilməsinə gətirib çıxartdı. Azərbaycan gəncləri öz qanları və canları bahasına torpağlarımızı işğaldan azad edərək şəhidlik zirvəsinə ucaldı. Bu Zəfər, qələbə müjdəsi əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla aparılan Dövlət Gənclər Siyasətinin nəticəsidir”.

“Tam əminliklə söyləmək olar ki, ölkəmizdə gənc nəslin bu cür yetişməsində Ulu Öndər Heydər Əliyevin böyük xidmətləri var. Azərbaycan xalqı və gəncliyi ümummilli lideri hər zaman dərin hörmət və ehtiramla yad edəcək, onun əsasını qoyduğu siyasət gəncliyi daha işıqlı sabahlara aparacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə