Laçın rayonunun işğaldan azad olunmasından bir il ötür

Prezident İlham Əliyev: "Bir güllə atmadan biz Laçın rayonunu qaytardıq"

44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu işğal altında olan ərazilərimizi düşməndən azad etdi və tarixi ədalət bərpa olundu, Azərbaycan ordusunun əzmi, qətiyyəti, peşəkarlığı, vətənpərvərliyi təcavüzkar erməniləri torpaqlarımızdan təmizlədi. Bütün Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında bir yumruq olaraq birləşdi və xalq-iqtidar birliyi bu qələbənin qazanılmasında əsas amillərdəndir. Noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin birgə imzaladığı bəyanatla, 10 noyabr 2020-ci il tarixində Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olundu. Həmin sənəd əsasında Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana qaytarıldı. 30 ilə yaxın idi ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan tarixi torpaqları Ermənistanın işğalı altında idi. Bu işğal və etnik təmizləmə siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğal edilmiş və 1 milyondan çox azərbaycanlı məcburi köçkün, qaçqın vəziyyətində yaşayırdı. Artıq məcburi köçkünə dönmüş soydaşlarımızın üzərindən bu statusun götürülməsi hər kəsin sevincinə səbəb olub. Ölkəmizin son illərdə dinamik inkişafı, silahlı qüvvələrin büdcəsinin artması və nəticədə ordumuzun güclənməsi Azərbaycanın Vətən müharibəsində döyüş meydanında öz sözünü demiş oldu. Dövlət başçısının vurğuladığı kimi, bu gün Azərbaycan Ordusu dünyada 50 ən güclü ordu sırasındadır. "Biz bunu yorulmaz fəaliyyət nəticəsində əldə etmişik", - deyən dövlət başçısı Prezident kimi fəaliyyətində ordu quruculuğunun birinci yerdə olduğunu diqqətə çəkib. Bu gün güclü Azərbaycan ordusunun qələbəsi köçkünlərin doğma yurdlarına qayıtmasına səbəb oldu.

"DÖYÜŞ MEYDANINDA ƏLDƏ EDİLMİŞ PARLAQ QƏLƏBƏ BU GÖZƏL NƏTİCƏYƏ GƏTİRİB ÇIXARDI Kİ, ÜÇ RAYONUMUZ – AĞDAM, KƏLBƏCƏR VƏ LAÇIN BİZƏ QAYTARILDI"

Bu gün 1 dekabr tarixində tarixi torpağımız Laçın Azərbaycana qaytarıldı. Azərbaycan Prezidenti İlham Əliyev Laçın rayonunun işğaldan azad olunması münasibətilə Azərbaycan xalqına müraciətində bu xoş müjdəni çatdırarkən bildirmişdir: "Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq".

Xatırladaq ki, Laçın rayonu 18 may 1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdir. İşğal nəticəsində 264 nəfər şəhid olmuş, 65 nəfər girov götürülmüş, 103 nəfər əlil olmuşdur. Rayon üzrə 1 yaşdan 16 yaşadək mövcud olan 24374 nəfər uşaqdan 18 nəfəri şəhid, 225 nəfəri əlil olmuş, 1071 nəfəri bir, o cümlədən 31 nəfəri hər iki valideynindən yetim qalmışdır. İşğal iləəlaqədar rayona 7,1 milyard ABŞ dolları dəyərində ziyan dəymişdir.

"Laçın rayonunun bizə qaytarılması, əlbəttə ki, tarixi məsələdir. Biz müharibə zamanı təqribən 5 min, 5 min kvadratkilometrə yaxın ərazini döyüş meydanında azad etdik, müharibə yolu ilə azad etdik»,-deyən dövlət başçısı onu da deyib ki, 5 min kvadratkilometrə yaxın ərazini artıq sülh yolu ilə qaytardıq: "Əlbəttə, buna sülh yolu ilə qaytarmaq demək olmaz. Biz düşməni məcbur etdik və düşmən artıq uçurum kənarında idi, tamamilə məhv olurdu".

"LAÇIN RAYONUNUN İŞĞALI İMKAN VERDİ Kİ, ARTIQ ERMƏNİSTAN İLƏ DAĞLIQ QARABAĞ ARASINDA YOL BAĞLANTISI OLSUN"

Azərbaycanın ən böyük rayonlarından biri olan Laçında işğala qədər rayonda təqribən 50 mindən bir qədər çox əhali yaşayırdı. Hazırda Laçın rayonunun əhalisi 80 min nəfərə çatıb. "Laçın rayonunun işğal altına düşməsi böyük faciə idi. Mən bir daha demək istəyirəm ki, hər bir rayonun işğal altına düşməsi faciə idi. Amma Laçın rayonunun işğalı imkan verdi ki, artıq Ermənistan ilə Dağlıq Qarabağ arasında yol bağlantısı olsun", - deyən Prezident İlham Əliyev bildirib ki, 1992-ci ilin may ayında Şuşanın işğalından bir neçə gün sonra Laçının işğal altına düşməsi böyük itkimiz idi: "Artıq Ermənistan bu dəhliz vasitəsilə silah-sursat, canlı qüvvə göndərirdi. Əlbəttə ki, bu, böyük itkilərə gətirib çıxardı. Ondan təxminən bir il sonra Kəlbəcər rayonu işğal altına düşdü. Demək olar ki, bütün bunlar sonrakı işğal üçün zəmin yaratdı. Onu da bir daha demək istəyirəm ki, Laçın rayonu işğala məruz qalanda Bakıda hakimiyyət uğrunda mübarizə gedirdi. Bu mübarizəni aparanlar Laçını, Şuşanı, Kəlbəcəri düşmənə satdılar, demək olar ki, Azərbaycan dövlətçiliyini uçurum kənarına qoydular. Biz bütün bu tarixi yaxşı xatırlayırıq". Əlbəttə ki, Kəlbəcər və Laçın rayonlarının çox çətin relyefi var idi. Müharibə dövründə çətin relyefi nəzərə alsaq böyük itkilərin ola biləcəyi istisna deyildi. Cənab Prezidentin vurğuladığı kimi, "Həm Ağdam, həm Laçın, həm Kəlbəcər rayonlarının azad edilməsi işində böyük itkilərimiz ola bilərdi və böyük vaxt sərf olunacaqdı. Ona görə bizim qələbəmiz tarixi Qələbədir. Biz bir neçə rayonu döyüş meydanında düşməndən azad etdik, üç rayonu düşməni məcbur edərək qaytardıq".

Azərbaycan Prezidenti erməni işğalçılarından azad edilmiş torpaqlarda hər tərəfin infrastrukturun dağıdıldığını, binaların söküldüyünü, hər yeri viran qoyduqlarını bildirərək həmin bölgələrdə, rayonlarda normal həyat üçün bütün addımların atılacını diqqətə çatdırmışdır. "Laçın rayonunda bizim böyük meşə sahələrimiz var - ərazinin 22 min hektarı meşə sahəsidir", - deyən Cənab Prezident mənfur, vəhşi düşmənin bizim meşələrimizi 30 il ərzində qırıb, taladığını bildirmişdir: "Onu da bildirməliyəm ki, bizim böyük çayımız - uzunluğu 100 kilometrdən çox olan Həkəri çayının mənbəyi Laçın rayonundadır. Bu da böyük strateji əhəmiyyətə malik olan məsələdir. Deyə bilərəm ki, bizim 10-dan çox böyük və kiçik çayımızın mənbəyi işğaldan azad edilmiş torpaqlardadır. Onların arasında 4 çayı xüsusilə qeyd etmək istərdim. Çünki bu çayların uzunluğu 100 kilometrdən çoxdur. Tərtərçay 200 kilometr, Bazarçay 180 kilometrə yaxın, Xaçınçay 120 kilometrə yaxın – bu 3 çay Kəlbəcər rayonunda yerləşir. Həkəri çayı da böyük çaylarımızdan biridir, uzunluğu 100 kilometrdən çoxdur".

"BU QƏLƏBƏ AZƏRBAYCAN TARİXİNDƏ ƏBƏDİ QALACAQ, ŞANLI QƏLƏBƏ KİMİ!"

Azərbaycanın əzəli, tarixi torpaqları bu gün işğaldan azad olunub. Hər bir ərazidə böyük abadlıq-quruculuq işlərinə başlanılıb. Eləcə də bir əvvəl düşmən işğalından azad olunan Laçınımızda. "Hər kəs gücümüzü gördü. Hər kəs qüdrətimizi gördü, iradəmizi gördü", - deyən Prezident bildirib ki, bu dəmir yumruq onların belini qırdı, onların başını əzdi: "Bu, birlik yumruğudur, bu, güc yumruğudur. Bundan sonra Azərbaycan yalnız inkişaf, tərəqqi yolu ilə gedəcək. Bundan sonra da biz ordu quruculuğu işində əməli addımlar atacağıq, ordumuzu daha da gücləndirəcəyik. Bütün göstərişlər verildi. İradəmiz də var, təcrübəmiz də var - əvəzolunmaz təcrübə. İndi bütün ölkələr bu Vətən müharibəsinin təcrübəsini öyrənirlər. Vəsaitimiz də var. Xalq-iqtidar birliyimiz də var. Biz göstərmişik ki, böyük xalqıq, qürurlu xalqıq. Düşməni yerə vurduq. Düşmənin belini qırdıq, məhv etdik. Bu, tarixi Qələbədir. Bu Qələbə Azərbaycan tarixində əbədi qalacaq, şanlı Qələbə kimi!"

Nəzkət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...