Müasir Azərbaycan gəncliyi necə olmalıdır? - SORĞU

Gənclər ümidimiz, gücüm və gələcəyimizdir. Gənclərin inkişafı üçün dövrün dinamikasına uyğun keyfiyyətli təhsil almaları, dəyərlərinə sadiq, şüurlu, sorğu-sual edən, araşdıran və sərbəst düşünən nəsillər olaraq yetişdirilməlidir. Gənclər cəmiyyətin əsas hissəsini təşkil edir. Ulu Öndərimiz Heydər Əliyev gənclərə hər zaman diqqət, qayğı göstərmişdir. Gənclərlə bağlı məsələləri hər zaman göz önünündə saxlamış və öz siyasətinin bir hissəsinə çevirmişdir. Bizdən sonra bu vətən gənclərə əmanətdir. Onun davamçısı İlham Əliyev də hakimiyyətə gəldiyi illərdən bəri hər zaman gənclərə xüsusi diqqət, qayğı göstərmişdir. SİA gənclər təşkilatlarının nümayəndələri arasında sorğu keçirib. Bəs gəlin görək gənclər onlar üçün yaradılan şəraiti necə dəyərləndirirlər.

ATGTİ-nin beynəlxalq əlaqələr və donorlarla iş sektorunun rəhbəri Nigar Hüseynova: "Bu gün Azərbaycanın əldə etdiyi uğur və zəfərlərin arxasında böyük gənclər ordusu dayanır. Dövlətimiz gələcəyimizin memarları olan gənclərimizə hər zaman diqqət və qayğı ilə yanaşmışdır. Bunun nəticəsidir ki, dövlət siyasətinin mühüm və ayrılmaz tərkib hissəsi məhz gənclər siyasətidir. Daim yenilik axtarışında olan zəngin insan kapitalına dəyər verən Prezident İlham Əliyev də əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasəti uğurla davam etdirir. Bu baxımdan bu gün cəmiyyətin inkişaf prosesində, ictimai-siyasi, sosial-iqtisadi sferalarda gənclərimiz dövlət tərəfindən yaradılmış imkanları dəyərləndirərək fəal iştirak edirlər. Həm yerli, həm beynəlxalq konteksdə Azərbaycanı müvəffəqiyyətlə təmsil edən gənclər haqq səsimizin dünyaya çatdırılması istiqamətində dayanmadan işlər görürlər. Eyni zamanda idman, mədəniyyət, incəsənət və digər sahələrdə qələbə qazanaraq Azərbaycanın adını zirvələrə qaldırırlar. Azərbaycanın bugünkü dinamik inkişafı da qazanılan uğurlarımızla həmahəngdir. Ölkənin mənafeyi və parlaq gələcəyimiz naminə Prezident İlham Əliyev tərəfindən gənclər daim diqqət mərkəzində saxlanılır və təsdiqlənmiş dövlət proqramları da bunun bariz nümunəsidir. Bu proqramların əsas məqsədi gənclər siyasətinin daha səmərəli təşkili, gənclərin cəmiyyətin bütün sahələrdə təmsil olunnması və onların innovativ potensialının üzə çıxarılmasına dəstək göstərməkdir.

Onu da qeyd etmək lazımdır ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazandığımız tarixi zəfərdə gənclərimizin misilsiz rolu olmuşdur. Hər iki səngərdə şüacətlə mübarizə aparan gənclər həm ön cəbhədə torpaqlarımızın azad edilməsi uğrunda sinələrini sipər etmiş, həm də arxa cəbhədə diplomatiya və sosial media istiqamətlərində fəaliyyət göstərmişlər. Eyni zamanda, Azərbaycan gəncləri erməni falsifikasiyasına qarşı mübarizə aparmaqda və haqq səsimizin beynəlxalq ictimaiyyətə çatdırılmasında aktiv iştirak etmişlər. Bütün bu fəaliyyətlər vətənpərvər ruhda böyüyən, dövlətinə, xalqına sadiq gənc nəslin inkişafına böyük töhfə verir.

Hazırda fəaliyyət göstərən bir çox gənclər təşkilatlarında təmsil olunan biz gənclərin də əsas məqsədi yaradılmış imkanları daim düzgün qiymətləndirmək və çiçəklənən Azərbaycan üçün əlimizdən gələni etməkdir".

"İrəli" İctimai Birliyinin sədri Şahin Rəhmanlı: "Ölkə başçısı tərəfindən hər zaman gənclərə diqqət və qayğı xüsusi və yüksək səviyyədə olmuşdur. Bəlkə də heç bir ölkədə Azərbaycanda olduğu qədər gənclərlə iş istiqamətində fəaliyyət göstərən müəssisə yoxdur. Gənclər və İdman Nazirliyi, Milli Məclisin Gənclər və İdman Komitəsi, Azərbaycan Respublikası Gənclər Fondu, Gənclərin İnkişaf və Karyera Mərkəzləri, Gənclər Mərkəzləri və Gənclər Evləri, eləcə də bütün rayonlarımızda fəaliyyət göstərən Gənclər və İdman İdarələri ölkə gənclərinin hərtərəfli inkişafına, aktiv vətəndaş kimi yetişməsinə, vətənpərvər, bilikli, bacarıqlı bir lider kimi yetişməsində xüsusi rola malikdir.

İstənilən müstəqil dövlətin ictimai-siyasi nüfuzu onun inkişafı ilə, tərəqqisi ilə ölçülür. Bütün hallarda inkişafa aparan yol ölkə vətəndaşlarının intellektual səviyyəsinin yüksəldilməsindən keçir. Cənab Prezident hər zaman öz çıxışlarında Azərbaycan gənclərini daha intellektual görmək istədiyini və bu istiqamətdə onlar üçün hər şəraitin yaradıldığını vurğulamışdır. Fikrimi konkret faktlara əsaslanaraq bildirmək istəyirəm.

- Gəncliyin inkişafı və onlara dəstək olmaq məqsədilə 2005-ci ildən etibarən üç Dövlət Proqramı qəbul edilmişdir.

- 2015-2025- ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası;

- Azərbaycan Gənclərinin nüfuzlu xarici universitetlərdə təhsil ala bilməsi üçün “Dövlət Proqramı”. Qeyd edim ki, ölkə başçısının sərəncamına uyğun olaraq “Proqram” yenidən fəaliyyətinə başlayacaq.

- “Gənclərin Dayanıqlı Məşğulluğu Proqramı” və s. tədbir və proqramlar birbaşa ölkə rəhbərinin göstərişi ilə Azərbaycan gəncliyinin inkişafına xidmət edir.

Düşünürəm ki, ən əsası isə Vətən Müharibəsi zamanı öz canını və qanını gözünü qırpmadan Vətən uğrunda qurban verən, vətənpərvər gənclərin olması illərdir dayanıqlı şəkildə aparılan “Dövlət Gənclər Siyasətinin” ən parlaq nəticəsidir. Bir sözlə bu gün Azərbaycanda gənclər siyasəti dövlətin böyük önəm verdiyi prioritet sahələrdəndir. Gənclərimiz də bu imkanlardan yararlanır, cəmiyyətin inkişaf prosesinin əsas hərəkətverici qüvvəsi olurlar. Ali Baş Komandan ölkə gəncliyinə, gənclər isə dövlət başçısına güvənərək dəmir yumruq kimi birləşərək güc, iradə və həmrəylik nümayiş etdirir".

Vətəndaş cəmiyyətinin fəal üzvü Nərgiz Xələf: "Cənab Prezident İlham Əliyevin hakimiyyətə gəldiyi müddətdən etibarən gənclərə göstərdiyi qayğı, gənclər üzərindəki nəzarət göz qabağındadır. Həmin o gənclik məhz bu gün Qarabağı düşmən tapdağı altından xilas edib. Bütün bunlar hamısı cənab Prezidentin gənclərlə bağlı strategiyasının bir hissəsidir. Gənclər proqramlarının hazırlanması, gənclərlə bağlı strateji planlama, dövlət strukturlarında vətəndaş cəmiyyətinin gənclərin maarifləndirilməsi ilə bağlı iş prosesinə qoşulması xüsusilə bu maarifləndirmə ilə bağlı milli fondların yaradılması ən vacib məqamlardan biridir. Gənclərin milli vətənpərvərlik ruhunda formalaşdırılması cənab Prezidentin çıxışlarında da qeyd etdiyi kimi əsas qayələrimizdən, əsas işlərimizdən biridir. O gənclər ki, 30 il bundan əvvəl torpaqlarımızın işğalı zamanı uşaq idilər yaxud da ümumiyyətlə dünyaya gəlməmişdilər. Azərbaycan gəncliyi həmin dövrdə informasiya müharibəsində özünü göstərmiş xalqımızı, dövlətimizi yüksək səviyyədə dəstəkləmiş, beynəlxalq tribunalarda müdafiə etmişdir. Ön cəbhədə də öz gənc oğullarımız, övladlarımız canları ilə torpağı müdafiə etmişdilər. Bütün dünya gördü ki, bu proses ərzində Azərbaycan gəncliyi öz sərkərdəsinin davamçısı kimi uzun illərdir işğal altında olan torpaqlarımızı işğaldan azad etmişdir.

Mən ilk olaraq bu mövzuya toxundum ki, yəni Azərbaycan gənci son dönəmlərdə necə məharətlə xalqına dayaq olmuşdur. Elm, təhsil ocaqlarında gənclərin maarifləndirilməsi ilə bağlı gedən proseslərə xüsusi nəzarətin olunması nazirliklərə, dövlət strukturlarına verilən tapşırıqdır. Canab Prezident təhsilə nə qədər önəm verdiyini hər zaman vurğulamışdır. Və mən ümid edirəm ki, yaxın gələcəkdə təhsillə bağlı daha böyük bir dəyişiklik ediləcək. Pandemiya bütün dünyada təhsil prosesinin ləngiməsinə səbəb olub amma əminəm ki, bu çətinlikləri aşdıqdan sonra təhsillə bağlı dəyişikliklər olacaq. Çünki gənclərin formalaşmasında ən əsas faktor təhsildir. Ölkəmizi müxtlif təşkilatlarda konfranslarda təmsil etmək üçün intellektual gənclər yetişməlidir. Gənclərimizin xaricdə təhsili ilə bağlı da bu yaxınlarda cənab Prezident bir neçə xüsusi maqamlara toxunub. Gənclərin xaricdə təhsil alması üçün şəraitin yaradılmasına dəstək olub. Gənclərin dövlət xətti ilə xaricdə təhsil alması həm gənclərimiz üçün, həm də dövlətimiz üçün müsbət bir haldır. Bildiyiniz kimi xaricdə təhsil alan gənclərimiz dünyagörüşünə görə xarici tələbələrdən daha çox seçilirlər. Ümid edirəm ki, ixtisaslaşma məsələsində xaricdə təhsil alan gənclərimizin gələcəkdə də Azərbaycanın inkişafında böyük töhfələri olacaqdır".

Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə