"Toyota Prius"un sürücüləri niyə etiraz etdi? - REPORTAJ

Son günlər istər mediada, istərsə də sosial şəbəkələrdə "Toyota Prius" avtomobillərinin Dövlət Yol Polisi tərəfindən kütləvi şəkildə saxlanılaraq cərimə meydançalarına aparılması, avtomobil sahiblərinin cərimələnməsi barədə xəbərlər yayılıb. Məsələ burasındadır ki, səbəb olaraq, həmin avtomobillərin ölkəyə daxil olmazdan əvvəl katalizatorlarının çıxarılması, onların katalizatorsuz olması, yaxud katalizatorlarının qüsurlu olması bildirilir.

Belə bir sual yaranır ki, sözügedən avtomobillər ölkəyə daxil olarkən və Dövlət Yol Polisinin qeydiyyatından keçərkən nəyə görə bu qüsur aşkarlanmayıb və nə səbəbə bu məsələ indi gündəmə gətirilib?

SƏS İnternet Televiziyası olaraq məsələyə aydınlıq gətirməyə, eləcə də bununla bağlı aidiyyatlı qurumlardan və ekspertdən münasibət öyrənməyə çalışdıq. Bu barədə ilk olaraq Dövlət Gömrük Komitəsinə müraciət etdik. Qurumun mətbuat xidmətinin rəhbəri Natiq Axundov bu məsələ ilə əlaqədar açıqlama verdi.

“Sizin sorğunuza uyğun olaraq bildiririk ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 14 yanvar 2014-cü il 2 saylı qərarı ilə Azərbaycan Respublikasına idxal edilən avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələr üzrə 2014-cü il aprelin 1-dən AVRO-4 ekoloji normaları tətbiq edilir.

Avtonəqliyyat vasitəsinin AVRO-4 ekoloji normalara uyğunluğu nəqliyyat vasitəsinin VIN kodu-nəqliyyat vasitəsinin eyniləşdirmə nömrəsi vasitəsilə bazadan təyin edilir. Bu baxımdan ekoloji normalara cavab verən nəqliyyat vasitələrində katalizator sisteminin işlək olması vacibdir”, deyə Natiq Axundov bildirib.

Daha sonra məsələ ilə əlaqədar olaraq, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə müraciət etdik. Qurumun mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov bununla bağlı məsələyə aydınlıq gətirdi.

“Bununla əlaqədar narahatçılığa ehtiyac yoxdur. Sadəcə yol polisi, sürücü, vətəndaş, paytaxt sakini olaraq bir daha bu tipli avtomobil sürücülərinə müraciət edirik və vaxt veririk ki, getsinlər bu çatışmamazlığı aradan qaldırsınlar. Avtomobil alarkən, satarkən bu tələbin yerində olmasına diqqət yetirin. Mütəxəssislərə müraciət edin. Bir neçə işbazın məlum işlə əlaqəli vətəndaş-polis münasibətlərinin gərginləşdirilməsinə ehtiyac yoxdur.

Bəli, katalizatorun olmaması inzibati xəta tərkibi yaradır, bu tip avtomobillər yol hərəkətində istismar edilə bilməz. Çünki, ətraf mühitə atılan zərərli qazların miqdarını çoxaldır, eyni zamanda mühərrikin səs gücünün artmasına səbəb olur. Bu qanunun tələbidir və bu tələbi müzakirə etmək, “mən belə almışam”, “xəbərim yoxdur”, demək olmaz. Nədən vətəndaş nəqliyyat vasitəsi alarkən bir neçə mütəxəssisə, dəmirçiyə, rəngsaza, mühərrik üzrə mütəxəssisə müraciət edir? Qoy vətəndaşlar bu sahə üzrə də müraciət etsinlər.

Bəli, biz də araşdırma apardıq. Təkcə "Toyota Prius"lar deyil, bir çox avtomobillər var ki, onlarda da həqioqətən bu katalizator yoxdur. Ona görə, xahiş edirik, tələb edirik, vaxt veririk, şərait yaradırıq ki, yəni, narahatçılıq, narazılıq yaratmadan katalizatorun nəqliyyat vasitəsində olması üçün tədbir görülsün və imkan verilməsin ki, bununla bağlı o dırnaqarası alverçilər də fürsətdən istifadə eləsinlər”, deyə Vaqif Əsədov bildirib.

"Toyota Prius", yaxud digər avtomobillərdə katalizatorların olmaması, və ya qüsurlu olması ilə əlaqədar yayılan xəbərlərlə bağlı nəqliyyat üzrə ekspert Elməddin Muradlıya müraciət etdik. Ekspert bununla bağlı maraqlı məsələlərə toxundu və ətraflı şəkildə şərh etdi.

“Son günlər gündəmə gələn katalizator məsələsi əslində artıq həll olunmaq üzrədir. Çünki Dövlət Yol Polisinin rəhbərliyi həmin sürücülərin bir çoxunu qəbul elədi və onlara da şifahi şəkildə tapşırıq verildi ki, bir müddət onlara hərhansı bir cərimə tətbiq edilməyəcək, amma problemi həll etməlidirlər. Problem belə bir vəziyyətdə qala bilməz. Çünki, biz danışanda ətraf mühitin qorunması, ekoloji problemlərin həllindən danışırıq, amma bu tərəfdən də ekoloji problem yaradan maşınların istismarına imkan yaratsaq, gələcəkdə bizim vəziyyətimiz heç də yaxşı olmayacaq. Çünki, ortada 2019-cu il, 2023-cü illəri əhatə edən Dövlət Proqramı var, ölkə rəhbərliyi bu proqramı təsdiqləyib və ətraf mühitin qorunması, yol nəqliyyat hadisələrinin qarşısının alınması, nəqliyyat təhlükəsizliyinin gücləndirilməsi üçün bu proqram icra olunmalıdır. Burada köhnə maşınların istismardan çıxarılması və sair məsələlər öz əksini tapır.

Katalizator məsələsi birdən-birə ortaya çıxmayıb. Polis hər bir halda məlumat əsasında araşdırma aparıb və bəlli olub ki, doğrudan da xüsusən Gürcüstandan gətirilən maşınların katalizatoru yerində deyil. Əsasən də bu Toyota Prius maşınlarında belədir. Problem də ondan qaynaqlanır ki, hansısa işbazlar burada oyun oynayırlar. Onlar əsasən bu maşınları gətirirlər. Fərdi qaydada gətirənlər də var və bu ayrı məsələdir. Amma bəzi adamlar var ki, kütləvi şəkildə bu maşınları gətirir və icarəyə verir taksi sürücülərinə. Çox ehtimal ki, katalizatorların sökülməsində onların da rolu var. Onlar həm maşını gətirirlər, həm kirayə verirlər oradan qazanc əldə edirlər, həm də katalizatoru söküb satırlar ordan da bir gəlir əldə edirlər. Amma, ən böyük ehtimal Gürcüstanla bağlıdır. Çünki, Gürcüstanda bu gün avtomobil sektoru ilə məşğul olanların 90 faizi əyri əməllərlə məşğuldurlar.

Məsələn, avtomobil alıcısının aldığı avtomobili haradasa 15 dəqiqə saxlaması belə kifayət edir ki, həmin avtomobildən katalizator oğurlansın. Yəni, Gürcüstanda bir xəstəlik kimi bu formalaşıb ki, mütləq katalizatoru sökmək lazımdır. Xüsusən, istirahətə gedən azərbaycanlılar orada maşında olan problemi həll etmək üçün müraciət edəndə də cəmi bir neçə dəqiqə ərzində katalizator sökülür ki, heç onların özlərinin də xəbər olmur. Ona görə, son dərəcə diqqətli olmaq lazımdır Gürcüstandan gətirilən maşınlarla bağlı.

Bu məsələdə bizim mənfur qonşu ermənilərin də böyük təsiri var. Gürcüstanda avtomobil bazarında ermənilərin çox böyük imkanları var və təəssüf olsun ki, bizim o bəzi azərbaycanlılar da gedib onların tələsinə düşürlər ki, ermənilərin maşını ucuz olur. Amma bilmirlər ki, niyə ucuzdur. Çünki, onların təklif etdikləri bax belə zay maşınlardır, satırlar ki, gedib azərbaycanlıları zəhərləsin. Dolayı yolla onlar öz mənfur erməni siyasətini də yeridirlər. Bizim bəzi azərbaycanlılar da ciblərini düşünüb o maşınları alırlar, g\torob burada satırlar və belə problemlər ortaya çıxır.

Çox təssüf ki, belə avtomobillərin ölkəyə gətirilməsində bir məhdudiyyət yoxdur. Əgər hər hansı bir məhdudiyyət olarsa, gələcəkdə bu avtomobillərin ölkəyə gətirilməsi məhdudlaşa bilər. Bunun üçün təklif edirəm ki, hətta Milli Məclis səviyyəsində məsələni müzakirə etsinlər, həm də gömrük və yol polisi orqanlarına əlavə səlahiyyət verilsin ki, avtomobilin texniki parametrlərinə dəqiq baxsınlar. Məsələn, bir sıra inkişaf etmiş ölkələr belə zay maşınların ölkəyə gətirilməsini konkret olaraq məhdudlaşdırıb. İnsanlar öz gələcəyini, öz sağlamlığını düşünməlidirlər. Təhlükəsizlik elementləri aktiv olan maşınlara keçmək lazımdır və bütün dövlətlər istəyir ki, avtomobil parkı nə qədər yeni olarsa, nəqliyyat hadisələrinin sayı bir o qədər aşağı düşəcək. Ona görə də insanlar bunu nəzərə almalıdırlar.

Texniki baxışda əlavə səlahiyyətlər olmalıdır. Texniki baxış zamanı bu gün hibrid avtomobillərin, elektromobillərin texniki baxış qaydaları heç məlum deyil. Çünki, bu yeni texnologiyadır. Onların texniki baxışdan necə keçiriləcəyi aydınlaşmalıdır. Texniki baxış məntəqələrində əlavə bokslar yaradılmalıdır ki, həmin bokslarda hibrid və elektromobillər texniki baxışdan keçirilməlidir. Bunun üçün də indidən mütəxəssislər də hazırlanmalıdır. Biz bu tərəfdən deyirik ki, hibrid avtomobilləri, elektromobillər gətirək, digər tərəfdən də onların mütəxəssisləri azdır Azərbaycanda. Bu barədə düşünmək lazımdır. Yoxsa, katalizator məsələsi kiminsə biznes marağıdır, burada başqa bir problem yoxdur.

Texniki baxış zamanı nöqsanlar ona görə üzə çıxmır ki, bu avtomobillər hibrid avtomobillərdir və texniki baxış zamanı mühərriki işə saldıqda 60 km/saat sürətə qədər yanacaqdan istifadə etmir deyə yoxlayıcı cihaz da bu zaman nə isə müəyyən edə bilmir. Yerində işləyən hibrid avtomobil yanacaq istifadə etmədiyinə görə zəhərli mazın miqdarını müəyyənləşdirmək olmur. Yol Polisinin də elə bir səlahiyyəti yoxdur ki, girib maşının altına baxsın ki, o maşında katalizator yerindədir, yoxsa yerində deyil. Ona görə deyirəm ki, hibrid avtomobillər məhz burada problem yaradır ki, qanunvericilik bazası yoxdur, yeni texnologiyadır, amma insanlar da narahat olmasınlar, bu öz həllini tapacaq”, deyə Elməddin Muradlı bildirib.

İnanırıq ki, məsələ tezliklə öz həllini tapacaq və avtomobil sahibləri avtomobil əldə edərkən daha diqqətli olacaqlar, avtomobildə katalizatorun olub-olmamasına diqqət edəcəklər və bundan sonra sürücülərlə polis arasında narazılıq yaşanmayacaq.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə