Bu gün DAK İranın Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçirəcək

Bu gün DAK İranın Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçirəcək

23 may 2011-ci il tarixində saat 12:00-da Dünya Azərbaycanlıları Konqresinin (DAK) Azərbaycan Nümayəndəliyi 22 may hadisələrinin 5-ci ildönümü münasibətilə İranın Azərbaycan Respublikasındakı səfirliyinin binası qarşısında etiraz aksiyası keçirəcək.

Bu barədə SİA-ya DAK-ın Azərbaycan Nümayəndəliyinin rəhbəri Səftər Rəhimli bildirib. Onun sözlərinə görə, bu piketi keçirməkdə əsas məqsəd 2006-cı il mayın 22-də Təbriz şəhərində milyonlarla Azərbaycan türkünün "İran" adlı dövlət qəzetində təhqir edilərək hamam böcəyinə bənzədilməsinə etiraz əlaməti olaraq küçələrə çıxmasının ildönümünü qeyd etməkdir.

Səftər Rəhimli deyib ki, artıq aksiyanın keçiriləcəyi ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti məlumatlandırılıb və qarşı tərəfin cavabı mayın 23-də bəlli olacaq.

DAK-ın Azərbaycan Nümayəndəliyinin rəhbəri Bakı şəhər İcra Hakimiyyətinin hansı cavabı verməsindən asılı olmayaraq, piketin keçiriləcəyini söyləyib. Səftər Rəhimli vurğulayıb ki, aksiyada DAK-ın Azərbaycan Nümayəndəliyi adından beynəlxalq təşkilatlara və İran adlanan yerin siyasi hakimiyyətinə müraciətlər təqdim ediləcək: "Müraciətlərdə Azərbaycan türklərinin fars şovinist rejimi tərəfindən davamlı olaraq təhqir edilməsi, öz tarixi torpaqlarından zorla çıxarılması, təhdidlərlə ölkədən çıxarılması, qondarma ittihamlarla həbs edilməsi, milli fəalların həbsxanalarda insanlığa sığmayan işgəncələrə məruz qalması və həbs müddətləri bitmiş Azərbaycan türklərinin hələ də azadlığa buraxılmamaları və s. məsələlər öz əksini tapacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə