Xaçmazda yeni yaşayış binası aztəminatlı və xüsusi qayğıya ehtiyacı olan vətəndaşların istifadəsinə verilib

Xaçmazda yeni yaşayış binası aztəminatlı və xüsusi qayğıya ehtiyacı olan vətəndaşların istifadəsinə verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aztəminatlı və xüsusi qayğıya ehtiyacı olan vətəndaşlara diqqət və qayğının daha da artırılması məqsədilə mütəmadi olaraq tədbirlər həyata keçirir. Növbədə olan əlil və şəhid ailələrinin müasir tə­ləblərə cavab verən yeni mənzillərlə təminatı istiqamətində işlər bu gün də davam etdirilir. Bu tədbirlərin davamı olaraq 20 may tarixində Xaçmaz rayonunda 28 May – Respublika günü münasibətilə 4 mərtəbəli 16 mənzilli yaşayış binası həmin təbəqələrdən olan insanların istifadəsinə verilib. SİA-nın xəbərinə görə, ümumi sahəsi 1266 m2 olan yaşayış binasında hər birinin ümumi sahəsi 70 m2 olan 2 otaqlı və 85,5 m2 olan 3 otaqdan ibarət mənzillər ən müasir standartlara uyğun olaraq inşa edilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov açılış mərasimində iştirak edərək Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə mənzillərin açarını və sənədlərini təqdim edib. Tədbirdə qeyd olunub ki, sosial müdafiə sahəsinə xüsusi qayğı göstərən ölkə başçısı əlil və şəhid ailələrinin mənzillə təminatını daim diqqət mərkəzində saxlayır. Bunun nəticəsidir ki, 2010-cu ildə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 715 mənzil, o cümlədən 200 fərdi ev inşa olunub. Prezidentin tapşırığına uyğun olaraq, mənzillərin inşasında müsbət dinamikanın qorunub saxlanması və nəticədə növbədə olan əlil və şəhid ailələrinin yeni müasir mənzillərlə təminatının tam başa çatdırılması istiqamətində məqsədyönlü işlər aparılır. Nazirlik tərəfindən Bakı şəhərində və respublikanın digər bölgələrində bu günədək ümumilikdə 4000-dən artıq mənzil inşa olunaraq Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə verilib.

28 May – Respublika günü münasibətilə növbəti belə tədbirlərin 26 may tarixdə Astara, Biləsuvar və Salyan rayonlarında, 15 İyun Milli Qurtuluş günü münasibətilə isə növbəti ayda Mingəçevir şəhəri və Qobustan rayonunda keçirilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə