Ermənistan beynəlxalq prinsipləri heçə sayır

30 ilə yaxın müddətdə təcavüzkar siyasəti ilə beynəlxalq hüququn bütün norma və prinsiplərini pozaraq torpaqlarımızı işğalda saxlayan, təxribatçı əməlləri ilə regionda sülhü və təhlükəsizliyi təhdid edən Ermənistan silahlı qüvvələri sentyabrın 27-də səhər saatlarında hücum edərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdu. Bundan əvvəl Ermənistan bu ilin iyul ayında Azərbaycanın münaqişə zonasına aid olmayan Tovuz rayonu istiqamətində sərhəd boyu qanlı toqquşma törətmiş, avqustda isə Goranboyda kəşfiyyat-təxribat əməliyyatı həyata keçirməyə cəhd etmişdi. Bütün bunlarla kifayətlənməyən Ermənistan rəhbərliyi beynəlxalq hüquq normalarını, Cenevrə Konvensiyasını pozaraq işğal edilmiş ərazilərdə qeyri-qanuni şəkildə məskunlaşdırma prosesini davam etdirir.

Son vaxtlar Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları sistemli xarakter daşıyır. İyul, avqust və sentyabr aylarında baş vermis Yerevanın hərbi təxribatları regiona təhlükə yaradır və Azərbaycanı hərbi qüvvədən istifadə etməyə təhrik edir. Ermənistanın təxribatları, eyni zamanda, Ermənistan rəhbərliyi tərəfindən verilən qeyri-ciddi, sərsəm bəyanatlarda da öz əksini tapır. Əgər Ermənistanın baş naziri deyirsə ki, “Qarabağ Ermənistandır”, Azərbaycan Ermənistanla yox, qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmalıdır, onda hansı danışıqlardan söhbət gedə bilər?! Bu təxribat xarakterli bəyanatlar faktiki olaraq danışıqlar prosesinə vurulan böyük zərbə idi və bu danılmaz fakt yalnız bizi deyil, beynəlxalq ictimaiyyəti də düşündürməlidir.

Təəssüflər olsun ki, bugünkü reallıqları əks etdirən faktları görməyən, daha doğrusu görmək istəməyən beynəlxalq təşkilatlar işğalçı Ermənistanın başına sığal çəkməklə məşğuldurlar. Faşist ideologiyasına xidmət edən işğalçı Ermənistanın terror əməlləri ilə bağlı beynəlxalq təşkilatlar əməli addımlar atmalı, dünya ictimaiyyəti ermənilərin insanlığa zidd əməllərini pisləməlidirlər.Müstəqil Azərbaycan ərazi bütövlüyünü bərpa etmək, əzəli torpaqlarına sahib çıxmaq fikrindən dönməyəcək. Xalqımıza, mədəniyyətimizə qarşı soyqırımı törədən, məscidlərimizi, məzarlarımızı dağıdan, mədəni irsimizi öz adlarına çıxarmağa çalışan işğalçı Ermənistan hakimiyyətinin avantürist, məkrli planı baş tutmayacaq, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altındakı bütün kənd və qəsəbələrimizi, şəhərlərimizi düşmən tapdağından azad edəcək. Dövlət-Xalq-Ordubirliyi sayəsində Azərbaycan bayrağı Şuşada dalğalanacaq!

Əli Həsənov, Sabunçu rayon Telefon Qovşağının rəisi

Bütün xəbərlər Facebook səhifəmizdə