Mədəni irsin təbliğində gənclərimizin rolu

Dünən, 24 sentyabr 2020-ci il tarixdə R.Tağıyev adına Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı, Masallı Rayon Gənclər və İdman İdarəsinin, Masallı Rayon Gənclərin İnkişafı və Karyera Mərkəzinin gəncləri və könüllülərin iştirakı ilə “Mədəni irsin təbliğində gənclərimizin rolu” mövzusunda videokonfrans keçirilib.

Videokonfransda ilk çıxış edən muzeyin direktoru, Əməkdar Mədəniyyət işçisi Əntiqə Tağıyeva rəhbərlik etdiyi mədəniyyət müəssisəsinin zəngin eksponat fondu, fəaliyyəti, eləcə də rayonun tarixi abidələri, etnoqrafiyası barədə gənclərə ətraflı məlumatlar verib. Qeyd olunub ki, hər bir gənc ilk növbədə doğulduğu diyarın tarixini, adət-ənənələrini, ziyalıları və vətən uğrunda şəhid olmuş hərbçilərin həyat və fəaliyyətini dərindən öyrənməlidir. Azərbaycan ailəsi, dövlət, onun ayrı-ayrı qurumları, o cümlədən təlim-tərbiyə müəssisələri gənc nəslin vətənə məhəbbət, xalqına hörmət, soykökünə, adət-ənənələrə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşmış və ona həyati əhəmiyyətli məsələ kimi baxmışdır. Bu, bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlık hissi yaradır, apardığı mübarizədə inam hissini gücləndirir.

Ə.Tağıyeva Ermənistanın işğalçı siyasəti nəticəsində tarixi-mədəni irsimizə dəymiş ziyanın miqyası barədə də danışıb. O, düşmən tərəfindən törədilmiş vandalizm aktları nəticəsində məhv edilmiş bir çox tarix və mədəniyyət abidələri haqda təfərrüatlı məlumatlar verib.

Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxışında bildirib ki, bu gün mədəniyyət sahəsində dövlət siyasətinin əsas istiqamətləri kimi milli-mədəni dəyərlərin təbliği, tarixi-mədəni zənginliyin qorunması və digər istiqamətlər üstünlük təşkil edir. Ölkənin, onun ayrılmaz tərkib hissəsi olan Qarabağın tarixi-mədəni irsinin öyrənilməsi də hər bir ölkə gəncinin mənəvi və vətəndaşlıq borcu olmalıdır. Bu istiqamətdə həm daxildə, həm də ölkə xaricində bir sıra mühüm işlər görülsə də, bu proses davamlı xarakter almalı, göstərilən fəaliyyətlər daha da təkmilləşdirilməlidir.

C.Manafov əlavə edib ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində mədəni irsin məhv edilməsinə və saxtalaşdırılmasına yönələn, beynəlxalq konvensiyalarda bəşəri cinayət kimi qiymətləndirilən əməllər törədir. Bu ərazilərdə salamat qalan tarixi-mədəni abidələri, ya dağıdaraq izləri silir, ya da erməni abidələri adı altında saxtalaşdırırlar. Bu istiqamətdə də gənclərimiz fəal iş aparmalı, təbliğatı gücləndirməlidirlər.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı nümayəndəliyinin Təlim Tədris üzrə mütəxəssisi Cavidan Səfərli çıxış edərək bildirdi ki,gənclərimiz diyarımızın tarixini bilməli və təbliğində daim fəallıq göstərməlidirlər. Bu farmatda keçirilən tədbirlər gənclərimizin vətənpərvər ruhda böyüməsində və bölgəmizin tanıdılmasında önəmli rol olduğunu vurğuladı.

Onlayn tədbirin sonunda gəncləri maraqlandıran suallar cavablandırılıb.

ƏLİHÜSEYN ŞÜKÜROV

Bütün xəbərlər Facebook səhifəmizdə