BMTM ekspertinin xarici mediada məqalələri dərc olunub

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Vasif Hüseynovun Avropa İttifaqının media qurumu “Euractiv”-də və Kanadadan yayımlanan “Geopolitical Monitor” jurnalında məqalələri dərc olunub.

“Euractiv” informasiya portalında “Ermənistan – Azərbaycan münaqişəsi ilə bağlı üfüqdə yeni müharibə görünürmü?” başlıqlı yazısında (https://www.euractiv.com/section/global-europe/opinion/another-war-on-the-horizon-in-the-armenia-azerbaijan-conflict/) V.Hüseynov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 19-da yerli media qurumları ilə olan müsahibəsində verilmiş mesajlara diqqət çəkir. Müəllif bildirir ki, dövlət başçısının “Ermənistan müharibəyə hazırlaşır...” xəbərdarlığı regionda baş verən hadisələr fonunda ciddi əhəmiyyət kəsb edir. “Ermənistan işğal altında olan torpaqlarımızda PKK terrorçularını yerləşdirmək, xarici havadarlarından külli miqdarda silah idxal etmək və sərhədyanı bölgələrdə və cəbhə xəttində qoşunların konsentrasiyasını həyata keçirməklə müharibəyə hazırlaşır”,- deyə müəllif yazır.

V.Hüseynov dünya ictimaiyyətini Ermənistanı işğalçı siyasətindən çəkindirməyə və onun rəhbərliyini substantiv danışıqlara vadar etməyə çağırır.

BMTM ekspertinin “Geopolitical Monitor” jurnalında çıxan “Regionda son qarşıdurmalar fonunda Azərbaycan-Türkiyə strateji müttəfiqliyi güclənir” başlıqlı məqaləsində (https://www.geopoliticalmonitor.com/azerbaijan-turkey-strategic-alliance-deepens-amid-recent-conflicts/)isə Azərbaycan və Türkiyə arasındakı strateji müttəfiqlikdən və iki qardaş ölkə arasında son aylarda dərinləşən əlaqələrdən bəhs olunur. V.Hüseynov bildirir ki, baxmayaraq ki, Azərbaycan və Türkiyə arasındakı əlaqələrin əsasını etnik qohumluq və mədəni yaxınlıq təşkil edir, ancaq tərəfləri strateji müttəfiqliyə aparan əsas faktorlar ortaq maraqlar və təhlükəsizliyə təhdidlərdir. Müəllif xüsusilə Ermənistanın həm Azərbaycana, həm də Türkiyəyə qarşı ərazi iddiaları ilə çıxış etməsinə, işğalçı dövlətin ərazisində Rusiyanın hərbi bazasının varlığına və bu bazanın Türkiyənin şərq sərhədlərinə təzyiq vasitəsi kimi istifadə olunmasına diqqət çəkir.

“Bu təhdidlər Sovet İttifaqının dağılmasından etibarən mövcud olsa da, onlar Ermənistan rəhbərliyinin aqressiv və populist bəyanatları, bu ilin iyul ayında Azərbaycan – Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində baş verən və Azərbaycanla Türkiyəni birləşdirən əsas enerji və nəqliyyat xətlərinə təhdid yaradan hərbi eskalasiya və bunun ardınca Rusiyanın Ermənistana hərbi yardımları fonunda daha ciddi xarakter alıb. Buna görədir ki, son aylarda iki qardaş dövlət arasında münasibətlərin intensivləşməsinin və bunun bütün sahələrdə, o cümlədən informasiya müharibəsinə qarşı ortaq cəbhənin yaradılması və ticari əlaqələlərin dərinləşməsi sahələrində əks olunması üçün səylərin artırılmasının şahidi oluruq”,- deyə müəllif vurğulayır.

Bütün xəbərlər Facebook səhifəmizdə