Qəbul imtahanlarında yüksək nəticə göstərən gənclərlə görüş keçirilib

Qəbul imtahanlarında yüksək nəticə göstərən gənclərlə görüş keçirilib

Yeni Azərbaycan Partiyasının Oğuz rayon təşkilatında bu ilki qəbul imtahanlarında yüksək nəticə göstərərək 600-dən yuxarı bal toplamış gənclərlə görüş keçirilib.

Görüşdə çıxış edən YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov gəncləri qazandıqları böyük uğur münasibətilə təbrik edib. O qeyd edib ki, Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin mühüm tərkib hissəsidir. Ölkəmizdə hər bir sahədə müşahidə olunan dinamik inkişaf təhsil sektorunda da aşkar şəkildə nəzərə çarpır. Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində atılan addımlar, icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin meydana çıxmasını, yüksək nəticələrin qazanılmasını şərtləndirir.

Daha sonra, YAP Oğuz rayon təşkilatının gənclər birliyinin sədri Elşən Alcansoy qazandıqları uğur münasibətilə gənclərə öz səmimi təbriklərini çatdırıb, onlara gələcək həyatları, ixtisas seçimi və tələbəlik illəri ilə bağlı bir sıra tövsiyələrini bildirib. O gənclərə tələbəlik illərində ixtisasları ilə yanaşı, başqa bilik və bacarıqlara yiyələnmək fürsətlərini də dəyərləndirmələrini, könüllülük fəaliyyəti ilə məşğul olmalarını, universitetin gənclər birliyində təmsil olunmalılarını tövsiyə edib. Gəncləri rayonla da mütəmadi əlaqədə olmağa çağıran Gənclər Birliyinin sədri onları tezliklə partiya sıralarında görmək istədiklərini arzu edib.

Görüşdə iştirak edən Oğuz rayon Təhsil şöbəsinin müdiri Anar Məcidov da çıxışında qeyd etdi ki, bu uğur rayon təhsili üçün heç də yenilik deyil və hər il artan xətt üzrə inkişaf edir. O, rayon təhsil şöbəsinin builki uğurların qısa xülasənə toxunaraq olimpiada və müsabiqə qaliblərin sayını açıqlayıb. Eyni zamanda, rayon rəhbərliyi də məsələni daim diqqətdə saxladığını bildirib.

Oğuz rayonu üzrə ən yüksək bal toplamış Şəbnəm Məcidova da söz alaraq, bu uğurlar təkcə onların adına, əməyinə aid olmadığını, valideynlərin, müəllimlərin, məktəb rəhbərliyinin və təhsil şöbəsinin də bu uğurda önəmli payı olduğunu qeyd etdi. Belə stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi bizə ayrı bir güc verir- deyə əlavə etdi. Yüksək bal toplamış gənclər gələcəkdə YAP sıralarına qoşulmaları və partiyanın Gənclər Birliyi ilə fəal əməkdaşlıq etmək niyyətlərini də ifadə ediblər.

Görüşün sonunda yüksək bal toplamış gənclərə Yeni Azərbaycan Partiyası tərəfindən hədiyyələr təqdim edilib.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə