Ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə millətin gələcəyinə, təhsilin, səhiyyənin, iqtisadiyyatın, mədəniyyətin hərtərəfli inkişafına həmişə qayğı ilə yanaşan ümummilli lider Heydər Əliyev ailənin cəmiyyətdəki rolunu xüsusi olaraq qeyd edirdi: "Ailə dəyərləri, ailə ənənələri, milli-mənəvi dəyərlərimizə sədaqət, uşaqların müasir səviyyədə tərbiyəsi mühüm əhəmiyyət kəsb edir".
Ulu Öndər heç bir Azərbaycan ailəsinin taleyinə laqeyd qala bilmirdi. O, Azərbaycanda ailə adətlərimizin ləyaqətlə davam etdirilməsi üçün hər cür imkan və şərait yaradır, bu işdə dəstəyini xalqdan əsirgəmirdi. Azərbaycana rəhbərlik etdiyi hər bir dövrdə çoxuşaqlı və aztəminatlı ailələrə, əmək qəhrəmanlarının ailələrinə xüsusi qayğı göstərir, onların övladlarının təhsilini nəzarətdə saxlayırdı. Ailəni, ailə münasibətlərini son dərəcə yüksək dəyərləndirən Heydər Əliyev hesab edirdi ki, cəmiyyətdəki qarşılıqlı münasibətlərdə olduğu kimi, ailədə də hər bir insan özünəməxsus statusu, qayda-qanunu, əlaqələri və prinsipləri gözləməyə borcludur. Hər bir ailə üzvü öhdəsinə düşən funksiyaları yerinə yetirməli, ailənin rifahı üçün bütün bacardığını etməli, hamıya hörmət və qayğı göstərməli, ailənin sevincini və kədərini birgə yaşamalı, bu sahədə mövcud olan ümumi ənənə və qaydalara tam riayət etməlidir. Çünki ailə olmasa, cəmiyyət də inkişaf edə bilməz. Cəmiyyətin inkişafı ailələrin inkişafından asılıdır. Ailə İnstitutunun möhkəmliyi cəmiyyətin və dövlətin güclənməsinə və inkişafına gətirib çıxarır.
Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin tariximizdə silinməz iz qoyan nəsil şəcərəsi, eləcə də özünün nümunəvi ailə tarixçəsi, onun müqəddəs ocağının davamçıları – Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ailəsi də cəmiyyətimizə, xüsusən də gənclərimizə böyük örnəkdir. Tarixi xidmətlərinə görə bütün dünyada layiqli hörmət və böyük nüfuz qazanmış Heydər Əliyev siyasi aləmdəki uğurlarının arxasında hər zaman ailəsinin dayandığını bildirirdi. Söz yox ki, nəhəng şəxsiyyətlərin arxasında böyük qadınlar dayanır. Ulu öndər Heydər Əliyev öz xatirələrində qeyd edirdi: "...Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda, hesab edirəm ki, ailə vəziyyətimin rolu böyük olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib...”.
Çağdaş dünyanın qlobal problemlərindən biri də sosial-mənəvi, mədəni-milli mühitin saflığının qorunmasıdır. Bu baxımdan ailə istər şəxsiyyət, istərsə də bütövlükdə cəmiyyət üçün əhəmiyyəti artmaqda olan ümumbəşəri dəyər, mədəni irs, əxlaqi norma və qaydaların ötürücüsü rolunu oynayır. Bir sıra alimlər təsdiq edir ki, dövrümüzdə insanların ailəyə olan tələbatı azalmışdır, ailə sivilizasiyanın təsiri altında birgəyaşayışın liberal formalarına doğru təkamül edir. Lakin bir çox sosioloji tədqiqatlar göstərir ki, əksinə, müasir insan üçün ailənin, uşaqların, evin, maddi rifah halının, asudə vaxtın dəyərləri çox artmışdır. Günü bu gün də bəşəriyyətin diqqətində olan bu problemlə bağlı müxtəlif müzakirələr aparılır, çağırışlar edilir...
Hər zaman belə olubdur ki, istənilən bir xalqın, yaxud millətin tarix səhnəsində varlığı onun doğma dilinə, milli adət-ənənələrinə, özünə məxsüs etnik mədəniyyətinə sıx bağlılığından asılıdır. O cəhətdən Azərbaycan xalqının çox gözəl və zəngin milli ailə ənənələri, məişət sistemi var. Həmin ailə ənənələri sədaqət, qarşılıqlı məhəbbət, dürüstlük, valideynə, böyüyə hörmət, tolerantlıq kimi zəngin və çoxşaxəli xüsusiyyətlərə malikdir.
Fasilələrlə 1969-cu ildən Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrlərdə çoxuşaqlı və aztəminatlı, eyni zamanda müharibə və əmək qəhrəmanlarının ailələrinə xüsusi qayğı göstərən, onların övladlarının təhsilini nəzarətdə saxlayan, ailə münasibətlərini son dərəcə yüksək dəyərləndirən Heydər Əliyev hesab edirdi ki, cəmiyyətdəki qarşılıqlı münasibətlərdə olduğu kimi, ailədə də hər bir insan özünəməxsus statusa, qayda-qanuna, əlaqələrə və prinsiplərə riayət etməlidir. Hər bir ailə üzvü öhdəsinə düşən funksiyaları yerinə yetirməli, ailənin rifahı üçün bacardığını etməli, ailə üzvlərinə hörmət və qayğı göstərməli, ailənin sevincini və kədərini birgə yaşamalı, bu sahədə mövcud olan ümumi ənənə və qaydalara sadiq olmalıdır.
Axı dövlətin kiçik modeli – forması sayılan milli ailə olmasa, cəmiyyət də inkişaf edə bilməz. Prezident İlham Əliyev də Ümummilli liderimizin bu tarixi missiyasını davam etdirərək Azərbaycan ailə ənənlərinin qorunub saxlanmasına xüsusi diqqət ayırır.
Sözün hər mənasında müstəqil dövlətimizin Əsas Qanunun – Konstitusiyanın müəllifi olan Heydər Əliyev burada ailənin mahiyyətini, ailə üzvlərinin vəzifə və hüquqlarını da xüsusi maddələrlə müəyyən etmişdir. Heydər Əliyev ailədə sağlam uşaqların doğulması, eləcə də narahatlıq doğuran məsələlərdən biri kimi qan qohumluğunun qarşısının alınması istiqamətində xüsusi fəallıq göstərir, tibb işçilərinə göstərişlər verir və ən müxtəlif səviyyələrdə müzakirələr aparırdı. O, 1995-ci ildə Respublika Ailə-Sağlamlıq Mərkəzinin açılışında çıxış edərkən qan qohumluğu evliliyi və onun fəsadları barədə deyirdi: "...Bizim xalqımızın, millətimizin həm fiziki, həm zehni cəhətdən sağlamlığı üçün yaranan problem qohumların bir-biri ilə ailə qurmasıdır. Təəssüf ki, bu, bizim millətimizin, xalqımızın qədimlərdən qalmış ənənəsidir.
Biz ənənə və adətlərimizin çoxuna hörmət bəsləyirik, onları inkişaf etdiririk və inkişaf etdirməliyik. Amma o adətlər, o ənənələr insan üçün, cəmiyyət üçün zərərlidirsə, biz onlardan xilas olmalıyıq, imtina etməliyik. Bax, bu adətənənələrdən biri də keçmişdən bizə miras qalmış, millətimizə xas olan adət – qohumların evlənməsi, ailə qurmasıdır. Siz, tibb işçiləri və alimləri bunun həm ailələr üçün, həm də, ümumiyyətlə, millətimizin gələcəyi üçün nə qədər zərərli olduğunu bilirsiniz. Amma nədənsə bu sahədə ciddi tədbirlər görülmür. Belə bir adət-ənənənin zərərli olduğu insanlara çatdırılmır, izah edilmir, bu sahədə lazımi profilaktik işlər, yəni izahat işləri aparılmır. Məhz bunların nəticəsində, – yəqin ki, siz bu sahədə tədqiqatlar aparmısınız, bilirsiniz, – çox adamlar anadangəlmə şikəst olur, yaxud əqli cəhətdən inkişaf etmir. Belələri yaşasalar da, fiziki cəhətdən çatışmazlıq onları həmişə incidir”.
Аzərbаycаn Respublikasının Birinci vitse-prezidenti, Hеydər Əliyev Fondunun prеzidеnti Mеhribаn хаnım Əliyevа qаdınlаrın problеmlərinə, onlаrın ictimаi həyаtdа аktiv rolunun təmin еdilməsinə böyük qаyğı ilə yаnаşır. Məhz "Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun qəbul olunmasında Mehriban xanım Əliyevanın xüsusi təşəbbüsü olmuşdur. Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə Ümummilli lider Heydər Əliyevin zəngin irsindən bəhrələnərək, genişmiqyaslı proqram və layihələrin reallaşmasına dəstək üçün yaradılan Heydər Əliyev Fondu bu missiyanı şərəflə həyata keçirir. Artıq 10 ildən çox fəaliyyət göstərən Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələri reallaşdıraraq yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir...
Görkəmli ictimai-siyasi xadim Heydər Əliyev ailədaxili münasibətləri cəmiyyətdaxili münasibətlərin güzgüsü hesab edir, bu prinsipləri özünün siyasi təcrübəsində də tətbiq etməyə çalışırdı. Bu baxımdan o, ailədə və cəmiyyətdə xüsusi yeri olan qadın və uşaqların hüquqlarının müdafiə olunmasını zəruri hesab edirdi. O deyirdi: “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bugünümüzün, gələcəyimizin dayağıdır”. Qürurla qeyd edə bilərik ki, Azərbaycan ailəsində qadının yeri və rolu xüsusi əhəmiyyət daşıyır. Azərbaycan qadını yeni nəsli dünyaya gətirmək, onu tərbiyə etmək, vətənə layiq böyütmək kimi çox vacib bir vəzifəni yerinə yetirməklə bərabər, ailənin möhkəmliyi və bütövlüyünün qorunması məsuliyyətini də könüllü surətdə daşıyır. Bizim qadınlarımız istənilən sahədə uğur qazanmaqla yanaşı, çox gözəl ailə sahibi olmağı və vətənə layiqli vətəndaşlar yetişdirməyi bacarırlar. Azərbaycan qadını öz fəaliyyətini maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, mədəni, dini, milli-mənəvi dəyər və ənənələri də nəzərə almaqla davam etdirir. Bu qadınlar bütün tarixi dövrlərdə ictimai həyatda fəal iştirak edərək, cəmiyyətimizin inkişafına öz töhfələrini vermişlər.
Ötən əsrin 90-cı illərində ailənin möhkəmləndirilməsinə, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində ulu öndər Heydər Əliyevin təşəbbüsü, dəstəyi əsasında Azərbaycan Respublikası mühüm beynəlxalq Konvensiyalara qoşulmuş və ölkəmizdə bir sıra müvafiq qanunlar qəbul edilmişdir. Azərbaycan Respublikası BƏT-in "Kişi və qadın işçilər - ailə vəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftar haqqında" 156 nömrəli, BMT-nin "Qadınlar barəsində ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında", "Uşaq Hüquqları haqqında", "Ölkələrarası övladlığa götürmə ilə bağlı uşaqların müdafiəsi və əməkdaşlıq haqqında", "Uşaqların kənd təsərrüfatında işə buraxılmasının minimum yaşı haqqında", "Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair" və digər Konvensiyalara qoşulmuşdur. Dövlət tərəfindən ratifikasiya edilmiş konvensiyalara əsasən daxili qanunvericilikdə mühüm islahatlar aparılmışdır. "Ailə kəndli təsərrüfatı haqqında", "Uşaq hüquqları haqqında", "Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında", "Uşaqların icbari dispanserizasiyası haqqında", BMT-nin "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı" Konvensiyasının, onu tamamlayan "İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında" və "Miqrantların quru, dəniz və hava ilə sərhəddən qanunsuz keçirilməsinə qarşı" Protokolların təsdiq edilməsi barədə, "Ərdə olan qadının vətəndaşlığı haqqında" "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında" "Ahıllara sosial xidmət haqqında" "Nikahdan kənar doğulmuş uşaqların hüquqi statusu haqqında" "Uşaqlı ailələrin sosial müdafiəsi haqqında" və digər qanunlar qəbul edilmişdir. Müstəqil dövlətimizin ali sənədində müəllifi Heydər Əliyev olan Konstitusiyamızda da ailənin mahiyyəti, ailə üzvlərinin vəzifə və hüquqları xüsusi maddələrlə müəyyən edilmişdir. Eləcə də 2000-ci ildə Ailə Məcəlləsinin qəbul olunması ailə üzvlərinin digər hüquq və vəzifələri ilə yanaşı, mülki hüquqları da təsbit olunmuşdur.
Vahid Ömərov f.ü.f.d.,dos.
Bütün xəbərlər Facebook səhifəmizdə