Masallıda qadın mollalarla maarifləndirici videomüşavirə

Masallı Rayon İcra Hakimiyyəti başçısının xüsusi karantin rejimi ilə bağlı geniş tərkibdə onlayn müşavirəsi keçirilmişdir. Videomüşavirədə rayon rəhbəri bir çox məslələrlə bağlı tövsiyə və tapşırıqlarını vermişdir ki, bu tapşırıqlardan biri də yas mərasimlərində qadın mollalarının iştirakı və kütləvililiyin qarşısının alınması məsələsi olmuşdur.

Onlayn müşavirədən irəli gələn məsələ ilə bağlı COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə qapalı şəraitdə yas mərasimlərinin keçirilməsinin qadağan edilməsi ilə bağlı 04 iyul 2020-ci il tarixdə qadın mollaların iştirakı ilə onlayn qaydada müşavirə keçirilmişdir.

Videomüşavirəni açan Masallı rayon İcra hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məslələr şöbəsinin müdiri Aybəniz Qafarova yas məclislərində qadınların kütləvi toplaşması, sosial məsafə gözləməməsi və koronavirus pandemiyasının yayılmasına səbəb olmasının yolverilməz olduğunu vurğulamışdır.

Onlayn müşavirədə çıxış edən Masallı rayon İcra hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Seyfədin Əliyev Nazirlər Kabinetinin tapşırıq və tövsiyələrinə ciddi əməl olunmasını və ərazi nümayənəliklərin məsələyə ciddi yanaşmasının vacibliyini müşavirə iştirakçılarının nəzərinə çatdırmışdır.

Digər çıxış edənlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov və rayon Gigiyena Epidemiologiya Mərkəzinin direktoru Rəhman Muxtarov müşavirədə iştirak edən qadın mollalara koronavirus pandemyasının törədə biləcəyi fəsadlar barədə danışmış, qaydaları pozanlar barədə qanunamüvafiq qaydada tədbirlər görüləcəyini bildirərək mövcud pandemiya ilə birlikdə mübarizə aparılması üçün bütünlükdə səfərbər olmağın vacibliyini vurğulamışlar.

Videomüşavirəni yekunlaşdıran rayon İcra hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məslələr şöbəsinin müdiri Aybəniz Qafarova bir daha qadın mollalara bildirmişdir ki, rayon İcra hakimiyyəti və rayon Polis şöbəsinin əməkdaşları tərəfindən rayonun bütün ərazilərində mütəmadi reydlər keçiriləcək, karantin qaydalarını pozaraq yas mərasimləri keçirən və kütləvi yığıncaq edənlər barədə qanunamüvafiq qaydada tədbirlər görüləcəkdir.

ƏLİHÜSEYN ŞÜKÜROV

Bütün xəbərlər Facebook səhifəmizdə