Əjdər Ağayev: "Ali məktəblərdə ciddi islahatlar aparılmalıdır ki, keyfiyyətli kadrlar hazırlansın"-Müsahibə

Əjdər Ağayev: "Ali məktəblərdə ciddi islahatlar aparılmalıdır ki, keyfiyyətli kadrlar hazırlansın"-Müsahibə

Təhsil eksperti Əjdər Ağayevin SİA-ya müsahibəsi:

- Ümumiyyətlə, təhsil işçilərinin dövlət qulluğu statusu almasına münasibətiniz necədir və sizcə, bu ilk növbədə kimlərə şamil olunmalıdır?

- Prezident İlham Əliyev tərəfindən təhsil və səhiyyə işçilərinə dövlət qulluqçusu statusunun verilməsi çox yaxşı bir haldır. Dünyanın bir neçə ölkəsində təhsil işçilərinə bu status verilib. Çünki müəllimin fəaliyyəti xalqa, dövlətə, millətin inkişafına xidmət etməkdən ibarətdir. Bizim ölkəmizdə də belə bir prosesin başlanılması çox müsbət bir hadisədir. Amma təqaüddən və ya təqaüd yaşı çatandan sonra dövlət qulluqçusu statusunun verilməsi bir növ orijinal məsələdir. Dünyada belə deyil. Dünyada Təhsil Nazirliyinin işçiləri əvvəldən, yəni təqaüdə çıxmadan dövlət qulluqçularıdır. Biz də isə bu məsələ təqaüdlə əlaqələndirilir və nəticədə müəyyən problemlər yaradır. Bu sahədə işləyən təcrübəli bir mütəxəssis kimi öz fikirlərimi bildirirəm. Burada problemlər yaranır. Birinci problem ondan ibarətdir ki, təqaüd yaşına çatan müəllimlərin bir çoxları bu dövrdə iş görmək, dərs demək qabiliyyətindədir. Bunlar təcrübəli, yeniliklə müasirliyi birləşdirən müəllimlərdir. Şagirdlər, ali məktəb tələbələri də bu müəllimlərdən razıdırlar. Mənə elə gəlir ki, bu işə mərhələli başlanılsa, yaxşı olar. Həm də ali məktəb üçün, daha doğrusu elmlə çalışan, sırf praktik tədrislə məşğul olan müəllimlərə ayrıca baxmaq lazımdır. Mərhələlər belə başlansa yaxşı olar, çünki istər ali, istərsə də orta məktəbdə 80 yaşı keçən müəllimlərimiz var. Bu yaşlı müəllimlər nə qədər hazırlıqlı olsalar da, 80-85 yaş fiziki cəhətdən müasir təminatı ödəmir. Ona görə də bu adamları artıq tutduqları vəzifələrdən kənarlaşdırmaq lazımdır. Kafedra müdirliyində, dekanlıqdan, rektorluqdan, direktorluqdan kənarlaşdırmaq lazımdır. Əgər onların içərisində də fiziki imkanlı, elmi yararlılığı olanları varsa, onlara hansısa güzəştlər edilməlidir. Amma mən istərdim ki, həm birinci, həm də digər mərhələlərdə təqaüdə buraxılmış adamlar atılmış kimi olmasınlar. Onlar xüsusi proseslərə, dərslərə, kurslara cəlb olunsunlar və özlərini atılmış hesab etməsinlər.

- Müəllimlərə yaş senzinin 65 müəyyən edilməsi nə dərəcədə məqsəduyğundur?

- Yaş məsələsini bir az aşağı enmək lazımdır. 80-85 yaş differansial yanaşmadan təqaüdə gedə bilər. Ancaq 70-75 yaşlı orta məktəb müəllimləri nə qədər təcrübəli olsalar da müasir təlim qaydalarını, proseslərini bilmirlər. Artıq orta məktəblərdə tədris daha müasir və çevikdir, informasiya telekommunikasiya, yeni bir layihələrlə yenidən müasirləşmə qaydalarına keçilib, amma müəllimlərin hamısı bunun öhdəsindən gələ və qavraya bilmir. Kim öhdəsindən gəlmirsə, onların dövlət statusu ilə təqaüdə göndərmək lazımdır. O ki qaldı 70-ə qədər yaş dövrünə, buna mütləq fərdi yanaşılmalıdır. Bu yaşa çatan ortabab, qaydaları bilməyən müəllimləri müəyyən müddətdə təhsil müəssisədində saxlamağa ehtiyac yoxdur. Onların yerini yeni bacarıqlı adamlarla, müəllimlərlə doldurmaq lazımdır. Amma ola bilər ki, ali məktəb bu yaşda müəllimlərdən tədqiqatları ilə tanınıb, xüsusi əsərləri ilə bütün dünyaya çıxır, nəinki ölkədaxili fəaliyyəti, həmçinin xaricdə təbliğatı ilə məşğul olanlara yaş məhdudiyyəti qoyulmamalıdır. Belə adamlar elmi, tədris fəaliyyətində də olmalıdır. Bu gün insanların yaradıcılıq qabiliyyətini, fəaliyyətlərini nəzərə almaq lazımdır. Qalanları isə təqaüdə və yaxud hansısa məsələlərə göndərmək lazımdır. Belə olarsa, yəni seçim düzgün aparılsa, düşünürəm ki, bu hamı tərəfindən müsbət qarşılanacaq.

 Bəs bu gün təqaüdə göndəriləcək müəllimləri əvəz edə biləcək kadrlar varmı?

- İkinci bir fakt var ki, bu adamların yerinə kimlər gəlsin. Bu gün açıq etiraf etmək lazımdır ki, ən yaxşı bacarıqlı gənclərin əksəriyyəti xaricdə təhsil alır, müəllim olanlar da özəl şirkətlərdə işləyir. Onlar üçün 1000-2000 manat əmək haqqı almaq daha önəmlidir, nəinki təhsil müəssisələrində dərs demək. Burada bir tərəfdən boşaldılırsa, digər tərəfdən o yerləri doldurmaq üçün keyfiyyətli kadrlara ehtiyac var. Deməli ali məktəblərdə ciddi islahatlar aparılmalıdır ki, keyfiyyətli kadrlar hazırlansın. Kiminsə təsiri, bu və ya digər hallar gərək olmasın. Bu çox konseptual bir yanşma tələb edir. Kadrın yerini necə doldurmaq, hansı yaşda kadrı təqaüdə göndərmək, hansı kadrlardan istifadə etmək və digər bu kimi məsələlərin həllini tapmaq üçün düşünülmüş bir layihə hazırlanmalıdır ki, ölkə, insanlar, məktəblər bunlardan ziyan çəkməsin. Bu düzgün şəkildə hazırlanıb həyata keçirilərsə, mən bir pedaqoq, təhsil eksperti kimi təhsil işçilərinə dövlət qulluqçusu statusunun verilməsini alqışlayıram. Prezidentimizə təşəkkür edirəm ki, ölkənin səhiyyə və təhsil sahəsi hər zaman diqqət mərkəzində saxlayır. Bu da düzgün şəkildə həyata keçirilsə, heç bir ağır nəticəsi olmasa ölkə ictimaiyyəti tərəfindən də yaxşı qarşılanar.

Bütün xəbərlər Facebook səhifəmizdə