Könüllülük fəaliyyəti fərdi inkişafa böyük töhfədir

Könüllülük insanların inkişafının əsas vasitələrindən biridir. Könüllülük sağlam vətəndaşlıq mövqeyinin göstəricisi və eyni zamanda, içində olduğumuz sosial münasibətlərin ayrılmaz parçasıdır. Vətənpərvərlik, bilik və kamillik kimi dəyərlərdən ilhamlanan könüllülük həm cəmiyyətin, həm də fərdlərin rifahına, şəxsi inkişafına danılmaz dəyər qatır. Könüllü fəaliyyət, həmçinin, insanın içindəki “ictimai inkişafda iştirak” istəyinin dövlət və qeyri‐dövlət təsisatları vasitəsilə canlandırılması və faydalı hala gətirilməsidir.

Dünya tarixində könüllü fəaliyyət anlayışına ilk dəfə XVII əsrdə Fransa ordusunda rast gəlinir. Bu anlayış könüllü hərbçi olmaq istəyən fransızların qeydə alınmasından sonra meydana çıxıb. XXI əsr ölkəmizin könüllülük həyatında dərin izlər buraxmaqdadır. Çoxsaylı dövlət, özəl, ictimai təşkilat öz fəaliyyətilə könüllülük prinsiplərini qoruduğunu göstərir və hətta beynəlxalq miqyasda xeyriyyəçilik ənənələrimizi nümayiş etdirirlər. Bu sırada dünyanın bir çox ölkəsində sosial layihələrə imza atmaqla bizi qürurlandıran Heydər Əliyev Fondunun adını çəkə bilərik. Azərbaycanın Respublikasının Birinci vitse‐prezidenti, UNESCO və ISESCO‐nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə 2004‐cü ildən fəaliyyətə başlayan Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm, texnologiya, ekologiya və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək, yeni cəmiyyət quruculuğunda fəal iştirak edərək ölkənin sosial‐iqtisadi inkişafına öz töhfəsini verir.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ideyalar onun layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən bu gün qətiyyətlə həyata keçirilir. Ölkə başçısının 9 iyun 2009‐cu il tarixində imzaladığı “Könüllü fəaliyyət haqqında” qanun Azərbaycanda könüllülər hərəkatının daha da genişlənməsinə münbit zəmin yaradıb. Bu qanun qəbul edildikdən sonra Azərbaycan könüllüləri ölkəmizdə keçirilən kütləvi idman, siyasi, mədəni tədbirlərin idarə edilməsi proseslərinə könüllü qismində cəlb edildilər.

Mən də Nəsimi RİH könüllüsü olaraq düşünürəm ki ,könüllülük öz iradəsi və sərbəst seçimi əsasında heç bir maddi xeyirə əsaslanmayan və cəmiyyətin rifahının daha da yaxşılaşdırılmasını qarşıya məqsəd qoyan sosial bir fəaliyyət istiqamətidir.

İnsanların inkişaf və sülh uğrunda mübarizəsinin əsas vasitələrindən biri olan könüllülük, cəmiyyət və könüllü şəxslər arasında qarşılıqlı etimad, inam və həmrəylik prinsiplərini əldə rəhbər tutaraq, həm cəmiyyətin maraqlarını , həm də könüllülərin maraqlarını təmin edən bir təsisat kimi qarşımıza çıxır.

Mən deyərdim ki, könüllü olduğum müddətdə təmsil olunduğum qurumun iş qaydaları çərçivəsində yeni biliklər əldə etmişəm. Təhsil aldığım dövrdə eşitdiyim, oxuduğum və öyrəndiyim metod və alətləri bu biliklər vasitəsilə reallaşdırmağa başladım. Könüllülük mənim müəyyən bilik və bacarıqlarımı artırmağımda və sahib olduğum bacarıqlarımın püxtələşməsində çox böyük rol oynayır. Və eyni zamanda həm də tələbə olaraq düşünürəm ki, bir müəssisədə könüllü olmaq istəyən tələbə gənclər özlərində dəmir iş intizamı formalaşdırmalıdırlar. Bu tələblər könüllü olduğunuz yerə vaxtında gəlib‐getmək, müəyyən edilmiş müddətdə orada olmaq deməkdir. Könüllülük məsuliyyətsizliyi sevmir. Bütün könüllülərə fəaliyyətlərində uğurlar arzulayıram.

Azayeva Pərvin, Nəsimi rayon könüllüsü,

Bütün xəbərlər Facebook səhifəmizdə