Xalqın çətin anlarının Prezidenti - TƏHLİL

Xalqın çətin anlarının Prezidenti - TƏHLİL

Prezident İlham Əliyev: "İnsanların sağlamlığı və sosial rifahı birinci yerdədir"

"Mən deyə bilərəm ki, pandemiyadan, əlbəttə, bizim iqtisadiyyatımız da zərər çəkir. İstisna deyil ki, ikinci rübün yekunları o qədər də ürəkaçan olmayacaq. Ancaq bu, ikinci dərəcəli məsələdir. Birinci dərəcəli məsələ vətəndaşların sağlamlığıdır. Biz bilirik ki, əgər karantin rejimini bax, dediyim bu səbəblərə görə sərtləşdirsək, iqtisadi vəziyyətimizə bunun çox mənfi təsiri olacaq. Amma biz buna gedəcəyik. Çünki insanların sağlamlığı və sosial rifahı birinci yerdədir. Məhz bu məqsədlə 3,5 milyard manat vəsait ayrıldı".

Bu fikirləri Prezident İlham Əliyev Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışında deyib. Ancaq bu yerdə bu reallığı dönə-dönə vurğulamaq lazımdır ki, Prezident İlham Əliyev prezidentlik fəaliyyətinin son 17 ilində özünü dəfələrlə təsdiqləyib. Və təsdiqləyib ki, bu gün həyata keçirilən uğurlu siyasət, məhz Ümummilli Lider Heydər Əliyev siyasətini davamıdır. Bu yerdə Prezident İlham Əliyevin 2003-cü ildə keçirilən andiçmə mərasimində söylədiyi bu fikirləri bir daha yada salmaq yerinə düşər: "Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevıriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası, ölkədə Ümummilli Lider Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən, mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm".

Bəli, budur əsl siyasət, budur hər bir vətəndaşın Prezidenti olmaq!.

Xalqının çətin anlarının Prezident

Bəli, Prezident İlham Əliyev 2003-cü ildə prezident seçilərkən Azərbaycan həlli müşkül görünən bir sıra problemlərlə üz-üzə idi. O vaxt ölkə hələ yeni-yeni dirçəlirdi, işsizlik, məcburi köçkünlərin acınacaqlı halı, bölgələrin inkişafdan geri qalması, əhalinin sosial vəziyyəti ciddi narahatlıq doğururdu. Prezidentin ilk vədi bu oldu: ölkədə yüz minlərlə yeni iş yeri yaradılacaq. Ötən illər ərzində 2 milyona yaxın iş yeri yaradıldı. İşsizlik səviyyəsi 40 faizdən 5 faizə endi. Bir dənə də olsun çadır düşərgəsi qalmayacağını demişdi. Çox keçmədən axırıncı çadır düşərgəsi ləğv olundu, qaçqın və məcburi köçkünlər üçün respublikanın 30-dan artıq şəhər və rayonunda bütün sosial-texniki infrastruktura malik 102 müasir qəsəbə salınıb, 5800 köçkün ailəsi üçün fərdi evlər, mənzillər tikilib və təqdim olunub, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə 620-dən çox mənzil verilib…

"Bizim üçün əsas məsələ vətəndaşların sağlamlığı, insanlarımızın həyatıdır"

Planetimizə qara bulud kimi çökən koronavirus pandemiyasının dünyanın ən inkişaf etmiş ölkələrində hər gün minlərlə can aldığından, minlərlə insanın sağlamlığını təhdid etdiyindən mətbuat, kütləvi informasiya vasitələri, sosial şəbəkələr vasitəsi ilə hər gün yeni məlumatlar əldə edildiyi bir zamanda və hazırda dünyada baş verən hadisələri təhlil etdikdə, bir daha Azərbaycan kimi ölkədə yaşamağımızdan qürur duyuruq. Fəxr edirik ki, ilk gündən vəziyyəti nəzarətə götürən, qətiyyətli iradəsi, təşəbbüskarlığı ilə koronavirusun ölkəmizdə sürətlə yayılmasının qarşısı almağı bacaran dövlət başçımız var. Bu gəlişi gözəl deyilən sözlər deyil, bu son dərəcə narahat, taleyüklü bir dönəmdə ölkəmizə rəhbərlik edən Prezident İlham Əliyev kimi müdrik siyasətçi, görkəmli dövlət xadiminin apardığı uğurlu siyasətinin gerçklikləridir. Nəticə göz qabağındadır. Bu gün Azərbaycan xalqı və dövləti, bəlkə də, son yüzilin ən ağır sınağından uğurla, zəfərlə çıxmaq üzrədir. Təhlükənin ilk anından “Biz birlikdə güclüyük” deyə bəyan edən və dövlətin bütün resurslarını səfərbər etməyi bacaran cənab Prezidentin tarixi xidmətləridir, xalqına qayğısıdır. Xüsusilə də, koronavirusa qarşı mübarizə tədbirlərinə başlanıldığı ilk gündən Prezident İlham Əliyev ölkə vətəndaşların sağlamlığının qorunmasını, koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsini bir nömrəli vəzifə kimi qarşıya qoydu, bütün diqqəti bu sahəyə yönəltdi. Əhalinin sağlamlığının qorunması və ilə bağlı tədbirlər haqqında Fərman imzalandı, Nazirlər Kabineti yanında Operativ Qərargah fəaliyyətə başladı, zəruri tibbi avadanlıqlar alındı, koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar müasir tibb müəssisələri ayrıldı, karantin zonaları yaradıldı. Prezidentin, Birinci vitse-prezidentin bir illik əməkhaqlarını, ardınca bir çox qurumların, özəl şirkətlərin və ayrı-ayrı şəxslərin koronavirus infeksiyasına qarşı preventiv addımların atılması üçün yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələr bağışlaması dövlətin və xalqın həmrəyliyinin, birliyinin daha bir bariz göstəricisi oldu. Eyni zamanda, Prezident İlham Əliyevin və Mehriban Əliyevanın dünyanı cənginə alan virusun ölkəmizdə yayılmasının qarşısının alınması sahəsində vaxtında həssas münasibət göstərmələri, ölkə vətəndaşlarına müraciətləri xalqın pandemiya ilə mübarizəyə səfərbərliyi üçün böyük stimul oldu. Lakin bütün bu uğurları görə bilməyən xalqa düşmən qüvvələr isə həmişə olduğu kimi, bu dəfə də koronavirusdan yararlanmağa başlayıb.

"Əgər kimsə xalqımıza, dövlətimizə düşmənçilik edirsə, onun bir adı var - düşmən. Hər kəs bunları belə də çağırmalıdır"

Dövlət başçısı koronavirus başlayandan radikal müxalifətin çirkin niyyətinə də aydınlıq gətirərək, onları xalqa düşmən qüvvə adlandırıb: "Bu düşərgədə cəmləşən insanlar uzun illərdir iqtidara qarşı yox, dövlətimizə, xalqımıza qarşı çirkin mübarizə aparırlar. Onların əsas məqsədi vəziyyəti gərginləşdirməkdir. Ölkəmiz üçün, xalqımız üçün nə qədər pisdirsə, onlar üçün o qədər yaxşıdır. Onların fəaliyyətinin tarixi də bunu göstərir. Biz bu tarixi yaddan çıxarmamışıq…".

Prezident çıxışı zamanı həmin radikal müxalifətin koronavirusdan yararlandıqlarını, "göydəndüşmə bir hədiyyə" olduğunu da deyib: "Koronavirus bunlar üçün sanki, göydəndüşmə bir hədiyyədir. Bu gün koronavirusa sevinən ancaq bu antimilli qruplaşmadır. Mən təbii ki, baş verən hadisələrdən xəbərdaram və bilirəm ki, bunların bu çirkin niyyətləri dəhşətli bir mənzərə yaradır. Ölənlərin sayının artmasını arzulayırlar, xəstələrin sayının artmasını istəyirlər, sevinirlər ki, insanlar vəfat edir. Yəni, bu, iqtidara qarşı deyil, dövlətə qarşı düşmənçilikdir. Mən hər şeyi öz adı ilə çağırıram. Əgər kimsə xalqımıza, dövlətimizə düşmənçilik edirsə, onun bir adı var - düşmən. Hər kəs bunları belə də çağırmalıdır. Bunların indiki arzuları da gözlərində qalacaq. Sözüm onda deyil, sözüm ondadır ki, siyasi islahatlar bu gün tam yeni bir konfiqurasiya yaradır. Əminəm ki, marginal qruplaşmaya yeni konfiqurasiyada yer yoxdur və olmamalıdır. Azərbaycan xalqı onları 27 il bundan əvvəl tarixin zibilxanasına atıbdır".

Dövlət başçısı koronavirusla bağlı ardıcıl addımların atılmasında məqsəd Azərbaycan xalqının sağlamlığı olduğunu bildirib: «Bizim bu sahədə görülən işlərə ən gözəl qiyməti Azərbaycan xalqı verir. Bir daha demək istəyirəm ki, mən minlərlə elektron məktub alıram. Bu məktublarda görülən işlərə görə minnətdarlıq ifadə olunur. Ümumdünya Səhiyyə Təşkilatı bizim gördüyümüz işlərə yüksək qiymət verərək Azərbaycanı koronavirusla mübarizə sahəsində nümunəvi ölkə adlandırıbdır. Bütün bunlar deməyə əsas verir ki, biz bu bəlanı da dəf edəcəyik, bu mübarizədə qalib gələcəyik. Biz xalq olaraq artıq BİRLİK, HƏMRƏYLİK nümayiş etdirmişik, indi daha çox məsuliyyət və nizam-intizam nümayiş etdirməliyik. Belə olan halda biz bu ağır vəziyyətdən az itkilərlə və şərəflə çıxacağıq».

"Bəlkə də dünyada öz vətəndaşına bu qədər qayğı və diqqət göstərən ikinci ölkə yoxdur"

Bəli, dövlət başçısı çıxışlarında dəfələrlə bu cavabı verib. Və ölkə başçısının bu cavabı Azərbaycan dövlətinin sosial siyasətinin fəlsəfəsi, iqtisadi inkişafın nəticələrinin əhalinin rifah halının yüksəldilməsinə yönəldilən real sübutudur. Bu prinsip hər gün daha geniş şəkildə davam etdirilir. Bugün ölkə Prezidentinin həyata keçirdiyi uğurlu sosial siyasəti bunu sübutudur. Və bu gün bu uğurlu siyasətə qara yaxmağa çalışan, yalan və manipuliyasiyalarla insanların fikirlərini dəyişdirməyə can atan məkrli xarici qüvvələri və nüfuzdan düşmüş radikal müxalifətin anti-Azərbaycan təbliğatını mənasız və əsassızdır.

Bəli, bütün bunları xalqımız görür və öz Prezidentinin yanındadır

Məhz buna görə son günlərdə dövlət başçısına gələn təşəkkür məktublarının sayı-hesabı yoxdur. Prezidentin saytında oxuya biləcəyimiz məktublarda insanlar böyük səmimiyyətlə və ürəkdən gələn sözlərlə dövlətin həqiqətən xalqla birlikdə olduğunu deyir, “Biz birlikdə güclüyük!” şüarının sadəcə bir söz olmadığını ifadə edirlər. Əslində hər zaman cənab İlham Əliyevin bütün düşüncələri, qərarları və addımları vətəndaşın rifahına yönəlmişdi. Xüsusi dövrdə isə belə olduğu xüsusilə hiss edilirbütün bunlar bir daha onu təsdiqləyir ki, xalqımız möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında bundan sonra daha böyük nailiyyətlərə imza atacaqdır.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə