Millət tarixdən üstün olanda var olur

Millət tarixdən üstün olanda var olur
Tarixi vərəqlədikcə türk insanı qəribə hisslər keçirir. Millətimizin aqibəti nə qədər mürəkkəb, tarixi nə qədər ziddiyyətlidir! M.Adcının də dediklərindən bəlli olur ki, bu millətin tarixini məqsədyönlü olaraq ziddiyyətli kökə salıblar. Əlbəttə, tarix çox keşməkeşli dövrlərin sirrini bilir. O da məlumdur ki, qədim dövrlərdə də indiki kimi toplumların siyasi başbilənləri səviyyəsində ağalıq, hegemonluq uğrunda mübarizə gedib, qorxunc qırğınlar, qanlı savaşlar baş verib. Qələbələrin başında isə ən çox türklər durub. Başqa millətlərdən fərqli olaraq, türk milləti Qələbələrini xəbisliyə çevirməyib. Belə ki, bu gedişlərdə özünün tarixini məkr əsasında yazıb-yaratmayıb.
Soruşula bilər: məgər öz tarixini yazıb-yaradan xəbislikmi etmiş olur? Əlbəttə, olmamalıdır. Ancaq iş ondadır ki, öz tarixini yazanlar başqalarının inkarı üstə yazıb-yaradıblar. Türk böyük mədəniyyət yaratdığı və başqa xalqlara mədəniyyət verdiyi halda, öz mədəniyyətini qəbul elətdirməklə heç kəsi assimilyasiya etməyib, heç kəsin özünəməxsusluğunu ləğv etməyib. Çünki türk – vüqar deməkdir. Vüqarlı millət başqalarını ləğv etməyi özünə sığışdırmaz. Amma gəlin tarixi izləyək.
Böyük imperiyalar yaranıb və onlar özünün hansısa mədəniyyətini başqalarına qəbul elətdirməklə əksərən başqalarının özünəməxsusluğunu ləğv ediblər. Əslində, imperiyaları mədəniyyət deyil, qatillik, zəbtçilik yaradır. İmperiyalar Yaradıcılığında Mədəniyyətdən aldadıcı bir vasitə kimi istifadə olunub. Bizim üçün məsələnin pis cəhəti odur ki, türk bəşəriyyətə gərək olanda özünü unudub. Biz bunu tarixin bütün mərhələlərində görürük. Rusiyanın yaranması və təşəkkül tapması yolunda Türkün (deyək ki, Dəşti-Qıpçaqlıların) nə qədər böyük rolu var! O cür də Avropanın o dövrü ki (yəni Atilla dövrü), mədəni inkişaf üçün Türkün humanist münasibətləri çox mühüm təsirə malik olub. Ərəb mədəniyyəti olan islamın dünyaya yayılması, əsasən, Türkün əli ilə baş vermişdir. İslamın yaşamasının ən böyük qarantı olan Osmanlı imperiyası çox da uzaq keçmişdə qalmayıb və s.
Türkün özündən isə demək olar heç nə qalmayıb. Biz türkün tarixini ziddiyyətli kökə salanları, tarixin ən uca pillələrindəki mədəni varlığını dananları Türkün özündən daha az suçlayırıq. Heç nə Türkə bəraət vermir ki, o bu gün özünün mədəni dəyərlərini unudub və uzun illərdir yeni dəyərlər də yaratmır. Yaradıcılıq olmadığına görə də dağınıq vəziyyətdə yaşayır, gücü də çox pərakəndə səviyyədədir.
Türkün belə pərakəndəliyinin başlıca səbəblərindən biri də odur ki, Tarixə- onu müxtəlif adlarla çağırmaq imkanı verib. Ayrı-ayrı dövrlərdə millət az qala ayrı-ayrı nəsillərin adı ilə çağırılıb. Beləliklə, Milli Ruhun müəyyənliyi itib. Ayrı-ayrı qüvvələr bu adları bir-birinə qarşı qaldırıb. Güc parçalanıb və bütövlükdə millət ayaq altına düşüb. Biz bu vəziyyəti Murad Adcının "Qıpçaq Çölünün Yovşanı" kitabından da duyuruq. Bu kitabın yazılmasında Qeyrət var, milli narahatçılıq var. Elə buna görə də təqdirə layiqdir. Kitabdakı gərəkli cəhətləri göstərməklə, bizə narahatçılıq gətirən məqamları da vurğulamağı gərəkli saydıq.
Murad Adcı bu kitabında sevə-sevə Türkün saflığından, dönməzliyindən, qorxmazlığından, döyüşkənlik hünərindən ciddi faktlar sərgiləyir. Kitabı səhifələdikcə ayrı-ayrı xalqların Türkün humanistliyinə sığınmasının şahidi oluruq. Türk- sıralarında yaşayan başqa millətlərin nümayəndələrinə özləri qədər haqq verib, yalnız hərbdə iştiraklarını istisna edib. Yəhudiləri ölümdən xilas edib, qoruyub. Döyüş vaxtı qarşı tərəfin aman diləmələrini, xahişə söykənən şərtlərini, arzularını nəzərə alan Türk amansız döyüşlərin içərisində belə, qəddar olmadığını tarixin bütün mərhələlərində sübut etmişdir.
Türkün gözünün, könlünün toxluğunu da müəllif diqqətlə izləyib təqdim edir. Əlində imkanlar ola-ola qızıl, gümüş qablardan deyil, məhz sadə saxsı qablardan istifadə edən çöl başçıları həm də sadə geyimləri ilə xalqla qaynayıb-qarışmaqdan çəkinməmişlər. Bununla da müəllif çöllülərə (qıpçaqlara) "vəhşi" damğası vuranlara etiraz edir, onların antihumanistliyini ciddi arqumentlərlə sübut etməyə çalışır. Əlbəttə, Türkə vəhşi deməsə, gərək Avropanın bugünkü varisləri özlərinin mədəni təməlinin məhz Türkdən gəldiyini etiraf etsinlər. Dünya xalqlarını kütlələşdirərək idarə etmək iddiasında olan Avropanın isə buna ləyaqəti çatmır.
Kitabda çox maraqlı başqa bir məsələ ilə də üzləşirik. Bildirildiyinə görə, xristianlığı Avropaya, əsasən, Qıpçaqlar yayıblar. Hərçəndi, Qıpçaqlar xristianlığı Tanrıçılığa bağlı şəkildə təqdim ediblər. Həm də məlumdur ki, avropalılar Tanrıçılığı qəbul etməyiblər, xristianlığı isə Qıpçaqların tanrıçılığından təmizləyib qəbul ediblər. Məgər tanrıçılıq qəbuledilməz hadisəydi?! Bəs Avropalılar xristianlığı pərəstişləmi qəbul ediblər? Məsələ heç də bu cür deyil. Hələ o da məlumdur ki, xristianlıq yayılmağa başladığı çağlardan avropalılar xristianlara divan tuturdular. Ümumən, Avropa çox müəmmalı şəkildə, ciddi əsası özü ilə bağlı olmayan səbəbdən xristianlığı qəbul edərək, onun ruhani mühitinə girməkdənsə, heç bir güc göstərmək təsiri, imperiya təsiri olmayan, arxasında hansısa gücün durmadığı dini – xristianlığı qəbul etməyi üstün tutub.
Qeyd edək ki, Türk xristianlığı yaysa da, onun yaradıcısı deyildi. Başqa sözlə, xristianlıq türkün ruhundan yaranmamışdı – xristianlığa bağlı şəkildə Tanrıçılığını gətirsə də. O dövrdə türk xristianlığı yaymaqla özünü bəşəri dəyərlərin, yaxşı əməllərin himayəçisi kimi aparırdı. Məsləkdə hansı yanlışlar var idi, nə dərəcədə o bütöv idi, ya deyildi – bu, məsləki yaradanların boynundaydı (yayanların yox). Deməli, Avropada xristianlıq inanc kimi qəbul olunmayıb, məhz siyasi sığınacaq kimi qəbul olunub. Deməli, Avropanın ağalıq tamahı o dövrdən mövcuddur. Bu xudbinliyi də o xislətdən təzahür edib. Heç bir Avropa ölkəsinin xristianlığında İsa sevgisi, sayğısı yoxdur. Xristianlıq siyasi proseslərin tərkib hissəsi kimi var.
Bu cür xristianlığı qəbul eləmə, necə də farsların Zərdüştçülükdən əl çəkib, döyüşsüz- islamı qəbul etmələrinə bənzəyir! Farslar da Zərdüştçülük səviyyəsində türklərin Ruhani mühitinə tabe olmaqdan özlərini qorumaq üçün İslamı qəbul etdilər. Deyə bilərik ki, hər ikisi fars üçün özgədir. Hər halda, Türklərin onları yenə biləcəyinə inanırdılar, ərəblərin yenə biləcəyinə inanmırdılar. Bizim bəzi satılmış alimciyəzlərimiz də Zərdüştçülüyü farsa aid edirlər. Daha ağlı kəsmir ki, Zərdüştçülük farsın olsaydı, ömrünün axırına qədər ondan beşəlli yapışardı.
İndi bizə narahatçılıq gətirən başqa bir cəhətə göz yetirək. Müəllif "hər şeydə, hər yerdə Türk sözü var, Türk əməli var" deyərək axtarışlarını elə qurub ki, qorxulu bir bədbinlik, əlacsızlıq çevrəsi yaranır. Sanki türk bütün potensiyasını Qədimdə qoyub gəlib, tükənib daha, qurtarıb. Elə bil ki, bizim bircə əlacımız qalıb: Avropadan, Rusiyadan mənimsədiklərini geri istəməklə, yeni bir sivil Türk milləti yaratmaq. Bu cür çabalar ona görə var ki, Türk yeni dəyərlər yaratmır, yaratmağa girişmir. Əgər bu millət yeni dəyərlər yaratsaydı, hər şeydə Türkün olduğunu gedib tarixdə axtarmağa ehtiyac olmazdı. Yeniləşən xalq tarixi də yeniləşdirir, tarixdəki həqiqəti də doğruldur.
Tarixi kökləri üzə çıxarmaq yaxşıdır, qeyrət əməlidir. Amma elə axtaraq ki, tarixlə məhdudlaşmayaq.
Məsələyə mütləq ölçüylə yanaşanda, bizlərin üzə çıxartdığı Türk tarixi heç tarix də deyil, tarixdən tikə-parçalardır. Bunlarda ilişib qalmaqla arxayınçılıq formalaşa bilər. "Tarixdə hər şey Türkdür" deməklə, Türkün özünəməxsusluğu itirilir. Belə ki, deyirlər xristianlıq da türkdür, islam da türkdür, millətlər də türkdür və s. Çox nahaq. Onda belə çıxır ki, Türk yoxdur. Türk öz ruhuyla, bəşəriyyətə öz ruhundan verdiyiylə mövcud olmalıdır. Onda "Türk var" deyə bilərik. Onu da deyək ki, əski dövr Türk üçün ən yaxşı halda şanlı bir tarixdir – keçmişdir. Tarix isə xalqı yaratmır, xalqın dünənindən soraq verir.
Tarix ətrafında xalqın birliyi də yaranmır. Xalq Ruhani dəyər ətrafında birləşə bilir. Kitabda da vurğulanır ki, türk safdır, birüzlüdür, ona görə də yadlara tez aldanır. Deməli, bicliyi, siyasəti yaxşı bacarmır. Elə ona görə də Türk siyasət yox, Ruhaniyyat yaratmalıdır. O siyasətə can atanda gücü qat-qat azalır. Ruhaniyyata gəlsə, gücü yüz dəfə artar. Belə bir Dəyəri Türk milləti üçün təqdim eləmişik. Bu, Asif Atanın yaratdığı Mütləqə İnam sistemidir. Mütləqə İnam yeni Dünyabaxış olmaqla bənzərsiz bir sistemdir. Bu sistemin kitabları, qaydaları, Ruhani Qurumu- Ocağı var. Bu, çox geniş bir mövzu olduğu üçün bu yazıda ondan bəhs etmirik.
Yükümüzdən böyük fərəhimiz yoxdur! Atamız var olsun!

Bütün xəbərlər Facebook səhifəmizdə