"Sosial paket dövlətimizin xalqa dəstəyinin bariz nümunəsidir" - AÇIQLAMA
“Azərbaycan dövlətinin hazırladığı “xilas paketi” inkişaf etmiş ölkələri belə üstələyir. COVID -19 qlobal pandemiyasının dünyanın mövcud reallıqlarını təhdid edərək iqtisadi və sosial həyatı demək olar ki, iflic edib. Qlobal pandemiya ilə mübarizə aparmaq bütün dünyanın bu gün ən aktual problemidir. İnsanların sağlamlığını qorumaq üçün ciddi karantin rejimi tətbiq etmək və bu rejim vaxtı insanların sosial müdafiəsini həyata keçirmək isə olduqca mürəkkəb bir prosesdir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin Səhiyyə və Sosial Siyasət komitələrinin üzvü İlham Məmmədov səsləndirib.
Onun sözlərinə görə, dünya ölkələri inkişaf sürətindən asılı olmayaraq qlobal pandemiyanın vurduğu iqtisadi və bütün digər zərəri qarşılamaq üçün müxtəlif təşəbbüslər və proqramlar nəzərdə tutaraq tətbiq edirlər: “Bu təşəbbüslər hər bir ölkədə onların iqtisadi və maliyyə sabitliyinə uyğun hazırlanır. Hətta, bəzi ölkələrdə bu tədbirlər üçün xüsusi sahələr prioritet olaraq da seçilir. Ancaq ölkəmizdə məhz cənab İlham Əliyevin rəhbərliyi ilə pandemiya ilə mübarizə və böhran paketi bütün sahələri əhatə etməklə, ümumi daxili məhsulda (ÜDM) da xüsusi çəkisinin daha yüksək olması ilə hətta ən inkişaf etmiş ölkələri belə üstələyir. Onu da xüsusi qeyd etmək lazımdır ki, qlobal pandemiya reallığı onu göstərib ki, heç bir riski nə qiymətləndirmək, nə də onu idarə etmək mümkün deyilmiş. Heç bir dövlət buna hazır deyil. Lakin prezidentimiz İlham Əliyev və Birinci vitse-prezidentimiz xanım Mehriban Əliyeva uzaqgörənliklə bu təhlükənin nə dərəcədə böyük olacağını ilk gündən hiss edərək ölkənin bu günə kimi qazanmış olduğu və fəxrlə qeyd etdiyimiz iqtisadi potensialını, hüquqi və mənəvi gücünü bu dəhşətli bəlanın qarşısını almaga səfərbər edib”.
Deputat bildirib ki, hərtərəfli düşünülmüş tədbirlər planı hazırlanıb: “Hər bir böhran halının əsas hədəfi insanların sosial vəziyyətin ağırlaşması olduğunu xüsusi diqqətdə saxlayan cənab Prezidentimizin sərəncamı ilə Nazirlər Kabinətinin təsdiq etdiyi tədbirlər planında məşğulluq və sosial rifah üzrə bölmədə 4 istiqamət üzrə, 10 tədbirin icrasına artıq başlanıb. Fürsətdən istifadə edib bu taleyüklü sosial tədbirin icrasını obyektiv və subyektiv səbəblərdən gərgin şəraitdə həyata keçirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST mərkəzinin, eləcə də sosial xidmət sahəsində çalişan sıravi işçilərin –hansıki, dövlətimizin ayirdiği ərzaq və digər yardımları ciddi karantin rejimində olan ahıl yaşlı insanlara və əhalinin həssas təbəqəsinə çatdırılmasında bilavasitə iştirak edirlər, milyonlarla məlumatların qəbul edilməsi və emalını əlavə olaraq ayrılmış 6 server vasitəsi ilə həyata kecirirlər, bu insanlara xüsusi təşəkkür etmək istəyirəm. Günümüzün qəhrəmanları olan həkimlərimiz, polis işçilərimiz kimi sosial rifah tədbirlərini həyata keçirən insanlarımız da alqışa layiqdirlər”.
Hökumətin xilas paketindən danışan parlamentari qeyd edib ki, dövlət dəstək proqramlarının maliyyə həcmi 2.5 milyard manat təşkil edir: “Bu dəstək sistemi makro Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) 3 faizi həcmindədir. 2019-cu ildə ölkənin ÜDM-u əvvəlki illə müqayisədə 2,2 faiz artaraq, 81 milyard 681 milyon manata çatıb. Birinci və əhatəli olan proqram 304 min muzdlu işçinin çalışdığı 44 min sahibkarlıq subyektini əhatə edir. Hazırda ölkədə 1 milyon 555 min muzdlu işçi var ki, bunun da 915 min nəfəri dövlət və neft sektorlarında, qalan 640 min nəfəri isə qeyri-dövlət və qeyri-neft sektorlarındadır. Beləliklə, proqramın əhatə etdiyi 304 min işçi bu sektorlarda çalışanların 45 faizindən çoxunu təşkil edir. Sahibkarlığa dəstək üçün Nazirlər Kabinetinə bir milyard manat vəsait ayrılıb. Nəzərdə tutulur ki, dövlət dəstəyindən 290 mindən çox mikro və fərdi sahibkar faydalanacaq. Ümumilikdə isə bu proqramlar 600 minə yaxın insana şamil ediləcək. Üstəgəl, bir milyard manat həcmində olan mövcud kredit portfelinə dəstək proqramı da mövcuddur. İşsiz kimi qeydiyyata alınan 200 min nəfərə ayda 190 manat vəsaitin odənilməsi, 11 min nəfəri əhatə edən özünüməşğulluğu genişləndirmək, 20 min nəfərə işsizlikdən sığorta haqqının ödənilməsi sosial baxımdan həssas qrupun tələbə övladlarının təhsil haqqı xərclərindən azad olunması kimi addımlar dövlətimizin böhranı qarşılamaq gücündə olmağının və xalqa dəstəyinin bariz nümunəsidir”.
Son olaraq İ.Məmmədov vurğulayıb ki, bu çətin günlərdə dövlət vətəndaşından bir şey xahiş edir: “Evdə qalıb, koronavirusun yayılma zəncirinin qırılmasına kömək etmək. Artıq dövlətin yardım tədbirlərinin icrasına başlanılıb .Sadəcə vətəndaşlarımızdan rica olunan bir məsələ var ki, o da sosial məsuliyyətimiz artıraq. Cənab Prezidentimizə və ölkənin birinci Vitse-prezidentinə bu taleyüklü problemin həllində dəstək olaq, milli birliyimizi, həmrəyliyimizi əməlimizdə sübut edək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB