Konfutsi İnstitutunda Xocalı soyqırımı anılıb

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunan tədbir keçirilib. SİA xəbər verir ki, açılışı Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Xocalı soyqırımının beynəlxalq ictimaiyyət tərəfindən tanınması istiqamətində Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən tədbirlər, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşan “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası haqqında danışaraq, qanlı Xocalı hadisələri barədə həqiqətlərin dünyada yayılmasının, faciənin soyqırım kimi tanınmasının vacibliyini vurğulayıb.

O, həmçinin bildirib ki, Çində təhsil alan ADU tələbələri dövlətimizi təmsil edərkən Xocalı faciəsinin həqiqətlərinin ictimaiyyətə çatdırılması üçün məqsədyönlü tədbirlər görürlər.

Tədbirdə çıxış edən ADU-nun çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələri Xocalı soyqırımının Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu Çin dilində qeyd edərək, soyqırımının beynəlxalq miqyasda tanınması, ona siyasi-hüquqi qiymət verilməsi üçün bütün gənclərimizin səfərbər olacağına inandıqlarını bildiriblər. Sonda Çin dilində Xocalı soyqırımının dəhşətlərini əks etdirən sənədli film nümayiş olunub.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə