Əsas yolda təmir işləri nə vaxt yekunlaşacaq? Eksklüziv - AÇIQLAMA - FOTO

Xırdalan dairəsində, həmçinin Sumqayıt yolu və Avtovağzal yolu istiqamətində bir aydan çoxdur ki, genişləndirilmə işləri aparılır. SİA xəbər verir ki, yol 2 hərəkət zolağı enində genişləndirilir. Əsas genişləndirmə işləri Xırdalan dairəsində davam edir və Xırdalan dairəsinin altından keçən avtomobil tunelində də eyni prosesin aparılması nəzərdə tutulur. Tunel hər bir istiqamət üzrə 2 hərəkət zolağından 4 hərəkət zolağına qədər genişləndiriləcək. Bundan başqa daha 2 hərəkət zolağı dairəyə qalxan və düşən hissələrdə də yaradılacaq.

Lakin hazırda yolda aparılan genişləndirmə işləri nəticəsində səhər və axşam saatlarında ərazidə keçilməz bir tıxac yaranır. İşlərin nə vaxt yekunlaşacağı haqda məlumat almaq üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etdik.

Agentliyin Layihə İdarəetmə Qrupunun mühəndisi Rafiq Səfərov SİA-ya açıqlamasında genişləndirilmə işlərinin mahiyyətindən bəhs edib. O bildirib ki, yolda aparılan genişləndirilmə işləri ilə əlaqədar agentliyə şikayətlər olunur və işlərin hansı yerdə olduğu haqda tez-tez soruşulur:

"Yolda gedən proseslər haqda məlumat alırlar. Lakin demək istərdim ki, həmin yol şəhərə əsas giriş-çıxış yolunu əhatə edir. Çalışırıq ki, yolu bağlamadan genişləndirmə işlərinə davam edək. Əgər Masazırdan Avtovağzala qədər yolu bağlasaq o zaman işlər təbii ki, daha sürətli gedər. Lakin bu mümkün deyil. İnsanların yolunu kəsə bilmərik. Həm nəqliyyatın hərəkətinə mane olmadan, həm də sürətli şəkildə işləri aparmağa çalışırıq".

Mühəndis bildirib ki, yol asvaltlanmadan öncə orada bərkitilmə və kipləşdirilmə əməliyyatları aparılmalıdır. Daha sonra asvalt vurula bilər: "Yol ilk növbədə kipləşdirilməlidir, sonra gətirilib həmin qara xəttə çatdırılmalıdır. Həmin yoldan ağır nəqliyyat vasitələri keçəcək. Hansı ki, çəkiləri 40-50 tondan çoxdur. Əgər yol normal kipləşdirilmə həddinə çatdırılmasa onun üstündən asvalt vurulduqdan sonra yol tamamilə dağıla bilər. Proses tikinti normalarına əsasən getməlidir. Bu proses 2-3 və ya daha çox çəkə bilər".

Yolda təmir işləri ilə yanaşı yenidən bərpa və söküntü işləri də aparılır. Bu məsələyə münasibət bildirən Rafiq Səfərov layihələndirmə zamanı bəzən belə hallar olduğunu və təkrarlana bildiyini vurğulayıb, çünki təkrar yoxlanışlar keçirilir və nəsə düzgün olmadıqda yenidən bərpa işləri aparılır:

"Bununla düzələcək deyilən bir qayda da yoxdur. Şəhərə bir ədəd giriş yolu və bir ədəd çıxış yolu var. Ona görə də yol tutmur. Həmin yolda nəqliyyat vasitəsi çoxdur. Gündüz hamı şəhərə gedir, axşam da hamı şəhərdən çıxır. Ona görə də həmin saatlarda sıxlıq yaranır.

Asvalt çəkmə mərhələsi qısa müddətdə başa gəlir lakin yolun kipləşməsi məsələsi var. Bu kipləşmə prosesi isə materialdan və təbiətdən asılıdır. Yağış yağdığı halda işlər uzana bilir. Xarici faktorlardan və şəraitdən çox şey asılıdır. Ona görə də yolun möhkəm təməllər əsasında qurulması üçün layihəni həyata keçirənlər məsuliyyət daşıyır və bunun üçün ehtiyat edirlər".

Yolda aparılan genişləndirmə işlərinin nə vaxt yekunlaşacağı haqda isə layihənin rəhbəri Dilqəm Qəniyev SİA-ya məlumat verdi. Onun sözlərinə görə, bütün bu proseslər may ayının sonlarında yekunlaşacaq:

"Xırdalan dairəsindən Avtovağzala qədər olan yol təmir işləri may ayının sonuna qədərə tamamilə yekunlaşacaq. Hazırda biz yan yolları işləyirik. Yan yolların en hissəsi işlənilir. Bu işlənib hazır olduqdan sonra asvalt vurulacaq.

Xırdalan istiqamətində gedənləri sağ palataya, sağ hissəyə çıxardıb, ondan sonra tunel hissəsi qazılacaq. Qısa müddətdə, 1 həftə və ya 10 günə indiki torpaq yatağının üstündən, yəni yolu genişləndirən hissəyə asvalt vurulacaq. Mövcud yolu sağa çəkəndən sonra onun içindən iki hərəkət istiqamətində 2 ədəd tunel qazılacaq, həm Avtovağzal iqtiqamətində, həm də Sumqayıt istiqamətində. Təzə yola asvalt vurub hərəkətə buraxandan sonra həmin tunel hissəsi qazılacaq. Tunel hissəsi tam hazır olduqdan sonra əsaslı şəkildə təzədən asvaltlanacaq. Son tamamlanma işləri isə may ayının sonunda olacaq".

Qeyd edək ki, yol həm Sumqayıt istiqamətinə gedən tərəfdən, həmçinin "Eurohome"un önünü də əhatə yol, eyni zamanda Avtovağzal istiqamətini əhatə edən yol daxildir. Tikinti-təmir işlərinin sıxlığı əsasən Xırdalan dairəsində müşahidə olunur. Sırf buna görə ərazidə pik saatlarda tıxac meydəna gəlir.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə