Azərbaycan uğurlarını dünyaya tanıtdıran nüfuzlu məkan DAVOS FORUMU

Prezident İlham Əliyev: "Davos Forumu dünyanın siyasi və iqtisadi elitasının ölkəmizə olan marağını ortaya qoyur"

Məlum olduğu kimi, yanvarın 21-dən 24-nə kimi İsveçrənin Davos şəhərində "Birgə və davamlı dünyanın maraqlı tərəfləri" mövzusunda keçirilən 50-ci Dünya İqtisadi Forumunda 117 ölkədən 2 mindən çox siyasətçi, akademik, iş adamı və qeyri-hökumət təşkilatlarının nümayəndələri qatılıb. Qeyd edək ki, 14-cü dəfə Davosda keçirilən forumda iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev bu il də dünyanın siyasi və iqtisadi elitalarının ən tanınmış nümayəndələri ilə görüşlər keçirib, Forum çərçivəsində "Strateji baxış: Avrasiya" mövzusunda keçirilən panel iclasında iştirak edib.

2020-ci il yanvarın 21-də işə başlayan forumda da dünya üçün kifayət qədər əhəmiyyətli məsələlər müzakirəyə çıxarılmışdı. Azərbaycan Prezidenti "Strateji baxış: Avrasiya" mövzusunda interaktiv iclasda iştirak edib. Aydındır ki, bu iclas, bütövlükdə, Avrasiya üçün çox aktual olan problemə həsr edilib. Çünki hazırda planet üçün əhəmiyyəti olan proseslər, məhz Avrasiyada cərəyan edir. Burada ziddiyyətlər, risklər və təhdidlərlə yanaşı, əməkdaşlığın perspektivləri də liderləri maraqlandırır.

"Azərbaycanın regional və beynəlxalq təşkilatlarda iştirakı praqmatizmə əsaslanır"

Panelin moderatorunun suallarını cavablandıran Prezident deyib ki, bizim qonşularımıza münasibətdə siyasətimiz mehribandır, lakin, eyni zamanda, milli maraqlarımız həmişə birinci yerdədir: "Azərbaycanın müxtəlif regional və beynəlxalq təşkilatlarda iştirakı praqmatizmə əsaslanır". Prezident İlham Əliyev onu da bildirib ki, Azərbaycanın əsas ideologiyası ölkənin maraqlarını və vətəndaşlarının mənafeyini qorumaqdır: "Azərbaycanın əsas ideologiyası müstəqillik, özünü təmin etməkdir. Mən prezident kimi, Azərbaycanı - özünü təmin edən, heç kəsdən asılı olmayan dövlətə çevirməyi qarşıma məqsəd qoydum. Başqa sözlə desək, iqtisadi müstəqillik əsas prioritet idi, çünki bu, siyasi müstəqilliyin təməlidir".

Dövlət başçısının sözlərinə görə, müxtəlif ölkələrin məqsədləri və iqtisadi sistemlərin zəifliyi fərqlidir: "Çox əlverişli və cəlbedici coğrafi mövqeyimiz, enerji təhlükəsizliyini təmin edən təbii ehtiyatlarımız var. Qonşu və tərəfdaşlarla münasibətlərimiz qarşılıqlı maraqlara əsaslanır - biz heç kəsdən asılı deyilik. Beynəlxalq təşkilatlarda iştirakımız praqmatizmlə əlaqədardır. Əgər bu, bizə biznes üçün böyük imkanlar verirsə, sabitlik, təhlükəsizliyi artırırsa, o zaman bunu vacib hesab edirik. Bir sıra beynəlxalq assosiasiyaların üzvüyük, misal üçün, Qoşulmama Hərəkatının".

"Yenilənmiş Milli Məclis Azərbaycanda aparılan islahatların vacib hissəsi olacaq"

Dövlət başçısı 9 fevralda keçiriləcək parlament seçkiləri ilə da bağlı məsələyə də toxunaraq bildirib ki, parlament seçkilərdən sonra bütün diqqətini islahatların aparılmasına yönəldəcək: "Azərbaycanda fevralın 9-na təyin olunan parlament seçkilərinin nəticələri əsasında formalaşdırılacaq Milli Məclisin yeni tərkibi ölkədə aparılan sosial-iqtisadi islahatların vacib hissəsi olacaq".

Prezidentin sözlərinə görə, Azərbaycanda aparılan islahatlar çərçivəsində ölkə hökumətinin tərkibi əhəmiyyətli dərəcədə yenilənib: "Hökumətin tərkibi dəyişdirildi. Hökumətdə yeni insanlar meydana çıxdı. Bunlar müasir baxışları olan yüksək təhsilli gənclərdir. Dəfələrlə demişəm ki, XXI əsrdə uğur yalnız XX əsrin baxışlarına köklənməməklə mümkündür. Buna görə yeni insanlar təkcə hökumətdə deyil, həm də Prezident Administrasiyasında lazımdır. Burada da böyük dəyişikliklər baş verdi".

Prezident İlham Əliyev Azərbaycanın qonşu ölkələrə qarşı dostluq siyasəti yürütdüyünü də vurğulayıb: "Ancaq milli maraqlar bizim üçün hər şeydən üstündür. Siyasi-iqtisadi sahədə çox ciddi islahatlar aparmağa nail olduq. Əldə etdiyimiz nailiyyətlər Dünya İqtisadi Forumunun qiymətləndirmələrində və Davos Forumunun işində öz əksini tapıb. Biz infrastruktur, yolların keyfiyyəti sahəsində çox şey əldə etdik - bu göstərici ilə dünyada 27-ci yerdəyik".

Ölkə rəhbəri infrastruktur islahatları barədə də geniş məlumat verib: "Hesab edirəm ki, əvvəllər biz, əsasən, infrastruktur layihələrinə sərmayə yatırmışıq. Buna görə yenə də Davos Forumuna əsasən, Azərbaycan bu gün elektrik enerjisinə çıxış imkanına görə ikinci yerdədir. Azərbaycanda qazlaşdırma səviyyəsi 96 faiz təşkil edir. Biz 16 min kilometr yol, 3 mindən çox məktəb və 700 xəstəxana inşa etmişik. Lakin bunlar dövlət sərmayəsinin bir hissəsi idi. İndi bizə nə lazımdır? Bizdən yaxşı idarəçilikdə, şəffaflıqda, hesabatlılıqda, həyat və yaşayış standartları ilə bağlı meyarların Avropa İttifaqının standartlarına daha da yaxınlaşması üçün yeni yanaşma tələb olunur. Hesab edirəm ki, bu, mümkündür. Buna nail olmaq olar, çünki bizim güclü siyasi dəstəyimiz var".

"Bizim iqtisadi artımımız əhalinin artımına uyğun gəlməlidir"

Dövlət başçısı əhalinin artımı məsələsinə də toxunaraq, bildirib ki, bu iqtisadi artımla üst-üstə düşür: "Beləliklə, yeni hökumət əsas diqqətini artan əhalidən ibarət olan böyük çağırış üzərinə yönəldəcək. Buna görə də, bizim iqtisadi artımımız əhalinin artımına uyğun gəlməlidir. Müstəqillik illərində əhalimizin sayı 7 milyondan 10 milyona qədər artdı. Beləliklə, əhaliyə əlavə infrastruktur, əlavə ərzaq təminatı tələb olunur. Bizim əhalimiz hər il 100 mindən çox artır. Bu isə, o deməkdir ki, bizə ən azından, ildə 100 min iş yeri lazımdır. Bu, asan deyil. Buna görə də hökumət bu məsələ ilə məşğul olacaq. Biz yoxsulluğu bugünkü səviyyədə - 5 faizdən aşağı səviyyədə saxlamağa çalışacağıq. Həmçinin, bizim birbaşa xarici borcun azaldılması ilə bağlı uzunmüddətli strategiyamız var. Bu gün bu borc çox aşağıdır, ümumi daxili məhsulun 17 faizini təşkil edir. Lakin bizim hədəfimiz onu ümumi daxili məhsulun 10 faizinə qədər endirməkdir. Əlbəttə ki, inflyasiyanı keçən il olduğu kimi, 2,5 faiz səviyyəsində, aşağı səviyyədə saxlanılması məsələsi üzərində də işləyəcəyik. İnsanların gəliri həmişə inflyasiyanı üstələməlidir, habelə, iş yerlərinin yaradılması da demoqrafik artımdan daha çox olmalıdır".

Bir sözlə, bütün bu məqamlar Prezident İlham Əlyevin Davosa olan səfərinin çox səmərəli keçdiyini təsdiqləyir. Forumda həm dünyanı maraqlandıran taleyüklü məsələlərin müzakirəsində iştirak etmək, həm də konkret olaraq, Azərbaycan üçün aktual məsələləri müzakirə etmək, müxtəlif ölkə rəhbərləri ilə görüşlər keçirmək bu baxımdan əhəmiyyətli addımlardır. Şübhə yoxdur ki, forumdakı müzakirələrdə əldə edilən nəticələr əsasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi Azərbaycanda müstəqil dövlət quruculuğu prosesinə təsirli təkan verən faktorlardan olacaq. Ümumilikdə, Azərbaycanın beynəlxalq nüfuzu daha da yüksələcək, əməkdaşlığın inkişafı və ölkəmizə investisiya axınının artması üçün daha geniş imkanlar yaranacaq. Azərbaycan növbəti Davos Forumunda yeni uğurları ilə iştirak edəcək.

Ancaq bu gün ölkəmizin bu uğularını həzm edə bilməyən bəzi qərəzli qurum və təşkilatlar anlamalıdırdar ki, Azərbaycana qarşı nə qədər qərəzli olsalar da, faktlar qarşısında geri çəkilməyə məcburdurlar və məcbur olacaqlar. Belə ki, Azərbaycan hər il əldə etdiyi nailiyyətlərlə dünyanın sivil, demokratik və dinamik inkişaf edən ölkələri sırasında yer aldığını konkret faktlar əsasında dünyaya sübut edir. Davos Forumu da bu bağlılıqda istisna deyil.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə