Rasim Musabəyov: “Ermənilər Rusiya-Gürcüstan müharibəsini yada salmaqla özlərini yalnız sakitləşdirə bilərlər”-Müsahibə

Rasim Musabəyov: “Ermənilər Rusiya-Gürcüstan müharibəsini yada salmaqla özlərini yalnız sakitləşdirə bilərlər”-Müsahibə

Millət vəkili, politoloq Rasim Musabəyovun SİA-ya müsahibəsi:
- Prezident İlham Əliyev dəfələrlə bildirib ki, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş deyil, real təhlükədir. Dağlıq Qarabağ Qərbə görə isə "dondurulmuş münaqişə"dir. Qərb niyə belə hesab edir?

- Təbii ki, məsələyə bizim baxışlarımız ilə başqalarının baxışı eyni ola bilməz. Mən də Fransada yaşasaydım, bu münaqişə mənə dondurulmuş görünərdi. Qərb fikirləşir ki, ildə 30-40 adam atəşkəsin pozulması nəticəsində dünyasını dəyişsə də iri hərbi əməliyyatlar baş vermir. Danışıqlar da davam edir. Belə olan halda münaqişənin indiki vəziyyəti kimisə narahat etməlidir. Münaqişə ABŞ üçün, Fransa üçün dondurulmuşdur, bizim üçün isə yox. Çünki, münaqişədən əziyyət çəkən bizik, azı 600-700 min nəfərə evindən-eşiyindən olub.

- İndiki halda hansı proses daha şanslı görünür, sülh, yoxsa müharibə?

- Keçən il məndən soruşanda deyirdim ki, sülh daha yaxın görünür. İndi isə müharibəni daha yaxın görürəm. Eyni zamanda gözləmirəm ki, yaxın zamanda hərbi əməliyyatlar başlayacaq. Proseslər indiki kimi cərəyan etsə, gec-tez müharibə olacaq.

- Azərbaycan tərəfi hər dəfə müharibə bəyanatları ilə çıxış edəndə Ermənistan Gürcüstan-Rusiya müharibəsini yada salır. Hərbi əməliyyatlar yenidən başlayarsa, Rusiyadan hansı addımları gözləmək olar?

- Tamamilə fərqli proseslərdir. Azərbaycan ərazisini işğalçı Ermənistan ordusundan təmizləməyə başlasa, heç kim, nə ABŞ, nə Fransa, nə də Rusiya Azərbaycana hücum etməyəcəklər. Buna heç əsasları da yoxdur. Yalnız təəssüflənəcəklər, deyəcəklər ki, müharibə pis şeydir. Rusiya ona görə fərqli mövqe tutacaq ki, Abxaziya və Osetiyadan fərqli olaraq Dağlıq Qarabağda rəsmi şəkildə bir nəfər belə rus hərbçisinin olması təsdiqlənməyib. Ermənilər heç də özlərinə təskinlik tapmasınlar. Amma hər halda anlayırıq ki, müharibə kifayət qədər risklidir. Ermənilər Rusiya-Gürcüstan müharibəsini yada salmaqla, özlərini yalnız sakitləşdirə bilərlər, amma heç bir halda bunun üçün əsaslar yoxdur. Bizi qorxutmaq istəyirlər, amma biz real vəziyyəti bilirik.

- Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin martın 5-də görüşü gözlənilir. Bu xəbərin Azərbaycana yeni təyin olunan səfirin dilindən səslənməsində hansısa məntiq axtarmaq olarmı?

- Əslində bu xəbəri Azərbaycan, Ermənistan və Rusiya Prezident Administrasiyanın mətbuat xidmətləri verməli idi. Hər halda ABŞ da Minsk qrupunun həmsədr ölkəsidir. Metyu Brayza bu məlumatı Prezident İlham Əliyevlə görüşdən sonra deməsi onu deməyə əsas verir ki, dəqiq məlumatdır. Görüş baş tutacaq ya tutmayacaq, bu hazırlıq prosesindən və danışıqların hansı müstəvidə aparılmasından asılı olacaq. Müharibə yoxdursa, danışıqlar davam etdirilməlidir. Danışıqların nəticəsi olaraq bir mühüm nəticə əldə olunmursa, bu cür görüşlərə də ehtiyac yoxdur. Bu məqamı Azərbaycan prezidenti dəfələrlə səsləndirib. Görüntü xarakterli görüşlərə Azərbaycan heç bir maraq göstərmir.

- Ermənistan qondarma Dağlıq Qarabağ qurumunun danışıqlarda müstəqil tərəf kimi iştirakının vacibliyini iddia etməklə, bir növ diqqətləri üzərindən çəkmək və Dağlıq Qarabağı dünyada müstəqil subyekt kimi tanıtmaq istəyir. Ermənistan beynəlxalq ictimaiyyəti aldada biləcəkmi?

- Təbii ki, ermənilər bunu istəyirlər. Amma heç kimi aldada bilmirlər və aldada bilməzlər. Hamı anlayır ki, Azərbaycan torpaqlarını işğal edən erməni hərbi qüvvələridir. Orduya çağırılan Ermənistan vətəndaşı Dağlıq Qarabağda ya gülləyə tuş gələrək, ya da ordu daxilində təzyiqlərin və orduya xas olmayan münasibətlərin nəticəsi olaraq ölür. Bu bütün dünyanın gözü qabağında baş verir. Hesab edirəm ki, Ermənistanın boyun qaçırmaq istədiyi hansısa hərəkət ciddi şəkildə müzakirə edilməməlidir.

- Bir çoxları Azərbaycana qarşı beynəlxalq ikilistandartlarda erməni lobbisinin mühüm təsiri olduğunu iddia edir. Doğrudanmı, dünyanın iri dövlətləri maraqlarını erməni lobbisinə qurban verir?

- Təbii ki, lobbinin də təsiri var. Amma ayrıca bir məsələ də var. İri dövlətlər istəklərinə nail olmaq üçün cürbəcür təzyiq mexanizmlərindən istifadə edirlər. Kimlərəsə kiçik bir pay atırlar, Gürcüstana, yaxud Ermənistana kimi. İri dövlətlər balaca dövlətləri nəzarət altında saxlamaq üçün, onlar arasında münaqişələrdən yararlanmağa çalışırlar. Aydındır ki, Ermənistandan qoparılası bir şey yoxdur. Həm geostrateji, həm də enerji resurslarına malik olan dövlət Azərbaycandır. Bu münaqişə Qərbə daha çox ona görə lazımdır ki, Azərbaycandan istədiklərini alsınlar. Almaq üçün gərək nəsə verəsən. İri dövlətlər isə almaq istəyir, vermək isə istəmirlər. Erməni lobbisi, erməni iddiaları onlar üçün bir köməkçi vasitədir.

- İranın Ermənistana yardımlarını necə dəyərləndirirsiniz? Bu yardımlar Ermənistanı nə qədər ayaqda saxlamağa kifayət edəcək?

- İranın köməyi olmadan Ermənistan inadkarlığı göstərə, Azərbaycan qarşısında duruş gətirə bilməzdi. Desək ki, İran Ermənistanı saxlayır, bu da bir qədər şişirdilmiş olar. Ermənistanın İranla ticarət dövriyyəsi ümumi xarici dövriyyənin heç 10 faizi etmir. Ermənistanın əsas dayaqları Rusiya və təbii ki, Qərbdir. Bizim İrana iradlarımız odur ki, belə müsəlman qardaş olmaz. İranın əhalisinin yarısı azərbaycanlılardır, qardaşının qəbrini tapdalayan biri ilə ticarət əlaqələri qurur və utanmadan gəlib bizinlə həmrəylikdən danışır.

- İranda baş verən prosesləri necə dəyərləndirirsiniz, burada Tunis və Misir hadisələri təkrarlana bilərmi?

- Rejimlər fərqlidir. Amma o da yadındır ki, əhali İran rejimindən bezib. 30 ildən çoxdur ki, şah rejimi devrilib, amma əhalinin yaşayış səviyyəsi şah dövründəki yaşayış səviyyəsinə çatmayıb. Tehran böyük iddialarla çıxış etsə də, vətəndaşları üçün normal bir şərait yarada bilməyib. Şah dövründə əhalinin yaşayış səviyyəsi Türkiyə ilə müqayisədə yaxşı idi. Baxmayaraq ki, İranın Türkiyədən fərqli olaraq, qazı və nefti var. Hesab edirəm ki, İranda ciddi dəyişikliklər baş verməlidir.

- ABŞ-ın keçmiş dövlət katibi Kondaliza Rays belə bir ifadə işlətmişdi: "Yaxın Şərqdə sərhədlər ədalətsiz bölünüb".Yaxın Şərqdə baş verənlər deməyə əsas verirmi ki, ABŞ siyasəti əslində keçmiş dövlət katibinin fikirlərini reallaşdırmaya, yəni bölgədə sərhədlərin "ədalətli" bölüşdürülməsinə yönəlib?

- ABŞ-ın özünün sərhədləri ədalətlidirmi? ABŞ zor gücü ilə Florida, Kaliforniya və Texası Meksikanın əlindən alıb. ABŞ özü bunu ədalətli edibmi ki, Kondaliza ədalətli sərhədlərdən danışır. Yanlış bir ifadədir, o, diplomata yaraşmayan ifadələr işlədib. Bəli, sərhədlər bir çox hallarda heç də ədalətli deyil. Sərhədləri kimsə dəyişməyə meyl etsə, bu qandan və hamının hamı ilə müharibəsindən başqa bir şey deyil. ABŞ-ın Orta Şərq planı başdan-ayağa müsəlman dövlətlərini qana bulaşdırmaqdan başqa bir şey deyil.

- Minsk qrupunun fəaliyyəti göz qabağındadır. Bu qurumun həmsədrləri eyni zamanda BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Üz tutacağımız başqa bir yer varmı?

- Minsk qrupundan sonra yeganə təşkilat var ki, qərar qəbul edə, lazım gələrsə qərarın arxasınca güc də çıxara bilər. Bu BMT Təhlükəsizlik Şurasıdır. Dediyiniz ki, Minsk qrupunun həmsədrləri Təhlükəsizlik Şurasının daimi üzvləridir. Onlardan birinin veto qoyması qərarın qəbulunun qarşısını alır. Reallıq budur ki, ya həmin dövlətlər təngə gələrək Azərbaycanı Təhlükəsizlik Şurasında dəstəkləyəcəyi ilə bağlı xəbərdar edirlər, məlumdur ki, ATƏT-də qərarlar konsensus əsasında qəbul olunur. Ermənistan hər tərəfdən asılı dövlətdir. Onlar isə bunu demirlər. Çünki, ürəyi ermənilərlədir. Bir çoxları hesab edir ki, Ermənistana Azərbaycan torpağı hesabına bir qədər güzəşt edək. Digər tərəfdən isə Azərbaycana təzyiq mexanizmi olaraq münaqişəni həll etmək istəmirlər. Minsk qrupundan birdən-birə ədalətli qərarı gözləməyə dəyməz. Amma müharibəni də istəmirlər. Azərbaycan uduzsa belə və bölgədə qeyri-stabil vəziyyət davam edəcəksə, bu da onlara sərf etməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə