Lerikdə “Qloballaşma və milli kimlik” mövzusunda seminar-treninq keçirilib

Lerikdə “Qloballaşma və milli kimlik” mövzusunda seminar-treninq keçirilib

İyunun 28-də Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Lerik Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Lerikdə “Qloballaşma və milli kimlik” mövzusunda seminar-treninq keçirilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, tədbirdə Fondun icraçı direktorunun müavini Rəfi Qurbanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov,Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Vəliməmmədova, ziyalılar, müəllimlər, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Seminarı giriş sözü ilə açan Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova mövzunun aktuallığı ilə bağlı fikirlərini bildirərək keçirilən tədbirə görə Fondun rəhbərliyinə öz təşəkkürünü bildirib.

Fondun icraçı direktorunun müavini Rəfi Qurbanov “Qloballaşma və milli kimlik” mövzusunda təqdimatla çıxış edib. R.Qurbanov qloballaşma prosesinin cəmiyyətə təsiri və vasitələrini, eləcə də bunun fonunda milli kimliyin mövcud çalarlarının qorunub saxlanılması üçün məqsədyönlü səylərin görülməsinin vacibliyini qeyd edib. Eyni zamanda, milli kimliyimizi xarakterizə edən vəhdətimizi, müxtəlifliyə hörmət, loyallıq və s. kimi anlayışları iştirakçıların diqqətinə çatdırıb.

DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxışında dünyada gedən qloballaşma proseslərində milli kimliyimizin və mənəvi dəyərlərimizin qorunub saxlanılmasının zəruriliyini vurğulayıb. Natiq qeyd edib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycançılıq məfkurəsi milli kimliyimizin əsasını təşkil edir.

Tədbirin yekununda iştirakçılarla geniş fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə