Paytaxtımızda "Formula-1" yarışı izdihamı yenidən yaşanacaq

Paytaxtımızda "Formula-1" yarışı izdihamı yenidən yaşanacaq

Paytaxt Bakının ev sahibliyi edəcəyi möhtəşəm tədbirə - "Formula-1" yarışına sayılı günlər qalıb. Şərq ilə Qərbin koloritinin cəmləşdiyi Bakı şəhərində "Formula-1"in keçirilməsi Azərbaycanın geniş imkanlara malik olduğunu bir daha nümayiş etdirəcəkdir. Aprelin 27-29-da Bakıda baş tutacaq yarışa hazırlıq işləri artıq yekunlaşmaq üzrədir. Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi etmək təcrübəsindən yararlanaraq, yenə də hər işin yüksək səviyyədə təşkilinə nail olmaq məqsədi ilə bütün tədbirləri lazımi şəkildə həyata keçirməyə çalışır. İştirakçı olan hər kəs bu möhtəşəmliyi görərək, Azərbaycanın həm idman ölkəsi kimi, həm də dinamik inkişafa malik dövlət olaraq dünya arenasında yeri və rolu olduğunu bir daha anlayacaq. Reallaşan tədbirlər Azərbaycanın dünyada getdikcə artan nüfuzundan, siyasi və iqtisadi sahədə qazandığı uğurların yetərincə olmasından qaynaqlanır.

Artıq iki dəfə paytaxt Bakıda keçirilən yarım əsrdən artıq tarixi olan "Formula-1" idman tarixində yeni maraqlı səhifədir. Belə ki, beynəlxalq tədbirlərin, eləcə də, idman yarışlarının təşkilində böyük təcrübəyə malik olan Azərbaycan sülhsevər olduğunu və multikulturalizm siyasətini bir daha dünya ictimaiyyətinə göstərmiş olur. Son illərdə ölkəmizdə keçirilən Bakı Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu, Avropa və İslam Ölkələri Mədəniyyət Nazirlərinin Konfransı və onlarla belə beynəlxalq tədbirlər ölkəmizin, qısa müddət ərzində, əldə etdiyi yüksək inkişaf səviyyəsini, demək olar ki, bütün dünyaya nümayiş etdirmək baxımından, belə böyük əhəmiyyət kəsb edir. 2015-ci ildə ilk Avropa Oyunlarını ən yüksək səviyyədə təşkil edən Azərbaycan idman tarixinə daha bir yeni imza da atdı. Daha sonra dünyanın ən məşhur avtomobil yarışları olan "Formula-1" üzrə Avropa Qran-Prisini uğurla keçirdi. 20 inkişaf etmiş şəhərdə keçirilən "Formula-1"ə Azərbaycan yüksək səviyyədə ev sahibliyi etdi. Bakı 21-ci şəhərdir ki, bu oyunlara ev sahibliyi edir.

Bu gün Azərbaycan üçüncü dəfə paytaxtımızda keçiriləcək "Formula-1" yarışına hazırlaşır. Məlumdur ki, ötən il Bakıda keçirilən "Formula-1" Avropa Qran-Prisi yarışlarını dünyanın 180-dən artıq ölkəsində 500 milyondan çox azarkeş televiziya vasitəsilə izlədi. "Formula-1" üzrə dünya çempionatının tamaşaçı auditoriyası bütün qitələri əhatə etdi. Amerika, Avropa, Avstraliya, Asiya və Afrika ölkələrinin televiziya kanalları yarışları müntəzəm yayımladılar. Beş yüz milyon televiziya tamaşaçısının Avropa Qran-Prisində dünyanın ən güclü pilotlarının mübarizəsini izləməklə yanaşı, müasirliklə qədimliyin simvollarını özündə birləşdirən Bakı haqqında geniş məlumat əldə edə bildilər. ABŞ-ın, Böyük Britaniyanın, Kanadanın, Fransanın, İspaniyanın, Avstraliyanın, Braziliyanın, Portuqaliyanın, Almaniyanın, İtaliyanın, Cənubi Afrika Respublikasının, Rusiyanın, Yaponiyanın, Polşanın və Hindistanın məşhur televiziya kanalları Bakı Qran-Prisini yayımlamaqla yanaşı, paytaxtımıza həsr olunan 200-ə yaxın reportaj və materiallar hazırladılar.

Mütəxəssislər tərəfindən "Formula-1" Azərbaycanı dünyaya tanıtmaq üçün ən yaxşı idman yarışı kimi dəyərləndirildi. "Formula-1" yarışı ölkəmizin təbliği, eləcə də, turistlərin cəlb edilməsi baxımından, ideal imkanlar yaratmış oldu. Onu da vurğulayaq ki, "Formula-1" yarışı ölkə iqtisadiyyatına əhəmiyyətli dərəcədə müsbət təsir göstərir. "Formula-1" yarışları Azərbaycan iqtisadiyyatına, ümumilikdə, 277,3 milyon ABŞ dolları gəlir gətirib. Bu rəqəmə iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən, peşəkar xidmətlər, hotel və mehmanxana, restoran, nəqliyyat, sosial və mədəni xidmətlər, kənd təsərrüfatı, poçt və telekommunikasiya, topdan ticarət və elektrik, qaz, su və digər sektorlarda qeydə alınmış gəlirlər daxildir. Birbaşa gəlirlərdə isə, əsas yeri turizm sektoru tutur. Bakıda keçirilən iki Qran-Pri ərəfəsində qeydə alınmış birbaşa gəlirlərin 22,7 milyon dolları, məhz bu sektorun payına düşür. Bu dövrdə birbaşa gəlirlər, ümumilikdə, 164,2 milyon dollar təşkil edib.

Onu da qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin məlum Sərəncamına əsasən, 2018 "Formula-1" Azərbaycan Qran-Pri yarışının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurları sadələşdirilib. Bu da, ölkəmizə gələcək azarkeşlərin rahatlığına yaradılan daha bir şəraitdir.

ZÜMRÜD

Bütün xəbərlər Facebook səhifəmizdə