Xalq-iqtidar birliyinin möhtəşəm qələbəsi

Xalq-iqtidar birliyinin möhtəşəm qələbəsi

İlham Əliyev: "Bu seçkilərdə Azərbaycan xalqı sabitliyə, təhlükəsizliyə, inkişafa, tərəqqiyə səs vermiş, son 15 il ərzində görülən işlərə yüksək qiymət vermişdir"

Azərbaycan 11 apreldə daha bir qələbəni tarixə yazdı. Demokratik bir şəraitdə, azad və şəffaf keçirilən prezident seçkiləri Azərbaycanda həyata keçirilən daxili və xarici siyasətin, xalq-iqtidar birliyini təntənəsi olaraq möhtəşəm qələbə ilə nəticələndi. Bu qələbə, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasətin alternativi olmadığının bir daha təsdiqini tapmış oldu. Xalq, birmənalı olaraq, Cənab İlham Əliyev ətrafında sıx birləşdiyini ifadə etdi. Azərbaycan xalqı növbəti 7 il üçün inkişaf yolunu seçdi və tərəqqiyə səs verdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 11-də keçirilən seçkilərdə Ona göstərilən böyük etimada görə xalqımıza ünvanladığı müraciətində "Bu seçkilərdə Azərbaycan xalqı sabitliyə, təhlükəsizliyə, inkişafa, tərəqqiyə səs vermiş, son 15 il ərzində görülən işlərə yüksək qiymət vermişdir", - deyərək xalq-iqtidar birliyinin, məqsədyönlü siyasətin bu gün Azərbaycanı qüdrətli dövlətə çevirdiyini diqqətə çatdırıb.

Əlbəttə ki, Cənab İlham Əliyevin bu seçkilərdə böyük və inamlı qələbəsinin kökündə son 15 ildə Azərbaycanda həyata keçirilmiş nəhəng layihələr, böyük işlər və əzəmətli nailiyyətlər dayanır. Qarşıdakı dövrdə ötən illərdə həyata keçirilmiş siyasət davam etdiriləcək və bu, Azərbaycana daha böyük uğurlar qazandıracaqdır.

Təbii ki, son 15 ildə iqtisadiyyatın yüksək inkişaf tempi insanların sosial-rifah halının daha da yaxşılaşması üçün etibarlı zəmin yaradıb, hər bir Azərbaycan vətəndaşının həyatında pozitiv dəyişikliklər baş verib. Cənab İlham Əliyev müraciətində qeyd edib ki, son 15 il ərzində iqtisadi sahədə Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır: "İqtisadiyyatımız 3,2 dəfə artmışdır

və bu gün Azərbaycan dünyanın ən rəqabət qabiliyyətli ölkələri sırasındadır. Rəqabət qabiliyyətliliyinə görə, biz 35-ci yerdəyik. Siyasətimizin mərkəzində həmişə Azərbaycan vətəndaşı, onun problemləri, qayğıları, onun rifahı olubdur. Son 15 il ərzində maaşlar və pensiyalar 8 dəfə artmışdır. Bu siyasət bundan sonra da davam etdiriləcəkdir".

Bu gün müstəqil Azərbaycanın beynəlxalq aləmdə iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirməsi, beynəlxalq qurumların hesabatlarında islahatçı ölkə kimi yer tutması, dünyanın nüfuzlu təşkilatlarının Azərbaycanın mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etmələri ölkəmizin seçdiyi yolun düzgün olduğunu təsdiqləyir. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, beynəlxalq reytinq agentlikləri Azərbaycanda aparılan islahatları yüksək qiymətləndirirlər. Cənab Prezidentin vurğuladığı kimi, Davos Dünya İqtisadi Forumu rəqabət qabiliyyətliliyinə görə, Azərbaycanı 35-ci yerə layiq görüb: "Dünya miqyasında 35-ci yeri tutmaq, MDB məkanında isə birinci olmaq çox böyük nəticədir. İnklüziv inkişaf indeksinə görə, Azərbaycan inkişafda olan ölkələr arasında üçüncü yerdədir".

Ölkə rəhbərliyinin yüksək dəqiqliklə seçdiyi və uğurla həyata keçirdiyi məqsədyönlü siyasət sayəsində son 15 ildə ölkə həyatı üçün strateji əhəmiyyət daşıyan inkişaf proqramlarının hazırlanması və işlək mexanizmlər əsasında həyata keçirilməsi, ən müxtəlif sahələrdə intibah prosesinin geniş vüsət alması ilə səciyyəvidir. Cənab İlham Əliyev rəhbərliyi ilə müstəqil Azərbaycan iqtisadi cəhətdən möhkəmlənmiş, qüdrətlənmiş və sosial-iqtisadi yüksəliş, ilk növbədə, insanların gündəlik həyatında özünü daha qabarıq büruzə vermişdir.

Hazırda, mühüm geosiyasi məkan kimi, Azərbaycan regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi və ən perspektivli tərəfdaş hesab edilir. Artıq ölkəmiz bütün regional məsələlərdə əsas iştirakçıdır və dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycanın razılığı olmadan reallaşa bilməz. Əlbəttə ki, Möhtərəm Prezidentin rəhbərliyi ilə reallaşdırılan ümummilli inkişaf strategiyası hər bir sahənin paralel inkişafını ən yüksək səviyyədə təmin edib və bu, davam etməkdədir. Cənab Prezident çıxışlarının birində qeyd edib ki, gündəlik fəaliyyətimizdə Azərbaycan xalqının həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində əməli-praktiki addımlar atılmışdır: "... Bizim əsas strateji məqsədimiz və hədəfimiz ölkəmizi daha da gücləndirməkdir, Azərbaycan dövlətinin qüdrətini artırmaqdır, müstəqilliyimizi möhkəmləndirməkdir".

Hər sahədə qazandığımız uğurların təməlində Prezident İlham Əliyevin qətiyyəti, əzmkarlığı və Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqincə davam etdirilməsi dayanır. Ötən 15 il ərzində Azərbaycan həm bölgədə, həm də dünya miqyasında ən sabit və dinamik inkişaf edən ölkələrdən birinə çevrilib. Bütün bu inkişaf göstəriciləri insanlarda qəti bir əminlik formalaşdırmışdı ki, növbəti 7 ildə də Azərbaycan Cənab İlham Əliyevin rəhbərliyi altında yeni inkişaf mərhələsi keçəcəkdir. Azərbaycan Prezidentinin vurğuladığı kimi, "keçdiyimiz yol şərəfli yoldur, qələbələr və uğurlar yoludur. Əminəm ki, biz həmişə qələbələr yolu ilə gedəcəyik. Yeni qələbələrə doğru, irəli!"

Düzgün seçim Azərbaycanın gələcək inkişafının, sabitliyin və əmin-amanlığın təminatıdır.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə