“Ağ ölümün qara fəsadları!” adlı növbəti maarifləndirici tədbir keçirilib

“Ağ ölümün qara fəsadları!” adlı növbəti maarifləndirici tədbir keçirilib

Nizami rayonundakı 214 nömrəli tam orta məktəbdə yuxarı sinif şagirdləri, müəllim və valideynlərin iştirakı ilə “Ağ ölümün qara fəsadları!” adlı növbəti maarifləndirici tədbir narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə həsr olunub.

SİA xəbər verir ki, tədbiri Nizami Rayon İcra Hakimiyyətinın ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Bəhman Hüseynov açaraq zərərli vərdişə aludə olanlar arasında cavanlaşma müşahidə olunduğunu söyləyib. Qeyd olunub ki, həmin hallar yeniyetmə-gənclər arasında intensiv təbliğat və maarifləndirici tədbirlərin aparılmasını zəruri edir.

Rayon Gənclər və İdman İdarəsinin rəisi Elşən Mirzəyev tədbirdə çıxış edərək bildirib ki, zərərli vərdişlərə aludəçilik sonda şəxsiyyətin mənəvi və fiziki deqradasiyasına aparıb çıxarır. Gənclərin əsl vətəndaş və cəmiyyətə gərəkli şəxsiyyət kimi formalaşması üçün yalnız sağlam həyat tərzini seçməlidir.

Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Tural Mustafazadə və 214 nömrəli tam orta məktəbin direktor müavini Arzu Alışqızı da narkomaniyanın zərərli təsirləri barədə danışıblar.

Tədbirin sonunda “ağ ölüm”ün və QİÇS-in ağır fəsadlarından bəhs edən videoçarx göstərilib, iştirakçıları maraqlandıran suallara cavablar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə