“Bu gün mətbuatın ayaqda durmasının səbəbkarı məhz dövlətimizdir” MÜNASİBƏT

“Bu gün mətbuatın ayaqda durmasının səbəbkarı məhz dövlətimizdir” MÜNASİBƏT

“Ötən gün ev alan jurnalistlər üçün çox əlamətdar bir gün idi. Mən də daxil olmaqla 255 jurnalist dövlət tərəfindən sevindirildi. Biz şəhərin mərkəzində, təmir olunmuş mənzillə təmin olunduq. Bu, dünyada analoqu olmayan bir addımdır. Çünki bilirik ki, heç bir yerdə dövlət tərəfindən təmənnasız ev verilmir. Çox şükür ki, 25 illik müstəqillik yaşı olan ölkəmizin belə bir imkanları var”. Bu fikirləri SİA-ya “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev deyib.

Azərbaycan dövlətinin mediaya dəstəyinin çox yüksək səviyyədə olduğunu deyən baş redaktor söyləyib ki, Kütləvi İnformasiya Vasitələrinə Dəstək Konsepsiyası qəbul olunduqdan sonra bu istiqamətdə ölkəmizdə sistemli və şəffaf iş aparılır, mediaya dövlət tərəfindən yardımlar ayrılır: “Bu gün xüsusilə də yazılı mətbuatın ayaqda durmasının bir nömrəli səbəbkarı məhz dövlətimizdir. Dövlətimizin Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun xətti ilə ayırdığı maliyyə vəsaiti olmasaydı, bu gün əksər qəzetlərimiz fəaliyyətini dayandırmış olardı”.

İ. Quliyev qeyd edib ki, hər il Azərbaycanda Milli Mətbuat günü yüksək səviyyədə qeyd olunur: “Dövlət başçısı, dövlət strukturları səviyyəsində jurnalistlərə böyük diqqət nümayiş etdirilir. Demək olar ki, hər il jurnalistlər fəxri adlarla təltif olunurlar. Bundan əlavə, redaksiyalara birdəfəlik maliyyə yardımları edilir. Ümumiyyətlə, Azərbaycan mediası hər hansı bir çətinliklə üzləşəndə üz tutduğu ilk ünvan məhz dövlət olur. Ötən gün jurnalistlərə mənzillərin verilməsi ilə bağlı keçirilən tədbirdə Prezident İlham Əliyev də qeyd etdi ki, Azərbaycanda media ilə dövlət arasında anlaşılan mühit yaranıb. Dövlətin istədiyini media, medianın istədiyini də dövlət mümkün qədər qarşılamağa çalışır. Mənzil alan bütün həmkarlarımı təbrik edirəm”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə