Pakistan mətbuatı Azərbaycana aid xüsusi materiallar dərc edib FOTOLAR

Pakistanın “Diplomatic Focus”, “Global Affairs” jurnalları və müəyyən digər mətbuat orqanlarının nəşrlərində Azərbaycana aid xüsusi materiallar dərc olunub. SİA-nın verdiyi məlumata görə, Azərbaycan-Pakistan diplomatik münasibətlərinin 25 illiyi ilə və 28 may Respublika günü münasibətilə Pakistanın “Diplomatic Focus”, “Global Affairs” jurnallarında, bu furnalların və müəyyən digər mətbuat orqanlarının elektron səhifələrində dərc olunan məqalələrdə Azərbaycan dövlətçiliyinin tarixi-siyasi təşəkkülü, erməni təcavüzü, ölkənin iqtisadi və turizm potensialı, eyni zamanda Azərbaycan Prezidenti tərəfindən 2017-ci ilin Azərbaycanda İslam Həmrəyliyi İli elan edilməsi ilə bağlı barədə materiallar öz əksini tapmışdır.

Azərbaycan Respublikasının tarixi-siyasi təşəkkülü

Məqalədə dünyanın ən qədim və zəngin mədəniyyətlərindən birinə malik olan Azərbaycanın tarixi dövlətçilik ənənələrinin formalaşması prosesi ətraflı izah edilmiş, İslam dininin qəbulundan sonra Azərbaycan-Türk etnoslarının Qafqaz və Yaxın Şərqin böyük dövlətləri olan Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi dövlətlərinin əsasını qoyduğu, Gülüstan və Türkmənçay müqavilələrindən sonra Azərbaycanın Rusiya imperiyasının tərkibinə daxil edildiyi vurğulanmışdır.

Yazıda qeyd olunmuşdur ki, Azərbaycan xalqının istiqlal əzminin təcəssümü olaraq, 28 may 1918-ci il tarixində müsəlman Şərqində ilk parlamentli respublika-Azərbaycan Demokratik Respublikası bərqərar edilmiş, ilk teatr və opera Azərbaycanda təsis edilmiş, müsəlman dünyasında ilk dəfə olaraq, qadınlara seçki hüququ verilmişdir. 1991-ci ildə Azərbaycanın yenidən müstəqilliyini qazanması ilə vətənpərvərlik, milli və mənəvi dəyərlər təməlində müasir dövlət quruculuğu Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlməsi ilə tamamilə yeni mərhələyə qədəm qoymuşdur. Heyər Əliyevin Azərbaycanda həyata keçirdiyi siyasi islahatlar nəticəsində ölkədə sabitlik təmin edilmiş və iqtisadi, sosial, insan hüquqları və demokratiya sahələrində tərəqqi əldə edilmişdir.

Məqalədə Azərbaycanın balanslı xarici siyasət xətti yeritdiyi, Qərblə Şərq arasında mədəni körpü rolunu oynadığı nəzərə çatdırılmışdır.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi

Erməni təcavüzünün tarixi arxa planı barədə məlumat verilərək, hər zaman Azərbaycan-Türk dövlətlərinin tərkibində əmin-amanlıq içərisində yaşayan ermənilərin, Qafqazın çar Rusiyası tərəfindən işğalından sonra kütləvi şəkildə tarixi Azərbaycan torpaqlarına-İrəvan, Naxçıvan və Qarabağa köçürüldüyü, bundan sonra ermənilərin müxtəlif dövrlərdə azərbaycanlılara qarşı etnik və mədəni soyqırım siyasətinə start verdiyi, 1988-ci ildən başlayaraq Azərbaycan torpaqlarını-Dağlıq Qarabağ və ətraf rayonları işğal etdiyi ifadə olunmuşdur. BMT, ATƏT, İƏT, Avropa Parlamentinin Ermənistanın işğal edilmiş Azərbaycan torpaqlarını tərk etməsini tələb edən qətnamələrinə bu işğalçı dövlətin məhəl qoymadığı da öz əksini tapmışdır.

Azərbaycanın iqtisadi və turizm potensialı

Məqalədə 11 iqlim qurşağından 9-nun keçdiyi, qərblə şərq və şimalla cənub arasında nəqliyyat və enerji qovşağı olan, ixtisaslı işçi qüvvəsinə, zəngin xammal ehtiyatına malik Azərbaycanın son 10 ildə əldə etdiyi iqtisadi nailiyyətlərə dair göstəricilərə yer verilmiş, investisiya cəlbinin təşviqi sahəsində görülən işlərdən, vergi güzəştlərindən, hüquq bazasının təkmilləşdirilməsindən bəhs edilmişdir.

Məqalədə həmçinin, Azərbaycanın malik olduğu tarixi, dini və istirahət məkanları, həmçinin turistlərin Pakistandan Azərbaycana getməsinin əlverişli yolları, onlayn “ASAN Viza” sistemi barədə məlumat verilmişdir.

2017-ci il Azərbaycanda İslam Həmrəyliyi İli elan edilmişdir

İslam həmrəyliyinin güclənməsi zamanın çağırışıdır

Məqalədə Azərbaycanda İslam dəyərlərinin, həmçinin İslam mədəniyyət nümunələrinin mühafizəsi, eyni zamanda İslam həmrəylinin təmini istiqamətində həyata keçirdiyi tədbirlər Azərbaycan prezidentinin “OİC Journal” jurnalına istinadla, ətraflı izah edilmişdir. Bildirilmişdir ki, Bibiheybət, Təzəpir, İçəriçəhər, Cuma, Müqəddəs Məhəmməd, Əjdərbəy, Şamaxı Cuma, Gəncə İmamzadə məscidləri, Naxçıvandakı Əshabi-Kəhf ziyarətgahı kimi İslam abidələrinin qorunmuş, müstəqilliyini qazandıqdan sonra ölkədə minlərlə məscid tikilmişdir. Azərbaycan ilk səfirliklərini müsəlman ölkələrində açmış, bu gün də İslam dünyasını birləşdirən İƏT və İSESCO təşkilatlarının işində fəal iştirak etməkdədir. İslam ölkələri Azərbaycanın 2012-ci ildə BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsində həlledici rol oynamışdır. İƏT Ermənistanın Azərbaycana qarşı təcavüzünü birmənalı məhkum edən təşkilat olmuşdur. Pakistan və S. Ərəbistanı Ermənistanı dövlət kimi tanımamış, Türkiyə isə onunla diplomatik əlaqələr qurmaqdan imtina etmişdir. Azərbaycan Prezidentinin sərəncamı ilə 2017-ci il “İslam Həmrəyliyi İli” elan edilmişdir. 2017-ci ilin mayında Bakıda 54 İslam ölkəsinin atletlərinin iştirakı ilə 4-cü İslam Həmrəyliyi oyunları keçirilmişdir. Məqalədə qeyd olunmuşdur ki, İƏT və Avropa Şurasının üzvü kimi Azərbaycan Qərblə İslam dünyası arasında mədəniyyətlərarası dialoqun təsisinə öz töhfəsini vermək əzmindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə