Mətbuat azadlığının nəticələri – ANALİZ (Layihə)

Azərbaycan mətbuatı 135 illik şərəfli tarixə və ənənələrə maikdir. Bu tarixi müxtəlif dövrlərə bölmək olar və hər bir dövrü də spesifik xüsusiyyətləri ilə səciyyələndirmək olar. Hazırda mətbuatımız özünün ön ziddiyyətli dövrünü yaşayır. Belə ki, ölkədə müstəqil mətbuatın, jurnalist azadlığının təmin edilməsi üçün hər cür şərait var. Di gəl ki, bir para araqarışdıranlar iddia edirlər ki, Azərbaycanda mətbuatın normal fəaliyyəti üçün şərait yoxmuş. Lakin faktlar bunun əksini göstərir...

Son vaxtlar müxalifət mətbuatında ölkədə mətbuat azadlığının olmaması haqda qərəzli yazıların sayı artıb. Bu cür yazıların müəllifi öz cızmaqaralarında dövləti, hakimiyyəti, xalqı təhqir edir, yazının sonunda da şikayətlənirlər ki, jurnalistlərə azad fikir səsləndirməyə imkan verilmir, mətbuata təzyiqlər var-filan. Elə bu yazıların özü ölkədə azad mətbuatın olduğunu göstərir.

Adama deyərlər ki, bəs mətbuat azadlığı, söz azadlığı yoxdursa, uzun illərdir siz necə ağlınıza və ağzınıza gələni yazırsınız, kimi istəsəniz təhqir edirsiniz? 9 milyon əhalisi olan ölkədə 4 mindən artıq kütləvi informasiya vasitəsi qeydiyyatdan keçib, kim necə istəyir qəzet-jurnal buraxır, kimin ağlına nə gəldi yazır, bəs bunlar mətbuat azadlığı deyil nədir?

Bəzi qəzetləri bircə dəfə nəzərdən keçirmək kifayətdir ki, onların qərəz və böhtan sindromundan əziyyət çəkdiklərinin başa düşəsən. Bu qəzetlərin səhifələrində yalnız kiçik nöqsanların şişirdilməsi, dövlət məmurlarının təhqir və tənqidi, xalqın "acından ölməsi", sosial problemlərin "partlayış" həddinə gəlib çatması kimi böhtanlar yer alır. Bu tip mətbuat vasitələrinin manşetləri bir qayda olaraq ancaq qan, ölüm, qırğın, ittiham, təhqir və söyüş dolu başlıqlardan ibarətdir.

Xarici ölkədə yaşayan (təbii ki Azərbaycandakı reallıqdan xəbəri olmayan) adam bunları oxuyanda pessimizmə qapılaraq düşünür ki, ey dili-qafil bu ölkə cəhənnəm imiş ki… Ölkə vətəndaşı isə, real durumu gördüyündən bu cür yazıların məqsədli və qərəzli xarakter daşıdığını gözəl anlayır. Bəlkə, elə buna görə get-gedə belə qəzetlərin tirajı azalır. Mətbuatın tirajının nədən aşağı düşməsinin səbəblərini axtaranlar məsələyə bu kontekstdən baxmalıdırlar- bu, oxucu etirazıdır.

Adamlar onların hissləri ilə oynanılmasını sevmirlər, öz dövlətlərinin, seçdikləri rəhbərlərinin təhqir olunmasına, milli maraqların, dövlət mənafeyinin tapdanmasına dözmək fikrində deyillər. Məhz bu səbəbdən həmin qəzet-jurnalların tirajı sürətlə aşağı düşür. Oxucuların istədikləri müxalifət qəzetlərini almasına ki qadağa qoyulmayıb. Bəlkə qəzet köşklərində ancaq rəsmi qəzetlər satılır?

Müxalifət mətbuatının yazdığına görə, guya xalqın sosial durumu çox ağırdır. Belə iddialarda bulunan adını jurnalist qoymuş adamın qolundan tutub ölkə ərazisində bir qədər gəzdirmək pis olmazdı. Onda görərdi ki, "yoxsul ölkədə bahalı avtomobil əlindən tərpənmək olmur, saysız-hesabsız kafe-restoranlar, əyləncə və istirahət mərkəzləri ağzınadək müştəri ilə doludur, ticarət mərkəzlərində şıdırğı alver gedir, istirahət və əyləncə mərkəzləri adamla doludur, işçı axtarılan elanların sayı-hesabı yoxdur, ölkə böyük bir tikinti meydanına dönüb, əksəriyyət bahalı paltarlar geyinir, ən son model bahalı mobil telefonlar gəzdirir… və s. Yoxsul ölkə beləmi olur "jurnalist" qardaşım? Əgər sən həqiqi yoxsul ölkə görmək istəyirsənsə, onda bir zəhmət get Ermənistana gör orda necədir.

Bəzən müəlliflər bir qədər də qabağa gedərək bütün milləti və ya xalqın böyük bir qrupunu təhqir edirlər. Məsələn, mitinqə, nümayişə çıxmayan xalqı kölə, məzlum, bədbəxt və burada qələmə ala bilməyəcəyim (jurnalist etikam buna imkan vermir) daha ağır sözlərlə təhqir edirlər. Bax bu artıq ultra azadlıqdır! Bundan o yana "söz" azadlığı olmur!

Ölkə mətbuatını izləyəndə görməmək mümkün deyil ki, Azərbaycanda tam bir mətbuat azadlığı var. Əgər olmasaydı, bu qədər qərəzli jurnalist, bu qədər müxalifət qəzetləri, bu qədər pessimist ruhda və təhqir dolu yazılar olmazdı. Ölkədə elə bir məmur yoxdur ki, mətbuatda təhqir və ya tənqid olunmasın. Kimin kefi nə istəyir və necə istəyir elə də yazır. Bu gün sözügedən mətbuat cəmiyyətin üzərinə fasiləsiz olaraq mənfi enerji yükləməklə məşğuldur. Bütün bu hallar sonda mətbuatın, jurnalistikanın nüfuzuna xələl gətirir, medianın "4-cü hakimiyyət" statusunun itirilməsini şərtləndirir.

Çox təəssüf ki, bir neçə qəzetin və jurnalistin Azərbaycandakı mətbuat azadlığından ifrat istifadəsi medainın imicinə xələl gətirir.

Qeyd: Yazı Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun "Azərbaycan Respublikasında söz və mətbuat azadlığına dair ictimai maariflənmənin təmin edilməsi sahəsində kütləvi informasiya vasitələrinin rolunun artırılması" layihəsi çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə