Aprel döyüşləri şəhidi Orxan Əliyevin xatirəsi anılıb

Aprel döyüşlərində şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi respublikamızın bütün bölgələrində keçirilən anım mərasimləri ilə yad edilir. Aprelin 3-də aprel döyüşləri şəhidi Orxan Əliyevin xatirəsi anılıb. Anım mərasimi şəhidimizin doğulub boya-başa çatdığı Qazax rayonunun Aslanbəyli kəndində təşkil olunub. Əvvəlcə şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.

Rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov mərasimdə çıxış edərək aprel döyüşlərində erməni işğalçılarının cəbhədə törətdikləri təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən və qazanılan mühüm qələbənin əhəmiyyətindən danışıb. Bildirib ki, dörd günlük döyüşdə düşmən Ordumuzun hərbi qüdrəti qarşısında vahiməyə düşdü. İşğalçı ermənilər bir daha əmin oldular ki, Azərbaycanın güclü ordusu var və Azərbaycan əsgəri qələbə qazanmaq əzmindədir. Azərbaycan xalqı öz torpaqlarını heç vaxt güzəştə getməyəcək. Aprel döyüşləri Azərbaycan Silahlı Qüvvələrinin hərbi qüdrətini nəinki Ermənistana, bütün dünyaya bir daha nümayiş etdirdi. Dünya Azərbaycan Ordusunun bu döyüşlərdə yüksək peşəkarlıq, qəhrəmanlıq göstərdiyinin şahidi oldu. Aprel döyüşləri Ermənistan ordusunun "yenilməzliyi", "hərbi qüdrəti" haqqında düşmənin yaydığı mifə ciddi zərbə vurdu, erməni ictimaiyyətini kökündən sarsıtdı.

Qarabağ qazisi Kamil Musavi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin rəisi, polkovnik-leytenant Vüqar Mirzəyev, kənd ağsaqqalı Omar Mustafayev və başqaları çıxış edərək şəhid Orxan Əliyevin göstərdiyi qəhrəmanlıqdan, ordumuzun cəbhədəki uğurlarından söz açıblar. Çıxışlarda Azərbaycan Ordusunun qüdrətindən, gənclərimizin Vətən sevgisindən, əsgərlərimizin döyüşlərdə göstərdikləri şücaətdən, Silahlı Qüvvələrimizin gücündən, xalq-ordu birliyinin sarsılmazlığından danışılıb. Qeyd edilib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimiz kimi Orxan Əliyevin də əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.

Sonra məktəblilər Vətənə, şəhidlərimizə həsr olunan şeirlər söyləyiblər.

Daha sonra şəhidin ata evində ehsan süfrəsi açılıb.

Xatırladaq ki, Əliyev Orxan Məhəmməd oğlu ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif olunub. Şəhərin mərkəzində şəhidin xatirəsini əbədiləşdirən bulaq-abidə kompleksi inşa edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...