Hündür ərazilərdə avtomobillərin sürüşmə ehtimalı artıb AÇIQLAMA

Hündür ərazilərdə avtomobillərin sürüşmə ehtimalı artıb AÇIQLAMA

"Qarlı hava şəraiti ilə əlaqədar hazırda paytaxtın hündür ərazilərində avtomobillərin sürüşmə ehtimalı artıb. Xüsusilə, 3-cü kənar dairəvi yol üzrə avtomobillərin hərəkətində çətinlik yaranıb". Bunu SİA-ya açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib.

O qeyd edib ki, hazırda 20 Yanvar dairəsi kimi tanınan və hündür ərazilərdə yerləşən körpülərin üzərlərində sürücülərin çox ehtiyyatla avtomobil sürməsi uzunmüddətli sıxlığa səbəb olub: "Hazırda Tbilisi prospektində belə vəziyyət müşahidə olunur. Avtomobil satışı bazarı kimi tanınan ərazi, 3-cü kənar dairəvi yol, 20 Yanvar ərazisi, Yasamal rayonunun hündür əraziləri, Günəşli qəsəbəsi, Mikayıl Müşviq, Əbdürrəhim bəy Haqverdiyev küçələri, enişli-yoxuşlu yollar, sərt döngələr və paytaxt ərazisindəki bəzi körpülərinin üzərində artıq hərəkət zamanı avtomobillərin sürüşmə ehtimalı yaranıb. Sürücülərə, avtomobil sahiblərinə müraciət edərək ictimai nəqliyyat vasitələrindən istifadə etməyi tövsiyə edirəm. Avtomobillərin sürət həddi minumuma endirilməli, mövsümi təkərlərdən istifadə edilməli, təkərlərin təzyiqləri standartlara uyğun olmalı, hava şəraitindən asılı olmayaraq dövlət nömrə nişanları görünməli, işıq cihazları təmiz saxlanılmalıdır".

"Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə hazırda heç bir problem olmadığını bildirib: "Vəziyyət normaldır, yollar hələ ki, qurudur. Qar və ya yağış səbəbindən yaranacaq problemləri aradan qaldırmaq üçün bütün texnika və avadanlıqlarımız hazır vəziyyətdədir".

Bütün xəbərlər Facebook səhifəmizdə