AHİK bir qrup tələbəni mükafatlandırdı

AHİK bir qrup tələbəni mükafatlandırdı

2015-2016-cı tədris ilinin yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə adlı təqaüdün verilməsi və beynəlxalq səviyyəli tədbirlərdə qalib gəlmiş bir qrupun mükafatlandırılması mərasimi baş tutub. SİA-nın verdiyi xəbərə görə, bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının kiçik zalında Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdlərinin və 2015-ci ildə beynəlxalq tədbirlərdə uğur qazanan bir qrup tələbəyə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Fəxri Fərman və pul mükafatlarının təqdim edilmə mərasimi keçirilib.

Mərasimdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev ölkə başçısının Azərbaycan gəncliyinə göstərdiyi xüsusi diqqət və qayğıya uyğun olaraq öz yüksək intellektinə, qazandığı uğurlara, Azərbaycanı beynəlxalq aləmdə layiqli təmsil etməsinə görə hər il bir qrup tələbəyə AHİK tərəfindən mükafatlar verildiyini deyib: "Biz bundan sonra da fərqlənən tələbələri qiymətləndirəcəyik. Eyni zamanda gənclərimizin sağlam ruhla bərabər sağlam bədənə sahib olmalarını təbliğ etmək üçün idman yarışlarımız da davam etdiriləcək".

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdü 1995-ci ildə təsis edilib. Təqaüd qış və yay imtahan sessiyalarının nəticələrinə görə əla və yaxşı qiymətlərlə oxuyan həmkarlar ittifaqı fəalı olan tələbələrə verilir. 20 ali məktəbin 61 nəfər tələbəsi, eyni zamanda 2015-ci ildə beynəlxalq səviyyəli musiqi, incəsənət, idman və elmi müsabiqələrdə iştirak edərək yüksək nailiyyət qazanan bir qrup tələbə də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Fəxri Fərmanı və pul mükafatına layiq görülüblər. İndiyə kimi 1907 tələbə bu ada layiq görülüb. Həmin tələbələr Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı Musiqi Akademiyası və Azərbaycan Milli Konservatoriyasında təhsil alırlar.

Tədbirin sonunda ümumilikdə fərqlənən 87 tələbəyə AHİK sədri, millət vəkili Səttar Mehbalıyev tərəfindən mükafatlar təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə