Qəzvin-Rəşt-Astara dəmir yolu ilə bağlı plan hazırlıqları gedir AÇIQLAMA

Qəzvin-Rəşt-Astara dəmir yolu ilə bağlı plan hazırlıqları gedir AÇIQLAMA

"Qəzvin-Rəşt-Astara dəmir yolu layihəsi ilə bağlı hər iki dövlət arasında qarşılıqlı öhdəliklər nəzərdə tutulub". Bu sözləri SİA-ya açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.

O, hazırda layihəsi planlaşdırılan "Qəzvin-Rəşt-Astara dəmir yolu haqqında məlumat verib. Nadir Əzməmmədovun sözlərinə görə, layihə ilə bağlı hər iki dövlət arasında qarşılıqlı müzakirələr aparılıb və qarşılıqlı öhdəliklər qəbul olunub: "İranla Azərbaycan Astara çayı ayırır. Buna görə də layihənin planı nəzdində Astara çayı üzərində körpü salınacaq və dəmir yolu bu körpünün üstündən aparılacaq".

O bildirib ki, Azərbaycandan sərhədə qədər çəkiləcək dəmir yolunun uzunluğu 8.3 kilometrə bərabər olacaq: "Burada İrana daha çox iş düşür. Hazırda İran tərəfi layihənin maliyyələşdirilməsi üzrə fikir mübadiləsi aparır".

Qeyd edək ki, layihənin yaxınlarda həyata keçirilməsi planlaşdırılır.

İqtisadçı Natiq Cəfərlinin fikrincə bu çox maraqlı layihələrdən biridir, çünki bu qatar birbaşa Fars körfəzinə çıxacaq və yükün Rəşt limanından sonra Rusiyaya daşınması mühüm rol oynaya bilər: "Rusiya-İran xəttində Azərbaycanın da tranzit rol oynaması ölkədə ticarət dövriyyəsinin artması, əlavə tranzit dividentləri və qazancları gətirə bilər. Yaxında İranın üzərindən sanksiyalar götürüləcək və onun ticarət dövriyyəsi yaxın 5 ildə 2-3 dəfə artacaq. Beləliklə İran çox ciddi iqtisadi yüksəlişə keçəcək və digər dövlətlərin də İrana marağı artacaq. Bununla da Azərbaycan tranzit dövlət kimi yükün daşınmasında logistik funksiya rolunu oynaya bilər. Lakin layihə ilə bağlı gecikmək olmaz. Burada böyük bir xərc də tələb olunmur. Bu layihədən çox böyük dividentlər gözlənilir".

Bütün xəbərlər Facebook səhifəmizdə